525.Az

"Mənəvi dəyərlərin təbliği və dini icmalar" mövzusunda konfrans


 

"Mənəvi dəyərlərin təbliği və dini icmalar" mövzusunda konfrans <b style="color:red"></b>

Dünən Bakıda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Mənəvi dəyərlərin təbliği və dini icmalar" mövzusunda konfrans keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi şəxsləri, dini konfenssiya rəhbərləri, icma sədrləri, media nümayəndələri və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən komitə sədri Mübariz Qurbanlı deyib ki, baxmayaraq ki, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində başqa dövlətlərin tərkibində qalıb, lakin xalqımız milli mənəvi dəyərlərimizi qoruyub bu günə çatdırıb: "Xalqımız qədim tarixə malikdir və böyük iz qoyub. İlk dəfə respublika dövlət idarəçilik üsulu 1918-ci ildə Azərbaycanda yaradılıb. Daha sonra bu dövlət quruluşu digər türk dövlətləri arasında yayılıb. Azərbaycanın öndə gedən ziyalıları bu istiqamətdə böyük işlər görüb. Azərbaycan kommunist ideologiyasının təsiri altında olduğu dövrdə də öz mənəvi dəyərlərinə sahib çıxa bilib".

Onun sözlərinə görə, Azərbaycanda milli ruhun yüksəlməsində Ümumilli lider Heydər Əliyevin böyük xidmətləri olub: "Milli mənəvi dəyərlərimizin tərkibinə dil, din və digərləri daxildir. Cümhuriyyət dövründə dilimizin, dinimizin qorunması istiqamətində böyük işlər görülüb. Bundan başqa, Sovetlər dövründə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra da gördüyü işləri də xüsusi vurğulamaq lazımdır. 1978-ci ildə Azərbaycan Konstitusiyasında dilimizin dövlət dili elan olunmasından Ümummilli lider Heydər Əliyevin fəaliyyəti misilsizdir. Dövlət müstəqilliyimizin bərpasından sonra ulu öndərin ortaya qoyduğu azərbaycançılıq ideologiyası adət-ənənələrimizin qorunması baxımından çox əhəmiyyətlidir".

M.Qurbanlı bildirib ki, Azərbaycanda mənəvi dəyərlərin aşınması təhlükəsi yoxdur: "Amma biz zamanın tələblərinə uyğun tədbirlər görməliyik ki, aşınmaya məruz qalmayaq. Bunun üçün isə biz çox güclü olmalıyıq". M.Qurbanlı vurğulayıb ki, Azərbaycan qərb mədəniyyətinin təsiri altındadır. Böyük dövlətlər mədəniyyətlərin qarışmasına maraq göstərir: "Bütün bunlar bizim milli dəyərlərimizin deformasiyaya uğramasına gətirib çıxara bilər. Ona görə də xalqımız öz dəyərlərini qoruyub saxlamaq instinktini inkişaf etdirməlidir. Biz bununla əsas mənəvi dəyərlərimizdən olan müstəqilliyimizi qorumuş oluruq. Eyni zamanda, dini icmalar, din xadimləri və mətbuat orqanları bu istiqamətdə öz fəaliyyətlərini ortaya qoymalıdırlar". O əlavə edib ki, Azərbaycan xalqı öz dəyərlərinə hər zaman böyük diqqət yetirib. Bunu qorumaq üçün də vacib addımlar atılıb.

Komitə sədrinin dediyinə görə, mənəvi dəyərlərin qorunaraq sonrakı nəsillərə çatdırılmasında cəmiyyətin bütün üzvləri ilə yanaşı, dini icmalar da əhəmiyyətli rol oynayır.

M.Qurbanlı vurğulayıb ki, mili mənəvi dəyərlərin qorunmasında Qafqaz Müsəlmanlar İdarəsinin də fəaliyyətini də burada qeyd etmək olar: "Bu gün bizim ailə dəyərlərimiz, dövlət modelimiz başqa ölkələr üçün nümunədir. Dünyada olan dinlərin sayı azalır, vahid dinə doğru bir proses gedir. Belə olan halda dövlətlər öz dinlərini qorumalıdırlar. Azərbaycan eyni zamanda, Qərb mədəniyyətinin təsiri və təzyiqi altındadır. Lakin bu mədəniyyətin süni şəkildə tətbiq edilməsi milli dəyərlərimizin deformasiyaya gətirib çıxara bilər. Buna görə də millət özünüqoruma instiktini inkişaf etdirməlidir. Bu istiqamətdə bizim din xadimləri, icmalar, KİV öz fəaliyyətlərini ortaya qoymalıdır. Biz bununla əsas dəyərimiz olan müstəqilliyimizi qorumuş oluruq".

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı isə Qurban bayramı da mənəvi dəyərlərimizdən biridir: "Biz bu dəyərləri qorumalı, gələcək nəsillərə çatdırmalıyıq. Qurban kəsmək bütün müsəlmanlar eləcə də Azərbaycan xalqı üçün önəmlidir. Milli mənəvi dəyərlimizin bir hissəsi olan dinimiz, dilimizin qorunmasında icmaların rolunu xüsusi qeyd etmək lazımdır. Biz müstəqillik qazandıqdan sonra din istiqamətində mühüm işlər görülüb. Burada dövlətin yaratdığı şərait xüsusi qeyd edilməlidir. Dövlət tərəfindən görülən işlər mühüm əhəmiyyət kəsb edir. Yeni məscidlərin tikilməsi, mədrəsələr, dini təhsil müəssisələrinin açılmasında dövlət başçısına minnətdar olmalıyıq". Q.Cavadlı qeyd edib ki, bu gün multikulturalizm, tolerantlıq sahəsində Azərbaycan modelinin təbliğini genişləndirməliyik: "Azərbaycan özünəməxsus məkan kimi dünyada tanınıb. Hesab edirəm ki, mənəvi dəyərlərin təbliği istiqamətində dini icmaların fəaliyyətinə dini maarifləndirmə işi, multikulturalizmin təbliği əlavə olunmalıdır. Bu işə təkcə müsəlman deyil, digər konfessiyalar da qoşulmalıdır ki, fəaliyyət öz faydasını verə bilsin".

"Səs" Media Qrupun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev söyləyib ki, mənəvi dəyərlərin təbliğində əsas iş mətbuatın üzərinə düşür: "Tarixən milli mənəvi dəyərlərimiz basqılara məruz qalsa da, qorunub və bu günə qədər gəlib çıxa bilib. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bu istiqamətdə gördüyü işlər göstərir ki, Azərbaycanda mənəvi dəyərlərin təbliği dövlət siyasətinin əsas istiqamətindən birinə çevrilib".

S.QARAYEVA

 





22.08.2018    çap et  çap et