525.Az

Merkelin Bakı səfərinə kölgə salmaq cəhdləri


 

“BƏZİ SİYASİ DAİRƏLƏRİN ALMANİYA KANSLERİNİN SƏFƏRİ ƏRƏFƏSİNDƏ SƏSLƏNDİRDİYİ İDDİALAR ƏSASSIZDIR VƏ HEÇ BİR REALLIĞA SÖYKƏNMİR”

<b style="color:red">Merkelin Bakı səfərinə kölgə salmaq cəhdləri</b>

Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz səfəri çərçivəsində Azərbaycanda keçirəcəyi görüşlər böyük diqqət mərkəzindədir.

Qərb mediasında səfərdə əsas müzakirə mövzusunun Azərbaycanın həyata keçirdiyi “Cənub Qaz Dəhlizi”nin şaxələndirilməsi məsələsi olduğu bildirilir. Qeyd edilir ki, A.Merkel Bakıda enerji məsələlərini, Azərbaycandan qazını Türkiyə vasitəsilə Avropaya nəql edəcək infrastrukturun təkmilləşdirilməsini müzakirə edəcək. Bildirilir ki, Almaniya bu layihəyə regiondaki digər ölkələri də cəlb etməyi arzulayır.

Lakin bəzi qüvvələr Merkelin səfəri ərəfəsində Azərbaycana təzyiq göstərilməsinə açıq çağırışlar edib, məktubla müraciətlər ünvanlayıb, hətta bir qrup fəal Almaniyada aksiya keçirib. Hesab edilir ki, antiTAP hərəkatında müşahidə edildiyi kimi, bu qrupun arxasında “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təminatında alternativ mənbə olmasını istəməyən dairələr, o cümlədən, erməni lobbisi dayanır. “Şimal-axını 2” layihəsi ilə bağlı anlaşılmazlıqlar fonunda baş tutan səfərin əsas müzakirə maddəsinin Azərbaycanın və Qərb mediasının anons etdiyi kimi, digər Xəzəryanı ölkələrin karbohidrogen ehtiyatlarının Avropaya daşınması olduğundan həmin dairələr də etiraz qrupunu fəallaşdırıblar.

Şübhə yox ki, Bakı-Berlin münasibətlərinə zərbə vurmağa çalışan qüvvələr sonda məqsədlərinə çata bilməyəcəklər. Əksinə, Almaniya kansleri A.Merkelin reallaşdırdığı Bakı səfəri Azərbaycan-Qərb münasibətlərinə yeni bir təkan verəcək.

Məsələ ilə bağlı fikirlərini bildirən siyasi ekspert Bəhruz Quliyev qeyd edib ki, bu gün Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib olunmur. O, “Trend”ə bildirib ki, bəzi siyasi dairələrin Almaniya kanslerinin Azərbaycanda keçirəcəyi görüşlərdə insan haqları kontekstindən çıxış edəcəyini bildirmələri əsassız və reallığa bağlı olmayan iddialardır: “Azərbaycan hüquqi dövlətdir və qanunları pozan insanlar məhz qanunlar qarşısında da cavab verirlər. Ona görə də bənzər iddialar sadəcə, qaranlıq niyyətlərin məhsulu olaraq görülə bilər”.

B.Quliyev hesab edir ki, Almaniya kansleri Angela Merkelin Azərbaycana gözlənilən səfəri bir sıra əhəmiyyətli məqamları ilə seçilir.

Ekspertin sözlərinə görə, Almaniyanın Avropa İttifaqının lider ölkələrindən olduğu nəzərə alınsa, belə qənaətə gəlmək olar ki, xanım A. Merkel Azərbaycanla daha sıx əməkdaşlıqda həm Almaniyanın, həm də Avropa İttifaqının maraqlarını ifadə edəcək: “Almaniya ilə Azərbaycan arasındakı əməkdaşlıq, o cümlədən, Avropa ilə beynəlxalq münasibətlərin qurulması bir sıra tarixi aspektlərlə əsaslandırıla bilər. Hələ ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ilk dövrlərində bu istiqamətdə əsaslı addımlar atılmışdı. Buna misal olaraq, biz 1995-1996-cı illərdə imzalanmış “Azərbaycan Respublikası hökuməti və Almaniya Federativ Respublikası hökuməti arasında maliyyə əməkdaşlığı haqqında”, “İnvestisiyaların təşviqi və qorunması haqqında”, “Mədəni əməkdaşlıq haqqında”, “Hava daşımaları haqqında”, “Bakı hava limanı: təcili yardım” layihəsi üzrə növbəti maliyyə əməkdaşlığı barədə”, “Tədqiqatlar və mütəxəssislər fondunun yaradılması haqqında” və digər hökumətlərarası sazişləri göstərə bilərik. Bu gün bu əməkdaşlıq və yaxınlıq siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

B.Quliyev bildirib ki, ümumiyyətlə, bu gün Almaniya Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biridir.

Almaniya dövlətinin beynəlxalq və regional təşkilatlarda, eyni zamanda, maliyyə qurumlarında həlledici səs hüququna malik olduğunu deyən B.Quliyev onu da deyib ki, bu ölkənin Avropadakı siyasi çəkisi hər zaman özünü göstərib:

“Almaniya hökumətinin razılığı olmadan Avropa İttifaqı, Avropa Şurası, NATO və ATƏT kimi beynəlxalq təşkilatların fəaliyyət istiqamətlərində hansısa ciddi dəyişiklik edilə bilməz. Əgər rəsmi Bakı rəsmi Berlinlə əməkdaşlığın uğurla həyata keçirilməsi üçün konkret addımlar atırsa, demək ki, həmin əməkdaşlığın Avropaya da sirayət etməsi mütləqdir. Əbəs deyil ki, prezident İlham Əliyevin müxtəlif vaxtlarda Almaniya Federativ Respublikasına işgüzar səfərləri bilavasitə ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olmasını təmin edib və etməkdədir”.

B.Quliyev A.Merkelin Bakıya səfərinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə təsirindən də danışıb: “Almaniyanın danışıqlar prosesində vasitəçi olaraq çıxış etmək təklifləri dəfələrlə səsləndirilib və rəsmi Bakı bu təkliflərə birmənalı olaraq dəstək göstərib. Təəssüf ki, danışıqlar prosesində heç bir irəliləyiş yoxdur və təbii olaraq, Almaniya vasitəçiliyini təqdim etməklə, bu yöndə təşəbbüskar ölkə olaraq çıxış etmək niyyətini ortaya qoymaqla bir daha sübut edir ki, Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın, təhlükəsizliyin tərəfdarıdır. Almaniya kanslerinin Azərbaycana səfərinə bu prizmadan yaxınlaşsaq, Merkelin bölgəyə səfərinin münaqişənin həllinə mühüm töhfə verəcəyini də istisna edə bilmərik”.

C.ABASOV

 





25.08.2018    çap et  çap et