525.Az

DOST Agentliyi vətəndaşlara hansı xidmətləri göstərəcək?


 

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ: “DOST MƏRKƏZLƏRİNDƏ XİDMƏTLƏR “BİR PƏNCƏRƏ”DƏN OPERATİV, ŞƏFFAF VƏ NƏZAKƏTLİ, VƏTƏNDAŞ RAHATLIĞI PRİNSİPİ ƏSASINDA TƏQDİM OLUNACAQ”

<b style="color:red">DOST Agentliyi vətəndaşlara hansı xidmətləri göstərəcək?</b>

Avqustun 9-da prezident İlham Əliyevin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradılması qərara alınıb. Dövlət başçısının “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncamla isə DOST Agentliyinin fəaliyyətinin təşkili, “DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə prezidentin ehtiyyat fondundan sözügedən nazirliyə 2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda qeyd olunub ki, ölkə əhalisinə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin innovativ həllərin tətbiqi şəraitində əsaslı şəkildə yüksəldilməsində növbəti mühüm irəliləyişə yol açır.

Bildirilib ki, dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb. Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin mütərəqqi beynəlxalq təcrübələrə və innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır.

Qeyd olunub ki, sözügedən fərman bu istiqamətdə mühüm innovativ yeniliyə yol açır. Fərman DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzlərinin yaradılması vasitəsilə dövlət xidmətlərinin geniş bir spektrinin - əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər müvafiq sahələr üzrə xidmətlər sisteminin “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunmasına, xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə imkan verir.

Fərmana əsasən, yaradılacaq DOST Agentliyinin nizamnaməsinin və strukturunun layihəsinin, agentliyin nizamnamə fondunun miqdarı və işçilərinin say həddi ilə bağlı təkliflərin, DOST mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin DOST mərkəzlərində göstərilmə qaydasının layihəsinin, DOST Agentliyinin və onun strukturuna daxil olan DOST mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasının təmin edilərək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə həvalə olunub.

Həmçinin, məlumatda bildirilib ki, DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzlərinin yaradılması birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial sahə ilə bağlı həyata keçirdiyi mühüm fəaliyyətinin növbəti uğurlu davamıdır. Ölkədə aparılan sosial siyasətin icrasına, sosial məsələlərin həllinə, xüsusi qayğıya ehtiyac duyan insanların sosial müdafiə və reabilitasiya xidmətləri ilə təminatına, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin müasir innovasiyaların tətbiqi şəraitində tam şəffaf müstəvidə və sosial cəhətdən həssas əhali qruplarına əlçatan səviyyədə qurulmasına daha bir töhfəsidir.

C.ABASOV

 





10.08.2018    çap et  çap et