525.Az

Paşinyanın saxta demokrat obrazı ifşa olunmalıdır


 

"ERMƏNİSTANIN BAŞ NAZİRİ SƏLƏFİ SERJ SARKİSYAN KİMİ HAKİMİYYƏTDƏ QALMAQ ÜÇÜN KONSTİTUSİYANI DƏYİŞMƏYƏ ÇALIŞIR"

Paşinyanın saxta demokrat obrazı ifşa olunmalıdır<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə hazırlıqların getdiyi dövrdə "Qarabağ klanı"nın əsas simalarına qarşı həyata keçirdiyi tədbirlərin uğursuz nəticələnməsindən sonra tərəfdarlarını öz ətrafına toplayaraq publikaya hesablanmış populist bəyanatlar verib.

O, hakimiyyətdə olduğu 100 gün münasibətilə avqustun 17-də keçirdiyi mitinqdə sələflərini, konkret olaraq eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyanı yarıtmaz siyasətdə, ölkəni korrupsiya bataqlığına salmaqda ittiham edib. 2008-ci il 1 mart hadisələrinə görə başladılan cinayət işinin nəticələrindən danışan Paşinyan hadisənin bütün təfərrüatların artıq erməni xalqına məlum olduğunu, cinayətdə əli olanların müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Qərb dövlətləri və Rusiya ilə münasibətlərinə toxunan Paşinyan çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqlarına da yer verib, Ermənistan baş naziri bugünədək münaqişə ilə bağlı səsləndirdiyi fikirlərə sadiq olduğunu bildirib, prosesdə qondarma rejimin təmsilçilik məsələsinin zəruriliyini önə çəkib. Paşinyan bununla konstruktiv dialoq aparmağa hazır olmadığını büruzə verir.

Paşinyan kütləyə üzünü tutaraq deyib ki,  onlardan gizli Qarabağla bağlı heç bir kağızı imzalamayacaq: "Variant olsa, bura gələcəyəm, sizə təqdim edəcəyəm, özünüz qərar verərsiniz, bu variantla gedək, ya yox".

O, rəqiblərini KİV-lərin alınmasında, sosial şəbəkələrdə uydurma hesabların yaradılmasında və Paşinyan hökumətinin hakimiyyətə "torpaqları təhvil vermək" üçün gəldiyi barədə şayiələr yaymaqda ittiham edib.

Paşinyanın sözlərinə görə, əslində, bunu ondan əvvəlkilər etmək istəyirdilər və onun əlində bunu sübut edən bütün sənədlər var: "Biz sülh yolu ilə tənzimlənməyə hazırıq. Lakin mənim torpaqları təhvil vermək niyyətində olduğumdan şübhələnən anlamır ki, məsələni hökumət həll etmir, xalq həll edir".

Daha sonra işğalçı ölkənin baş naziri hakimiyyətdəki yerini möhkəmləndirmək üçün konstitusiya dəyişikliklərinə getmək istədiyini publikanın diqqətinə çatdırıb. Bununla o, qarşısındakı maneələri tamamilə aradan qaldırıb, ölkəyə idarəçiliyini tam təmin etmək istəyini bir daha ortaya qoyub.

Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinin güclənməsinə 3 amil mane olur: "Birinci amil onun parlamentdəki mövqeyinin zəifliyidir. O, güclə baş nazir mandatı alıb. Hansısa partiyanın ona qarşı səsvermə prosesduruna başlamasını təklif etməsi yetərlidir ki, Paşinyan baş nazir kreslosunu itirsin. Məsələn, Respublika Partiyası və Daşnaksütun Partiyası 105 yerlik parlamentdə 57 səsə malikdir. Bu iki partiya qeyri-rəsmi eks-prezident Robert Koçaryanı dəstəkləyir".

Politoloq hesab edir ki, ikinci amil Paşinyana qarşı olan müxalifətin kifayət qədər maliyyə və media resursuna malik olmasıdır: "Paşinyanın hakimiyyətdə olmasına baxmayaraq, administrativ resurs hələ onun xeyrinə deyil. Məsələn, Robert Koçaryan həbsdən azad olunan kimi onun Daşnaksütun Partiyasının televiziyasında müsahibəsinə şərait yaradıldı. Və ya məlum oldu ki, Koçaryanı həbsdən azad edən hakim vaxtilə Prezident Administrasiyasında onun işçisi olub".

E.Şahinoğlunun sözlərinə görə, üçüncü amil isə Rusiyadır: "Koçaryan Paşinyanı zəif yerindən vurur. Koçaryan Paşinyanın "Rusiya Ermənistandakı yeni şərtlərə adaptasiya olunmalıdır" sözlərini kəskin tənqid edərək Rusiyaya xoş gəlsin deyə belə bir ifadə işlədib: "Rusiya o ölkə deyil ki, Ermənistanın baş nazirinin istəyi ilə nəyəsə adaptasiya olunmalıdır". Koçaryanın Moskvaya daha çox yaxınlığı Paşinyanın problemlərini artıracaq".

Mərkəz sədri bildirib ki, Paşinyanın hazırkı reytinqi hələ ki yüksəkdir: "Ancaq onun əlində iqtisadi islahatları dərinləşdirmək üçün resursları azdır, əngəllər isə çoxdur. Ermənistanda növbədənkənar parlament seçkisi 2019-cu ilin may ayında keçiriləcək. Həmin tarixə qədər Paşinyana olan dəstək azala da bilər".

