525.Az

Merkel bu gün Bakıya gəlir


 

SƏFƏR ZAMANI İKİ ÖLKƏ ARASINDA SİYASİ-İQTİSADİ ƏLAQƏLƏR, CƏNUB QAZ DƏHLİZİ, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ VƏ AVROPA İTTİFAQI İLƏ MÜNASİBƏTLƏRİN ƏSAS MÜZAKİRƏ MÖVZULARI OLACAĞI GÖZLƏNİLİR

Merkel bu gün Bakıya gəlir<b style="color:red"></b>

Almaniyanın federal kansleri Angela Merkel avqustun 23-də Cənubi Qafqaz ölkələrinə səfərə başlayıb.
A.Merkel ilk olaraq Gürcüstana gedib.


Rəsmi səfər zamanı o, əvvəlcə Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirib. Görüşdə əsas müzakirə mövzusu Berlin-Tbilisi münasibətləri və Gürcüstanın Avroatlantik məkana inteqrasiyası məsələsi olub.

Görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.

Gürcüstanın baş naziri M.Baxtadze Angela Merkelin səfərini yüksək qiymətləndirdiyini deyib və bu səfərin Gürcüstan üçün xüsusi əhəmiyyətini vurğulayıb: “Biz sizin və Almaniya hökümətinin Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinizi yüksək qiymətləndiririk. Almaniya həm də Gürcüstanın Avropa və Avroatlantik məkana inteqrasiyasını dəstəkləyir. Bu da Gürcüstan üçün çox mühüm bir məqamdır. Avropa ilə əldə olunmuş viza razılaşması bizim Avropaya inteqrasiya yolumuzda böyük bir nailiyyətdir. Biz fəxr edirik ki, Gürcüstan Almaniya üçün sadiq və etibarlı tərəfdaşdır. Almaniya və Gürcüstanın Əfqanıstanda sülh missiyasında birgə iştirakı bizim münasibətlərimizin daha bir uğurlu nümunəsidir”.

A.Merkel isə Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib: “Sonuncu dəfə Gürcüstana 10 il öncə gəlmişdim. O zaman atəşkəs sazişi imzalanmışdı. Həmin vaxt rus əsgərlərinin Gürcüstandan çıxmasını qəti şəkildə tələb etmişdim və təbii ki, 10 il sonra da ölkənin ərazi bütövlüyünü dəstəkləyirəm. O vaxt Rusiya və Gürcüstan arasında müqavilənin imzalanmasında iştirak etmişəm. Biz indi də hazırkı ədalətsiz vəziyyətin aradan qaldırılmasını tələb edirik. Bu həm də Ukrayna məsələsinə aiddir. Biz Rusiya prezidenti Vladimir Putinlə görüşlərimizdə daima bu məsələləri müzakirə edirik”.

Daha sonra Almaniya kansleri Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşüb.

Avqustun 24-də isə xanım Merkel Gürcüstanın müxalifət partiyalarının nümayəndələri və tələbələrlə görüşüb, Rusiya ilə Gürcüstan qoşunlarının təmas xəttinə baş çəkib.

Dünən Gürcüstana səfərini yekunlaşdır dıqdan sonra Almaniya kansleri Ermənistana səfər edib. A. Merkel İrəvanda baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyanla görüşüb.

Almaniya kansleri Angela Merkel bu gün Azərbaycana rəsmi səfər edir. O, Bakıda prezident İlham Əliyevlə görüşəcək.

Səfər zamanı iki ölkə arasında siyasi-iqtisadi əlaqələr, “Cənub Qaz Dəhlizi” layihəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Avropa İttifaqı ilə münasibətlərin hazırki səviyyəsi və inkişaf perspektivlərinin əsas müzakirə mövzuları olacağı gözlənilir.

Ölkəmizin əsas ticarət tərəfdaşlarından olan Almaniya Azərbaycanın mavi yanacağının Avropaya nəqli məsələsinə ciddi önəm verir. Rəsmi Berlin həm də ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin inkişafı, ikitərəfli saziş istiqamətində danışıqların tezliklə müsbət nəticələnməsində maraqlıdır.

Rəsmi Bakı üçün isə ən vacib məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun üzvü olan Almaniyanın dəstəyinin artırılmasıdır.
Bu mənada, Bakıda tərəflərin verəcəyi mesajlar ciddi maraq kəsb edir.

Mövzu ilə bağlı “525”ə fikirlərini bildirən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Avropa İttifaqı, o cümlədən, quruma üzv ölkələrlə qarşılıqlı faydalı münasibətlər qurmaq və mövcud əlaqələri daha da dərinləşdirərək inkişaf etdirmək Azərbaycanın xarici siyasət kursunda əsas istiqamətlərdən birini təşkil edir: “Bu sırada Almaniya mühüm yerlərdən birini tutur. Almaniya Avropanın əsas güc mərkəzlərindən biridir və bu ölkə Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Ölkəmiz də öz növbəsində Almaniya ilə münasibətlərin daha da genişləndirilməsində maraqlıdır. Hesab edirəm ki, Azərbaycan-Almaniya münasibətləri ötən illərdə inkişaf edib, yeni əməkdaşlıq imkanlarının yaradılması üçün də gözəl perspektivlər var”.

