525.Az

Bölgələrdə fermerlərin bitki ziyanvericilərinə qarşı bioloji mübarizə üzrə bilikləri artırılır


 

AZƏRBAYCAN VƏ GÜRCÜSTANIN RAYONLARINI ƏHATƏ EDƏN MƏLUMATLANDIRICI LAYİHƏ HƏYATA KEÇİRİLİR

Bölgələrdə fermerlərin bitki ziyanvericilərinə qarşı bioloji mübarizə üzrə bilikləri artırılır<b style="color:red"></b>

Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) icra etdiyi "Azərbaycanın Şəki-Zaqatala və Gürcüstanın Laqodexi sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsullarının tətbiqi" layihəsi çərçivəsində Qax rayonunda fındıq və tərəvəz istehsalçılarının fərdi təsərrüfatlarında sahə məsləhət günləri keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının regional ekspertlərinin də  iştirak etdiyi bu tədbirdə sahələrə baxış zamanı fındıq və tərəvəz istehsalında aqrotexniki qulluq qaydaları üzrə aşkar olunan nöqsanlar, xəstəlik və zərərvericilərin törətdiyi fəsadlar və müasir inteqrir bitki mühafizə işlərinə dair aparıcı mütəxəssislər tərəfindən fermerlərə zəruri tövsiyələr verilib.

Sahə günlərində iştirak edən ekspertlər fermerlərə zərərverici və xəstəliklərin inkişaf mərhələlərinin düzgün identifikasiyasını və sahədə təyin olunan müxtəlif növ zərərli həşəratların zərərvurma səviyyəsinin müəyyən edilmə üsullarını praktiki şəkildə göstəriblər. Bundan başqa, tədbirdə ekoloji təmiz fermer təsərrüfatlarının yaradılmasının iqtisadi səmərəliliyi haqqında danışılıb və ekoloji təmiz təsərrüfatçılıqda üzvi gübrələrin yerli şəraitdə hazırlanması və tətbiqi üzrə təcrübə mübadiləsi aparılıb.

"Layihə çərçivəsində həmçinin, Qax şəhərində  fındıq istehsalında zərərvericilərə qarşı bioloji mübarizə üsulunun tətbiqi  mövzusunda fermerlər üçün təlim  keçirilib. Təlimdə AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin Qax Regional İdarəsinin əməkdaşları, həmçinin Türkiyədən dəvət olunmuş beynəlxalq ekspert Ahmet Ağca iştirak edib" - deyə, GABA-dan bildiriblər.

Qeyd edək ki, Gəncə Aqrobiznes Assosiasiyası ölkəmizdə ekoloji kənd təsərrüfatı hərəkatının pionerlərindən sayılır. Təşkilat bu yöndə Qafqazda qabaqcıl dünya təcrübəsinin tətbiqi üzrə çalışır.

Zakir MURADOV
Gəncə

 





22.08.2018    çap et  çap et