525.Az

35 mindən artıq abituriyent ixtisas seçimi ərizəsini təsdiqlədi


 

35 mindən artıq abituriyent ixtisas seçimi ərizəsini təsdiqlədi<b style="color:red"></b>

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən (DIM) verilən xəbərə görə, avqustun 9-u saat 10.30-a olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 10732, II ixtisas qrupu üzrə 7981, III ixtisas qrupu üzrə 9240, IV ixtisas qrupu üzrə 2765 nəfər ərizəsini təsdiq edib. I ixtisas qrupu rus bölməsi üzrə 1072, II ixtisas qrupu üzrə 863, III ixtisas qrupu üzrə 745, IV ixtisas qrupu üzrə isə 276 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 2257 nəfərdir. Ümumilikdə 5 ixtisas qrupu üzrə 35765 nəfər ərizəsini təsdiq edib.

Məlumata görə, ixtisas seçimi avqustun 13-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları "Abituriyent" jurnalının 4-cü nömrəsindən seçib onların kodlarını DİM-in saytının müvafiq səhifəsində "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-dək ixtisas kodunu qeyd edə bilərlər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər. Həmçinin, I-IV ixtisas qruplarından iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Eyni ixtisas qrupu (I-IV qruplardan biri) üzrə iki dəfə imtahan verən abituriyentlər isə müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini seçməlidirlər.

Qeyd edək ki, V ixtisas qrupu üzrə ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunuərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını və ardıcıllığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir.

Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

S.QARAYEVA

 





10.08.2018    çap et  çap et