525.Az

"Premium Euro-95" və "Super Euro-98"in bahalaşması xidmət sahələrinə təsir göstərməyəcək


 

"Premium Euro-95" və "Super Euro-98"in bahalaşması xidmət sahələrinə təsir göstərməyəcək<b style="color:red"></b>

Məlum olduğu kimi, avqustun 19-dan Azərbaycanda "Premium Euro-95" və "Super Euro-98" markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, "Premium Euro-95"in satış qiyməti 1,50 manat, "Super Euro-98" markalı benzinin qiyməti isə 1,60 manat olub.

Hazırda ölkəyə idxal olunan "Premium Euro-95" markalı avtomobil benzininin hər litri orta hesabla təxminən, 1.35-1.4 AZN-ə başa gəlir. Araşdırmalar yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir. Oxşar vəziyyət əvvəlki müddətdə "Super Euro-98" markalı avtomobil benzinində də müşahidə olunurdu.

Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstanda 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq, 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. Ukraynada bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq, 1.18 ABŞ dolları, yəni 2.0 AZN və 1.22 ABŞ dolları, yəni 2.07 AZN civarındadır. Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstanda da bizdə olduğu kimi, adı çəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir.

Qeyd edək ki, "Premium Euro-95" və "Super Euro-98" markalı yanacağın qiymətinin qalxması gözlənilən idi. Çünki yuxarıda vurğuladığımız kimi, hər litrinin təxminən, 1.35-1.4 AZN-ə başa gəldiyi benzinin yanacaqdoldurma məntəqələrində 1.25 AZN-ə satılması təbii ki, məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunun aydın göstəricisi idi.

Qiymət dəyişikliyindən sonra belə, Azərbaycanda sözügedən yanacaq markaları yenə də qonşu ölkələrlə müqayisədə ucuz olacaq. Onu da vurğulamaq lazımdır ki, göstərilən benzinlər hazırda Azərbaycanda istehsal edilmir və digər ölkələrdən idxal olunur. Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkədə istehsal edilməyən bu benzin növlərinə qiymətlər dövlət tərəfindən tənzimlənən mallar siyahısına aid edilməyib və xaricdən idxal edilən bu avtomobil benzinlərinin qiyməti Tarif Şurası tərəfindən deyil, sərbəst şəkildə müəyyənləşdirilir.

Əgər idxal qiyməti satış qiymətindən daha yüksəkdirsə, o zaman qeyd edilən markalı yanacağın tarif dəyişikliyi də təbii qəbul olunmalıdır. Ekspertlər hələ bir müddət əvvəl  "Premium Euro-95" və "Super Euro-98" markalı benzinin bahalaşa biləcəyi barədə açıqlama vermişdilər və bunun iqtisadi əsasda şərh etmişdilər. Yəni bu, gözlənilən hal idi.

İqtisadiyyat Nazirliyindən  də mövzunu şərh ediblər. Nazirliyin açıqlamasında deyilir ki, "Premium Euro-95" və "Super Euro-98" markalı avtomobil benzini Azərbaycana idxal olunur: "Həmin markalı avtomobil benzini idxal olunduğu üçün onun qiyməti dövlət tərəfindən, konkret desək, Tarif Şurası tərəfindən tənzimlənmir. Tarif Şurasında ancaq ölkədə istehsal olunan bir sıra mal və xidmətlərin qiymətləri tənzimlənir".

O da xüsusi vurğulanmalıdır ki, Azərbaycanda sürücülərin istifadə etdiyi ümumi avtomobillərin cəmi 5 faizi "Premium Euro-95" və "Super Euro-98" markalı yanacaqdan istifadə edir. Bu məqamı nəzərə alan ekspertlərə görə, benzinin qiymətinin artması xidmət sahələrinə heç bir təsir göstərməyəcək.

Mövzunu "525"ə şərh edən millət vəkili Azər Badamov bildirib ki,  ümumiyyətlə, qiymət artımları arzulanan deyil.  Amma iqtisadiyyat bazar qanunlarına uyğun idarə olunduğundan bəzi hallarda artımlar qaçılmaz olur. Deputatın sözlərinə görə, "Premium Euro-95" və "Super Euro-98" markalı benzilər ölkəmizdə istehsal olunmadığından xaricdən idxal edilir: "Ona görə də idxal olunan mallar bazara uyğunlaşdırılmalıdır ki, idxalçı fəaliyyət göstərə bilsin. Qeyd etdiyim markalı benzinlərdə qiymət artımı gözlənilən və labüd idi. Əks halda, həmin benzinləri idxal edib satışını həyata keçirməkdə çətinlik yaranırdı. Amma 92 markalı benzin və dizel yanacağı Azərbaycanda istehsal olunduğundan həmin markalı yanacaqların qiymətləri dövlət tərəfindən tənzimlənir və qiymət artımı gözləmirəm".

