525.Az

Azərbaycan Ümumdünya İrs Komitəsinin sessiyasına uğurlu ev sahibliyi edəcək


 

BELƏ BİR MÖTƏBƏR TƏDBİRİN ÖLKƏMİZDƏ KEÇİRİLMƏSİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN DÜNYADA TƏBLİĞİ BAXIMINDAN DAHA BİR FÜRSƏTDİR

Azərbaycan Ümumdünya İrs Komitəsinin sessiyasına uğurlu ev sahibliyi edəcək <b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu il 30 iyun-10 iyul tarixində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti 43-cü sessiyasına ev sahibliyi etmək hüququ əldə edib Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Onu da xatırladaq ki, Azərbaycan 1992-ci ilin iyunundan UNESCO-ya üzv qəbul olunub.1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə Azərbaycanın əlaqələri genişlənməkdədir. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident, birinci ledi Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məhz bundan sonra bu təşkilatla Azərbaycan arasında əlaqələr daha da inkişaf etməyə başlayıb.

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsi məsələsinə münasibət bildirən Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov YUNESKO-nun Ümumdünya İrs Komitəsinin  adıçəkilən qurumun 43-cü sessiyasının  Bakı şəhərində keçirilməsi  barədə qərarını və bununla bağlı dövlət başçısının son sərəncamını çox yüksək qiymətləndirib. O qeyd edib ki, belə bir qərarın verilməsi YUNESKO kimi mötəbər bir qurumun Azərbaycana etibarının və etimadının ifadəsidir, eyni zamanda, dövlət başçısının məlum sərəncamı Azərbaycanın bütün beynəlxalq qurumlara əməkdaşlığa, tərəfdaşlığa necə böyük önəm verməsinin əyani nümunəsidir. Komitə sədrinin dediyinə görə, YUNESKO ilə əlaqələrin, münasibətlərin inkişafında ölkənin birinci vitse-prezidenti, həmin qurumun, eləcə də, İSESKO-nun xoşməramlı səfiri M. Əliyevanın xidmətləri, zəhmətləri əvəzsizdir, müstəsnadır: “Məhz bu qurumla yüksək əməkdaşlıq sayəsində 2008-ci ildə muğam, 2009-cu ildə aşıq sənəti və milli bayramımız olan Novruz Bayramı,  2010-cu ildə xalça toxuculuğu ənənəvi sənəti, 2012-ci ildə Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı, 2013-cü ildə Çövqan oyunu, 2014-cü ildə kəlağayı, 2015-ci ildə Lahıc misgərlik sənəti,  2016-cı ildə lavaş, 2017-ci ildə isə dolma və kamança Qeyri-maddi Mədəni İrs siyahısına salınıb. Bunlar böyük uğurlardır. Çünki bir çoxları, o cümlədən, məkrli qonşularımız illərdir az qala bu sənət, mədəniyyət, milli mətbəx nümunələrimizi öz adlarını çıxırdılar. Ancaq Azərbaycan dövlətinin, o cümlədən, birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti, misilsiz xidmətləri nəticəsində erməni yalanları ifşa edildi, puça çıxarıldı və ədalət bərpa olundu. Dünya gördü və bildi ki, əsl həqiqət necədir və kimin tərəfindədir”. Millət vəkili bildirib ki, indi belə bir toplantının Azərbaycanda keçirilməsi vaxtında, zamanında atılan addımdır və ölkəmizə verilən növbəti dəyərdir.

Adıçəkilən komitənin üzvü, akademik Gövhər Baxşəliyeva da həm belə bir tədbirin Azərbaycanda keçirilmə qərarının verilməsinin, həm də ölkə prezidentinin bu məsələ ilə bağlı sərəncamının çox təqdirəlayiq olduğunu, hər kəs tərəfindən alqışlandığını bildirib:   “Azərbaycan son 25 ildə, o cümlədən, ölkə prezidenti İlham Əliyevin 15 illik hakimiyyəti dövründə çox böyük inkişaf yolu keçib. Ölkəmiz dünyanın lider dövlətlərindən birinə çevrilib. Azərbaycan dünyanın həm milli, həm dini tolerantlıq məkanı, həm də siyasi, iqtisadi, humanitar dialoq mərkəzidir. Ölkəmiz bu illər ərzində dünyanın bir çox nüfuzlu humatinar, siyasi, iqtisadi forumlarına, musiqi və idman yarışlarına uğurlu və layiqli ev sahibliyi edib. Təbii ki, bu işlərdə, bu məsələlərdə də ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva müstəsna rol oynayıblar. Onların xidmətləri əvəzsizdir. Məhz onların yüksək təşkilatçılıq, idarəçilik keyfiyyətləri sayəsində bunlara nail olunub. İndi YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi ilə bağlı məlum sərəncamın imzalanması da məhz bu addımların məntiqi davamı və tərkib hissəsidir. Hesab edirəm ki, Azərbaycan bu nüfuzlu təbirə də yüksək səviyyədə evsahibliyi edəcək, özünün dünyadakı yerini və nüfuzunu bir qədər də artıracaq, gücləndirəcək. Hesab edirəm ki, 43-cü sessiyanın ölkəmizdə keçirilməsi Azərbaycanın uğuru ilə yanaşı, Azərbaycan həqiqətlərinin bir daha dünyaya nümayişi olacaq”.

Kamil HƏMZƏOĞLU

 





10.08.2018    çap et  çap et