525.Az

Nəqliyyat sektorunun inkişafında növbəti addım


 

“DÖVLƏT BAŞÇISININ BAKIDA AVTOBUS PARKININ YENİLƏNMƏSİ HAQQINDA SƏRƏNCAMI BU İSTİQAMƏTDƏ İŞLƏRİN DAVAM ETDİRİLMƏSİ BAXIMINDAN OLDUQCA ƏHƏMİYYƏTLİDİR”

<b style="color:red">Nəqliyyat sektorunun inkişafında növbəti addım</b>

Son illər Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində atılan addımlar həm sərnişinlərə daha keyfiyyətli xidmətin göstərilməsi, həm də ölkənin tranzit imkanlarının daha da müasirləşdirilməsi, minik vasitələrindən tam təhlükəsiz və rahat istifadə şəraitinin yaradılmasına gətirib çıxarıb.

Görülən işlər təkcə ictimai nəqliyyatda ölkə vətəndaşları və xarici qonaqların keyfiyyətli daşınma xidmətinin təmin edilməsinə deyil, eləcə də yükdaşıma sahəsində Azərbaycanı dünyada etibarlı tranzit ölkə kimi tanınmasına imkan verib.

Xüsusilə, Prezident İlham Əliyev avqustun 8-də Bakıda avtobus parkının yenilənməsi haqqında imzaladığı sərəncam bu sahədə fəaliyyətin sistemli və ardıcıl olaraq davam etdiyini, ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün infrastruktur tədbirlərinin daim diqqət mərkəzində olduğunu deməyə əsas verir. Sərəncama əsasən, 300 ədəd sərnişin avtobusunun alınması üçün Bakı Nəqliyyat Agentliyinə ilkin olaraq 47 milyon 924 min manat vəsait ayrılacaq ki, son 3 ildə orta və iri tutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobusun alınaraq Bakının marşrut şəbəkəsində istismara buraxıldığını nəzərə alsaq, sözügedən sənədin icrası nəticəsində paytaxtın ictimai nəqliyyat sektorunda sərnişindaşıma vasitələrinin sayının 600-ə çatdırılmasıyla ciddi keyfiyyət dəyişikliyinin baş verəcəyi gözlənilir.

Məsələ ilə bağlı fikirlərini bildirən  Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev qeyd edib ki, yeni avtobusların alınıb gətirilməsi bütün marşrut şəbəkəsi üzrə avtobuslar yenilənənədək davam edəcək. O, “Azərtac”a bildirib ki, “Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında” Azərbaycan prezidentinin 2018-ci il 8 avqust tarixli sərəncamı ilk olaraq dövlətin vətəndaşa olan xüsusi diqqət və qayğısının növbəti təzahürü kimi dəyərləndirilməlidir: “Sərəncamda vurğulandığı kimi, Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir. Son 3 ildə orta və iri tutumlu 300-dən çox müasir sərnişindaşıyan avtobus alınaraq Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Dövlət başçısının müvafiq sərəncamı bu istiqamətdə işlərin davam etdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Təbii ki, bu, Bakı Nəqliyyat Agentliyinin avtobus parkının yenilənməsi ilə bağlı başladığı işlərini daha da sürətləndirəcək”.

M.Ağayev qeyd edib ki, iyunun 21-də müasir sərnişin avtobuslarının alınması ilə bağlı tender elan edilib. Tenderin nəticələrinə uyğun olaraq sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımdan müəyyən edilən tələblərə cavab verən müasir və komfortlu avtobusların alınaraq paytaxtımıza gətirilməsi təmin ediləcək və həmin nəqliyyat vasitələri qanunvericiliyin tələbinə uyğun müsabiqə yolu ilə marşrut xətləri üzrə istismara buraxılacaq: “Bakı Nəqliyyat Agentliyi bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərar qəbul edib. Əlbəttə ki, müsabiqəyə ilk olaraq sərnişinlərin daha çox narazılığına səbəb olan, fəaliyyətini sərnişindaşıma tələblərinə uyğun qurmayan, işində ciddi nöqsanlara yol verən, müasir avtobus parkına və peşəkar sürücü heyətinə sahib olmayan daşıyıcıların istismarında olan xətlər çıxarılacaq”.

“Beləliklə, işinə məsuliyyətsiz yanaşan, sərnişindaşıma sektorunun inkişafına sərmayə yatırmayan, bu sahəyə yalnız gəlir mənbəyi kimi baxan, sosial məsuliyyətlərini unudan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Əvvəllər də açıqladığımız kimi, bu gün Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların 50 faizdən çoxu istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Xüsusən də, ətraf kənd və qəsəbələr istiqamətində olan sərnişin avtobusları texniki baxımdan köhnəldiyindən tələblərə cavab vermir. Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq bəzi daşıyıcılar tərəfindən minə yaxın avtobus əsaslı təmir edilərək xəttə buraxılıb. Buna baxmayaraq sərnişindaşıma sahəsində mövcud vəziyyət sərnişinlərimiz kimi bizi də narahat edir”, - deyə M.Ağayev vurğulayıb.