V.Rəhimzadə bildirib ki, Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gəlməsi mühüm hadisədir:  “Cənubi Qafqaz regionu bu gün aparıcı dövlətlərin, dünyanın güc mərkəzlərinin diqqət mərkəzindədir. Bunun əsas səbəblərindən biri Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələri ilə bağlıdır. Regiona və dünyaya sülh, sabitlik gətirən bu layihələr, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm amil kimi qiymətləndirilir. Ölkəmizin təşəbbüsü ilə uğurla reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsini bu baxımdan xüsusi vurğulamaq lazımdır.
Qitələri birləşdirən bu layihə tərəfdaş ölkələrə böyük fayda verəcək. Almaniya da “Cənub Qaz Dəhlizi” layihəsinə böyük maraq göstərir. Şübhəsiz, Almaniya kansleri xanım Angela Merkelin səfəri zamanı əsas müzakirə mövzularından biri də məhz enerji məsələləri olacaq”. 

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, Azərbaycanla Almaniya arasında çox fəal siyasi dialoq mövcuddur: “Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, ədalətli şəkildə həllinin tərəfdarıdır. Hesab edirəm ki, Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin inkişafına yeni stimul verəcək”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov isə hesab edir ki, Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri yalnız siyasi deyil, həm də iqtisadi baxımdan diqqəti cəlb edir: “Əvvəlla, Almaniya Avropa Birliyində aparıcı dövlət hesab olunur. 3 trilyon 684 milyard dollar nominal Ümumi Daxili Məhsulu olan Almaniya iqtisadiyyatının həcminə görə Avropada birinci, dünyada isə dördüncüdür. 1.4 triliyon dollarlıq ixracla isə Almaniya dünyada üçüncüdür. Dünya ikincisi olan Amerika Birləşmiş Ştatları ümumi ixracatda Almaniyanı cəmi 175 milyard dollar artıqla qabaqlayır”.

V.Bayramov qeyd edib ki, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından hesab olunur: “Doğrudur, 2014-cü ildə 2.67 milyard dollarlıq ümumi ticarət dövriyəmiz ötən il 894 milyon dollaradək azalıb. Amma bunun əsas səbəbi enerji məhsullarımızın son ixrac trayektoriyasının dəyişdirilməsi ilə bağlıdır”.

Ekspert bildirib ki, təxminən yarım milyard dollarlıq sərmayə qoyluşu ilə Almaniya şirkətləri son illər Azərbaycan iqtisadiyyatında aktivdirlər.

V.Bayramovun sözlərinə görə, Almaniya kanslerinin səfəri zamanı müzakirə ediləcək iqtisadi məsələlər içərisində mavi qazın Avropaya çatdırılması və eləcə də ölkəmizin Avropa Birliyi ilə aparılan danışıqları üstünlük təşkil edəcək: “Cənubi Qaz Dəhlizi əsasən Cənubi Avropaya hədəflənsə də Almaniya bu təşəbbüsü fəal dəstəkləyənlərdəndir. Avropa aparıcısı bununla qitədə enerji asılılığını mərhələli şəkildə azaltmağa çalışır. Xəzərin statusunun razılaşdırılmasından sonra isə Qərb Türkmənistanın da Cənub Qaz Dəhlizinə qoşulacağına ümid edir. Almaniyanın Qafqaz siyasəti üçün Avropa Birliyi ilə Azərbaycan arasında müzakirə edilən və imzalanması gözlənilən yeni strateji tərəfdaşlıq sazışı də ciddi əhəmiyyət daşıyır. Çünki bu anlaşmalar sadəcə siyasi deyil, eyni zamanda, iqtisadi əməkdaşlığı təşviq edir”.

Mərkəz sədri əlavə edib ki, bütövlükdə, Almaniya kanslerinin Qafqaz, o cümlədən, Bakı səfəri qısa müddətli olsa da, region üçün əhəmiyyətli hesab oluna bilər.

Milli Məclisin deputatı Aydın Hüseynov isə qeyd edib ki, Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri iki ölkə arasında həm iqtisadi, həm də siyasi əlaqələrin inkişafına böyük təkan verəcək. O, “Trend”ə bildirib ki, Almaniya Avropada iqtisadi güc mərkəzidir: “Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin inkişafı hər iki ölkə üçün olduqca faydalıdır”.

Deputat hesab edir ki, bu səfər, həmçinin, yeni investisiya imkanlarına yol açır: “Almaniya Azərbaycanın “Şahdəniz” yatağından Avropaya qaz nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafına maraq göstərir. Əlbəttə ki, Almaniya Avropaya enerji resursları tədarükünün marşrutlarını və mənbələrini şaxələndirməyə çalışır. Yəqin ki, səfər çərçivəsində bu istiqamətdə də müzakirələr aparılacaq və Azərbaycanın enerji resurslarının nəqli sahəsində həyata keçirdiyi layihəyə maraq daha da artacaq”.

A.Hüseynov qeyd edib ki, siyasi baxımdan da A.Merkelin Azərbaycana səfəri ölkəmiz üçün əhəmiyyətlidir: “İlk növbədə, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın haqlı mövqeyi bir daha kanslerin diqqətinə çatdırılacaq. Almaniya indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və hesab edirəm ki, Berlin bu dəfə də Bakıya dəstəyini nümayiş etdirəcək. Bu, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir”.

Deputat əlavə edib ki, Almaniya Avropa İttifaqının ən fəal üzvlərindən biri olduğu üçün bu səfər Azərbaycanla sözügedən təşkilat arasında əlaqələrin inkişafına da öz töhfəsini verəcək: “Ümumilikdə səfərin hər iki ölkə üçün faydalı olacağını düşünürəm”.

Ceyhun ABASOV

 





25.08.2018    çap et  çap et