Milli Məclisin deputatı Sahib Alıyev isə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan mitinqdə etdiyi çıxışında əlində sənədlər olduğunu və həmən sənədlərə dayanaraq sələflərinin "Dağlıq Qarabağı Azərbaycana vermək" istədiyini açıqlayıb: "Sələfləri aydındır, bəs Paşinyan necə, öz təbirincə desək, "Dağlıq Qarabağı Azərbaycana verməyə" hazırdırmı? "Bunu mən yox, erməni xalqı həll etməlidir" sözlərindən görünür ki, bəli, o da işğalın gec-tez başa çatacağı düşüncəsindədir. Təbii ki, ermənilər Dağlıq Qarabağı bizə verə bilməzlər. Çünki bir şeyi başqasına vermək üçün o sənin olmalıdır. Dağlıq Qarabağ isə heç zaman ermənilərin olmayıb və olmayacaq. Dağlıq Qarabağ bizə verilməyəcək, onu qaytaracağıq".

S.Alıyev hesab edir ki, Paşinyanın mitinqdəki çıxışı artıq erməni elitasının belə bunun qaçılmazlığını dərk etdiyini və onların psixoloyi baxımdan ona hazır olduğunu ortaya qoyur: "Önəmli olan da budur".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan nəyin bahasına olursa-olsun ABŞ prezidenti Donald Trampla görüşə can atır: "ABŞ-dakı erməni təşkilatları Ağ Evi məktub "atəşinə" tutublar. Təxminən 50-yə yaxın konqresmen də bu prosesə qoşulub və Trampa rəsmi müraciət ünvanlayıblar.

Bununla bağlı ABŞ mediasında kampaniya da başladılıb. Maraqlıdır ki, Paşinyanın Ağ Evdə qəbul olunmasına nail olmaq istəyən dairələr bunun üçün əsas olaraq Vaşinqton-Ankara münasibətlərini göstərirlər. Ağ Evə ünvanlanan məktublarda qeyd olunur ki, Türkiyənin ABŞ-dan və onun maraqlarından üz döndərdiyi bu zaman kəsiyində İrəvan Vaşinqtonla münasibətləri inkişaf etdirməyə can atır.

Ağ Evə ünvanlanan məktublarda və PR xarakterli yazılarda Nikol Paşinyanın "demokrat" obrazının yaradılmasına cəhd göstərilir. Lakin Ermənistanın indiki baş nazirinin hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişmək istədiyi barədə söz açılmır".

E.Mirzəbəyli bildirib ki, Nikol Paşinyan keçirdiyi mitinqdə bəyan edib ki, növbədənkənar parlament seçkilərinin keçirildiyi zaman onun baş nazir postunda qalması üçün konstitusiyaya dəyişiklik edilməlidir: "Ermənistanın mövcud konstitusiyasına görə, baş nazir parlament seçkiləri ərəfəsində istefa verməlidir. Seçkilərin keçirildiyi dönəmdə və yeni baş nazir seçilənədək isə real hakimiyyət fəaliyyəti seçkilərarası dövrdə formal xarakter daşıyan prezidentin əlində cəmləşir. Bu isə şübhəsiz ki, Paşinyanın maraqlarına cavab vermir. Baş nazir bunu kütləyə olduqca absurd və məntiqsiz bir şəkildə izah edir və bildirir ki, o, istefa verəcəyi təqdirdə parlamentin "gizlicə yeni baş nazir seçəcəyindən narahatdır". Bu yanaşmanın məntiqsizliyi orasındadır ki, Ermənistan konstitusiyasına görə, baş nazir seçkilər elan edildikdən dərhal sonra istefa verməlidir və yenə də eyni konstitusiyaya görə seçkilər başa çatana və nəticələr rəsmiləşənədək yeni baş nazir seçilə bilməz. O zaman maraqlıdır, görəsən, Ermənistan parlamenti seçki dövründə yeni baş naziri necə və hansı konstitusiyaya əsaslanaraq seçəcək? Bəlkə Ermənistanın bir neçə konstitusiyası var? Yaxud Paşinyan istefasından sonra seçkilərin ləğv edilə biləcəyindən qorxur? Ermənistan Konstitusiyasının 93-cü müddəasına əsasən ölkədə növbəli və növbədənkənar seçkilər prezident tərəfindən təyin edilir. Parlamentin səlahiyyəti isə hər iki halda yeni seçilən məclisin birinci iclasında başa çatır. Ermənistan Konstitusiyasında seçkilərin ləğvi ilə bağlı heç bir konkret müddəa yoxdur. Hüquqi məntiqlə isə seçkiləri prezident təyin etdiyi üçün o da ləğv edə bilər. Bunun üçün isə konstitusiyadan çıxış edilərək müxtəlif bəhanələr gətirilə bilər. Məsələn, ölkədə qarşıdurma yaratmaqla, yaxud cəbhə xəttində təxribatlar törətməklə fövqəladə vəziyyətin elan olunması və sair məqamlar çox güman ki, Paşinyanı narahat edir. Məhz bu səbəbdən də kütlənin baş naziri sələfi Serj Sarkisyan kimi hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişməyə çalışır. Bu isə onun demokratik və hüquqi islahatlar haqqında səsləndirdiyi fikirlərin siyasi ritorikadan başqa bir şey olmadığını göstərir".

Politoloq hesab edir ki, irəli sürülən fərziyyə və ehtimallardan asılı olmayaraq, konstitusiyanın dəyişdirilməsinə cəhddə məqsəd hakimiyyətdə qalmaqdan ibarətdir: "Bu isə Paşinyanın sələfi Sarkisyandan bir o qədər də fərqlənmədiyini, demokratik və hüquqi dəyərlərin daşıyıcısı olmadığını göstərir. Hesab edirəm ki, məhz bu amil ABŞ və digər dövlətlərin mətbuatına daşınmalı, Nikol Paşinyanın saxta demokrat obrazı ifşa olunmalıdır".

Ceyhun ABASOV

 





22.08.2018    çap et  çap et