525.Az

Jurnalist Ekspert Mərkəzi Esmira Qasımovanın müdafiəsinə qalxdı


 

Jurnalist Ekspert Mərkəzi Esmira Qasımovanın müdafiəsinə qalxdı<b style="color:red"></b>

Ceyhun Musaoğlu: “Prezidentin Azərbaycan jurnalistikası üçün gördüyü işlərə kölgə salmamaq üçün İTV rəhbərliyi jurnalistə təzyiqlə son qoymalıdı” 

İTV-nin aparıcısı  Esmira Qasımovaya qarşı telekanal rəhbərliyi tərəfindən ona təzyiqlərə Jurnalist Ekspert Mərkəzi (JEM) etiraz edir.  Artıq JEM İTV-nin baş direktoru Cəmil Quliyevə bu təzyiqlərə son qoyulması xahişi ilə müraciət də ünvanlayıb.

JEM sədri Ceyhun Musaoğlunun saytımıza verdiyi açıqlamaya görə, jurnalistə qarşı sosial şəbəkəyə istinadən ittiham irəli sürmək absurddur: “Tanınmış televiziya jurnalisti Esmira Qasımovanın açıqlamasını oxuyandan sonra bir daha məlum oldu ki, İTV rəhbərliyinin tutduğu mövqe yanlışdı. Esmira xanım açıqlamasında deyir ki, məzuniyyətdə olduğum dövrdə tanımadığım bir profil tərəfindən prezidentin kollajına tag edilməyim ucbatından ciddi siyasi təpkilərə məruz qalıb. Bəyənmədiyim, hətta şərh belə yazmadığım bu kollajı  yayan profil sahibini dərhal blok edərək işarələnmədən çıxarıb. Amma buna baxmayaraq iyulun 9-dan etibarən hər gün işdən könüllü getməyimlə bağlı ərizə istənilir. Əksinə olmalıydı, ölkənin birinci şəxsinə qarşı çirkin hərəkət müəllifini bloka saldığına görə, jurnalistə minnətdarlıq düşürdü. Kiməsə qarşı mədəniyyətsiz davranış nümayiş etdirmək olmaz. Ölkənin birinci şəxsinə qarşı isə heç olmaz. Esmira xanım çox sağolsun ki, həmin mədəniyyətsiz davranış sahibini iqnor edib”.

C.Musaoğlu deyir ki, xüsusən də seçki ilində, beynəlxalq təşkilatların diqqət mərkəzində olan İTV-də belə hadisənin yaşanması ölkənin imicinə ciddi ziyandı. JEM sədri Cəmil Quliyevə ünvanladığı müraciətdə də məhz bu məqama diqqət çəkib: “Bildiyiniz kimi, sosial şəbəkələr azad informasiya məkanıdır. Bəzən bu şəbəkələrdən istifadə edənlər özləri bilməyərəkdən xoşagəlməz situasiya ilə üzləşə bilərlər. Məsələn, “Facebook” sosial şəbəkəsində dostluğumda olan kimsə hər-hansı bir şəkildə məni işarələyə bilər və bu səhifəmdə görünər. Əlbəttə profilimə düşən bu şəkli bəyənmədiyim üçün silirəm, ancaq internetdə olmadığım müddətdə həmin şəkil mənim səhifəmdə qalır.  Hər kəsin dostluğunda fəaliyyətini qəbul etmədiyi insanların olması təbiidir. Adamları seçmək üçün illər lazımdır. Sosial şəbəkələrdə bu mümkün deyil. Sizə onlarla iqtidar nümayəndəsi göstərə bilərəm ki, dostluğunda qatı müxalifətçilər var. Esmira Qasımovanın da səhifəsində işarələnən şəkil onun mövqeyi ilə üst-üstə düşmür. Həmkarımız istirahətdə olduğu üçün internetdən uzaq olub və şəkli silə bilməyib. Buna görə onu ittiham etmək olduqca absurd iddiadır.

Azərbaycanda seçki ilidir. Belə bir dövrdə cəmiyyət və beynəlxalq təşkilatların münasibəti siyasi həssaslığı ilə fərqlənir. Biz elə  addım atmalıyıq ki, beynəlxalq təşkilatlar İctimai Televiziyanın həqiqətən  hər kəsin kanalı olduğuna inansınlar. Belə bir həssas məqamda hansısa jurnalistə qarşı onun rəisi tərəfindən absurd iddia irəli sürmək hakimiyyətin, dövlətin, cəmiyyətin və İTV-nin nüfuzuna böyük zərbədir. Çünki jurnalist haqqını və hüququnu başqalarından daha çox müdafiə etməyi bacarır. Bu hadisə ictimailəşsə Azərbaycandakı demokratiyaya zərbə ola bilər”.

JEM sədri onu da vurğulayıb ki, artıq E.Qasımova ölkə başçısına açıq məktub yazacağını bəyan edib. İTV rəhbərliyi bunun qarşısını almağa çalışmalıdı:  “Prezidentin Azərbaycan jurnalistikası üçün gördüyü işlərə gölgə salmamaq üçün İTV rəhbərliyi jurnalistə təzyiqlə son qoymalıdı”.

 





30.07.2013    çap et  çap et