A.Badamov əlavə edib ki, ölkəmizdə istifadədə olan avtonəqliyyat vasitələrin 90%-ə qədərinin də 92 markalı benzin və dizel yanacağı işlətdiyini nəzərə alsaq deyə bilərəm ki, 95 və 98 markalı benzinlərin qiymətlərindəki artım iqtisadiyyatın hər hansı bir sahəsinə təsiri mümkün deyil və digər sahələrdə qiymət artımından söhbət gedə bilməz: "Ona görə də hesab edirəm ki, hər hansı bir narahatlığa əsas yoxdur".

İqtisadçı ekspert Pərviz Heydərov isə "525"ə deyib ki, sözügedən benzin markalarının pərakəndə satış qiymətlərinin artması idxal xərcləriylə izah olunur: "Məlum olduğu kimi, Aİ-95 ilə Aİ-98 markalı benzin məhsulları ölkə daxilində istehsal olunmur - kənardan gətirilir. Odur ki, hər iki markalı benzin məhsullarının pərakəndə satış qiymətləri dövlət tərəfindən müəyyən edilmir, yəni tənzimlənmir, sərbəst bazar qanunları əsasında təşəkkül tapır. Bu vəziyyət artıq 4 ildən çoxdur ki, hökm sürür. Belə ki, sözügedən benzin növlərinin qiymətləri dövlət tərəfindən tənzimlənən mallar siyahısından Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən çıxarılıb. Aİ-95 ilə Aİ-98-in qonşu ölkələrdə satış qiymətləri həqiqətən də bizdəkindən yüksək idi. Rusiyada bizim pul vahidi ilə 2 manata yaxındır. Gürcüstandan bundan bir az baha... Yeri gəlmişkən, dünya bazarlarında neftin qiyməti də 70 dollardan yüksəkdir. Ölkəmizdə sözügedən markalı benzinlərin qiymətləri axırıncı dəfə qaldırılanda neft 50-60 dollar civarında idi. Neft bahalaşırsa, neft məhsulları da qalxır. Ancaq bir məsələni də qeyd etmək istərdim ki, hər iki markalı benzin məhsullarının pərakəndə satış qiymətləri dövlət tərəfindən müəyyən edilməsə də, yəni tənzimlənməsə də, sərbəst bazar qanunları əsasında təşəkkül tapsa da, son 4 ildə bir dəfə də olsun, bu məhsul növlərinin satış qiymətlərinin arada bir ucuzlaşmasının da şahidi olmamışıq. Yəni həmişə bahalaşdığını görmüşük. Bu isə çox təəssüf doğurucu faktdır. Halbuki neftin dünya bazarlarında 50 dollardan aşağı düşdüyü vaxt da olub. Və bu, özü də elə 2014-cü ildən sonrakı dövrdə olmuşdu".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili  Aydın Hüseynov hesab edir ki, həmin növ yanacaqlar xaricdən alındığı üçün qiymət artımı qaçılmazdır: "Həmin yanacaqlar xaricdən alındığı üçün qiymət hər zaman dəyişə bilər. Bu, bizdən asılı olan məsələ deyil. Həmin növ benzini satan ölkə qiyməti təyin edir. Azərbaycanda ən çox istifadə olunan yanacaq dizel və A-92 növ benzindir. Ölkədə olan avtomobillərin 95 faizi bu növ yanacaqlarla işləyir. Ona görə də bu qiymət artımı xidmət sahələrinə təsir göstərməyəcək". Millət vəkili "A-92" növ benzin və dizelin bahalaşmayacağını bildirib: "Həmin növ yanacağın qiymətinin qaldırılması gözlənilən deyil. Çünki o yanacaqlar ölkəmizdə istehsal edilir. Yaxın günlərdə A-92 növ benzinin qiymətinin qalxmasını gözləmirəm. Ümumilikdə isə qiymət artımı bazarın konyukturasından asılıdır və buna görə tənzimlənir".

PƏRVANƏ

 





22.08.2018    çap et  çap et