525.Az

Azərbaycan-Polşa münasibətlərinin tarixinə qısa ekskurs və Qarabağ


 

Azərbaycan-Polşa münasibətlərinin tarixinə qısa ekskurs və Qarabağ <b style="color:red"></b>

Azərbaycan və Polşanın müasir diplomatik münasibətlərinin tarixi nisbətən qısa bir dövrü əhatə edir. Lakin iki xalq arasındakı dostluq və əməkdaşlıq ənənələri bir neçə əsr öncədən mövcud olmuşdur.

Hələ XV əsrdə, xüsusən Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin dövründə Azərbaycanla Polşa arasında dövlət başçıları səviyyəsində əlaqələr saxlanırdı. Tarixi faktlardan bəllidir ki, XV əsrin 70-ci illərində Azərbaycanla Polşa arasında ticarət əlaqələri aparılır və bu əlaqələr getdikcə möhkəmlənirdi. Polşadan gətirilən silah və kəhrəba əvəzinə buraya xalça, Şərq silahları, Qarabağ atları gətirilirdi.

Burada qeyd etmək lazımdır ki, Qarabağ atları hələ o dövrdə Şərq at cinslərinin ən yaxşılarından sayılırdı. Onlar Cənubi Rusiyanın və Qərbi Avropanın bəzi ölkələrində, o cümlədən, Polşada minik atçılığının inkişafına təsir göstərmişdir. Polşanın zadəgan nəslindən olan tarixçi S.M.Bronevski XVIII əsrin sonunda yazırdı ki, “Qarabağ ilk növbədə öz at zavodları ilə məşhur idi, Persiyada ən yaxşı atlar Qarabağ atları sayılır”. Deyilənlərə əlavə edək ki, bu gün də Azərbaycanın Qarabağ bölgəsinin atları dünyanın ən nadir növlərindən biri və eyni zamanda, Asiya və Qafqazda ən qədim at cinsidir, Şərq tipli at cinslərinin isə ən yaxşılarındandır.

Azərbaycan və Polşa arasındakı əlaqələr sonrakı dövrlərdə də yüksələn xətlə inkişaf etmişdir. Bu, xüsusən XIX əsrdə və XX əsrin əvvəllərində aydın nəzərə çarpırdı. Bakı şəhərinin mərkəzində bir çox memarlıq tikililərinin müəllifləri olan mühəndislər Qoslavski və Ploşko Azərbaycanda yaxşı tanınan şəxslərdir. Mühəndis Pototcki isə Xəzər dənizi şelfində neft hasilatı üzrə layihə hazırlamış və onun həyata keçirilməsini təşkil etmişdi.

Polyaklar 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin həyatında da fəal iştirak etmişlər. Əhalinin siyahıya alınmasına görə, XX əsrin əvvəllərində Bakıda 2000-dən çox polyak yaşayırdı, hazırda isə burada yaşayan polyakların sayı təxminən 1000 nəfərdir.

İkinci dünya müharibəsi illərində Polşanın beynəlmiləl partizan dəstələrinin sıralarında faşist düşərgələrindən qaçmış çoxlu azərbaycanlı hərbi əsirlər döyüşürdü. Bayandur Hacıyev, Zeynal Zeynalov, Həsən Novruzov, bir çox digər azərbaycanlıların adları Polşanın partizan hərəkatı ilə sıx bağlıdır.

1991-ci ilin dekabr ayında Polşa Azərbaycanın dövlət müstəqilliyini tanımışdır. Bundan bir neçə il sonra isə xalqımızın Ümummilli lideri Heydər Əliyev Polşada rəsmi səfərdə olmuş, sonra Polşa Prezidenti Aleksandr Kvasnevski Azərbaycana cavab səfərinə gəlmişdir.

Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra da Polşa ilə münasibətlərin inkişafı uğurla davam etdirilmişdir. Bu gün Polşa şirkətləri və təşkilatları energetika, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrində Azərbaycan şirkətləri və təşkilatları ilə əməkdaşlıq edirlər.

Polşa Qarabağ probleminə də həssaslıqla yanaşır. Avropa Şurasının 324 nömrəli Bəyanatında Avropa Parlament Assambleyasının Albaniya, Azərbaycan, Bolqarıstan, Böyük Britaniya, Lüksemburq, Makedoniya, Norveç və Türkiyədən olan üzvləri ilə yanaşı, Polşadan olan nümayəndələr də “26 fevral 1992-ci ildə ermənilər Xocalının əhalisinə münasibətdə qətliam törətmiş və şəhəri tamamilə məhv etmişlər” fikrinin yer aldığı bəyanatı imzalamış və Xocalı qətliamını “azərbaycanlı əhaliyə qarşı ermənilər tərəfindən törədilən genosidin” bir hissəsi kimi tanınması çağırışı ilə Assambleyaya müraciət etmişlər. (Recognition of the genocide perpetrated against the Azeri population by the Armenians. Written Declaration No. 324, 2nd edition, originally tabled on 26 April 2001). 

Ən başlıcası isə Polşa Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi mövqeyindən çıxış edir.