Onun sözlərinə görə, ölkə başçısının müvafiq sərəncamı bu kimi narahatlıqların aradan qaldırılması baxımında qeyd edildiyi kimi, mühüm əhəmiyyət kəsb edir. Yeni avtobusların alınıb gətirilməsi və marşrut xətləri üzrə istismara verilməsi prosesi təkcə bununla yekunlaşmayacaq və bütün marşrut şəbəkəsi üzrə avtobuslar yenilənədək davam edəcək: “Gətiriləcək yeni nəqliyyat vasitələrinin idarə edilməsi Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində təlim keçən peşəkar sürücülər tərəfindən həyata keçiriləcək. Bunun üçün də zəruri olan tədbirlər görülməkdədir. Bir avtobusun idarə edilməsi üçün iki nəfər sürücüyə ehtiyac olduğunu nəzərə alsaq dövlət başçısının müvafiq sərəncamı yeni iş yerlərinin açılması baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir. Vətəndaşa yüksək keyfiyyətli nəqliyyat xidmətlərinin, o cümlədən, sərnişindaşıma xidmətinin göstərilməsi ölkə başçısı tərəfindən qarşımıza əsas tapşırıq olaraq qoyulub. Bakı Nəqliyyat Agentliyi də səlahiyyətlərinin icrası zamanı vətəndaşa xidmət amilini hər zaman prioritet hesab edir”.

Paytaxtın ictimai nəqliyyatında xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görlüən işlərlə yanaşı, ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi yönündə həyata keçirilən layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşması, Rəşt-Astara dərmi yolu xəttinin inşası istiqamətində işlərin sürətlə davam etdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanın yenidən qurulması həm “Şimal-Cənub”, həm də “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsiylə nəticələnib ki, bu da Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Həyata keçirilən məqsədyönlü tədbirlər beynəlxalq nəqliyyat sferasında diqqətləri Azərbaycanın üzərində cəmləşdirib və bu, son nəticədə Qədim İpək Yolunun bərpasında dövlətimizin qarşısına qoyduğu strateji və iqtisadi hədəflərə, o cümlədən, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən siyasətə tam mütənasibdir. Təsadüfi deyil ki, 2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25 milyon 675,5 min ton olub. Yük dövriyyəsi isə 5 milyard 525,7 milyon ton-km olub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz və 2,6 faiz artım müşahidə olunub.

Yüklərin 15 milyon 932,1 min tonu və ya 62,1 faizi avtomobil nəqliyyatı, 6 milyon 084,9 min tonu və ya 23,7 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 658,5 min tonu və ya 14,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,3 faizini və ya 4 milyon 947,2 min tonunu tranzit yüklər təşkil edib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə isə 2018-ci ilin birinci yarımilində yükaşırmanın həcmi 2 milyon tona çatıb. Ümumi yükaşırmanın 86 faizi tranzit yüklərin payına düşüb. Hesabat dövrü ərzində ən çox artım konteyner aşırılmasında qeydə alınıb. 2018-ci ilin birinci yarımilində TEU ekvivalentində 10746 ədəd konteyner aşırılması qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 faiz artım deməkdir.

Sərnişin daşımasında isə 37 faiz artım müşayiət olunub. Cari ilin yarımilində 19 965 sərnişin Bakı Limanının imkanlarından istifadə edib. Onlardan 16 526 sərnişin (82.8 faiz) Türkmənistan, 3 439 sərnişin (17.2 faiz) isə Qazaxıstan və əks istiqamətdə səfərlər ediblər.

Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 1 faizə yaxın artaraq 21 960 ədədə çatıb. Vaqonların 9409-i (42.8 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 161 vaqon (0.8 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 12 390 vaqon (56.4 faiz) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.

Hesabat dövrü ərzində Bakı Limanından istifadə edən irihəcmli nəqliyyat vasitələrinin sayı 9 512 ədədə çatıb. Bunlardan 5 353 ədədi (56.3 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqaməti, 4 047 ədədi (42.5 faiz) Bakı-Aktau-Bakı istiqaməti, 112 ədədi (1.2 faiz) isə Bakı-Kurik-Bakı istiqaməti üzrə hərəkət edib.

Cari ilin birinci 6 ayında neft terminalında xam neft və neft məhsullarının aşırılması 30 faiz artaraq 280 min tona çatıb.

Ceyhun ABASOV

 





10.08.2018    çap et  çap et