Bütün bunlar cəsarətlə deməyə əsas verir ki, məhz bu iki xalq arasında tarixən formalaşmış dostluq və əməkdaşlıq əlaqələri, onların nümayəndələrinin, xüsusən XIX əsrdə və XX əsrin əvvəllərində, Azərbaycan - Polşa əlaqələrinin möhkəmlənməsində fəal iştirakı Dağlıq Qarabağ probleminin həllinə münasibətdə Polşanın belə bir qərar qəbul etməsinə müəyyən dərəcədə təsir etmişdir.

Fikrimizcə, Polşanın belə mövqe tutmasına təsir göstərən amillərdən biri də odur ki, göstərilən tarixi dövrdə Azərbaycanda, o cümlədən, Qarabağda çoxsaylı polyak diasporu yaşamış və onun həyatında fəal iştirak etmişdir. Qarabağdan olan bir sıra ziyalılar isə o zaman Polşada yaşayır və işləyirdilər. Onların çoxu ölkələrimiz arasında ictimai-siyasi və mədəni əlaqələrin qurulmasında fəal iştirak edirdilər.

O dövrün nəşrlərində Azərbaycan - Polşa əlaqələrinə aidiyyəti olan bir sıra məlumatlara rast gəlmək mümkündür. Şuşa şəhərinin polyak əsilli sakini Konstantinoviç tərəfindən hazırlanmış və 1852-ci ildə Qafqaz canişininin dəftərxanasında nəşr edilmiş “Qafqaz təqvimi” kitabında (səh: 430-435) statistik məlumatlar təsvir edilmişdir. Burada 19-cu əsrin ortalarında Şuşa şəhərinin əsasının qoyulması, coğrafiyası, idarəçiliyi, sakinləri və iqtisadiyyatı barədə məlumatlar toplanılmışdır.

Şuşanın əsasının qoyulması məsələsinə toxunan Konstantinoviç qeyd etmişdir ki, “Şuşa əyalət şəhəridir. Keçmiş Qarabağ xanlığının paytaxtı və qala şəhəridir. Zaqafqaziya diyarının müsəlman hissəsinin ən zəngin əyalətidir və Cavanşir mahalının Sarıcalı cəmiyyətinin sakini olan Pənahəli bəy tərəfindən 1752-ci ildə əsası qoyulmuşdur”.

1852-ci ildə “Qafqaz təqvimi” kitabı nəşr olunduğu dövrdə Şuşada Azərbaycan əhalisi buraya köçürülən erməni əhalisindən qat-qat çox idi. Şəhərdə 480-dən çox sənətkar emalatxanaları və 11 fabrik fəaliyyət göstərirdi. Təqvimdə qeyd olunurdu ki, Şuşada fəaliyyətdə olan 9 məscid var və həmin məscidlərin nəzdində olan mədrəsələrdə 400 şagird oxuyur. Bundan başqa, 110 azərbaycanlı şagird 1830-cu ildə burada açılmış rus-Azərbaycan qəza məktəbində təhsil alırdı və həmin məktəbin müəllimləri arasında polyaklar da var idi.

Qarabağda yaşamış Kiyev universitetinin tələbəsi, kiçik zadəgan ailəsindən olan Vladislav Stşelnitskini (1820-1846) də qeyd etmək lazımdır. O, Polşanın müstəqilliyi üçün mübarizə aparan gizli təşkilatla əlaqəsinə görə Qafqaza sürgün edilmişdi. Qarabağda o, Azərbaycan dilini öyrənmiş və bu dili bilməsi ona Azərbaycan xalqının adət-ənənələrini və mədəniyyətini başa düşməkdə köməklik etmişdi.

Qulluq etdiyi ordudakı ağır hərbi xidmət Azərbaycanın təbii gözəlliklərini dərk etməkdə və başa düşməkdə ona mane ola bilməmişdi. V.Stşelnitski Qafqazın dağ silsiləsinin ətəyində, Kür ovalığının cənubunda, Xocalıda yaşamışdır. Onu daha çox köhnə məbədlərin xarabalıqları narahat edirdi. Bununla əlaqədar o, belə yazırdı: “Bu xarabalıqlar öz təəssüratlarını təsvir etməyə qərar verən səyyahlar üçün bir xəzinədir. Bu xarabalıqlar Mitridatı, hətta Makedoniyalı İsgəndəri xatırladır”.

Uzun müddət Qarabağda yaşayan V.Stşelnitski bu gözəl məkan haqqında fikirlərini özünün “Qafqaz oçerkləri” əsərində geniş təsvir etmişdir. Bu əsərdə yazıçının bu diyarın tarixinə, onun gözəl təbiətinin təsvirinə, eləcə də hüquqsuzluq və yoxsulluq şəraitində yaşayan xalqına baxışı çox əhəmiyyətlidir. Vladislav Stşelnitski kitabında bu yerlərin tarixi haqqında da müəyyən məlumat vermişdir: “Qarabağ müsəlman əyalətidir. 1812-ci ildə bağlanmış müqavilə əsasında Padşah tərəfindən Rusiyaya verilmişdir. Bu diyar möhtəşəm atları ilə məşhur olmuşdur”.

Onun oçerklərində Azərbaycanın müxtəlif rayonlarının - Şuşa, Ağcabədi, Kürdəmir, Şamaxı və Zərdabın təbiəti, topoqrafik xüsusiyyətləri haqqında maraqlı məlumatlar öz əksini tapmışdır. “Mənim qarşımdakı tənha bir yerin mənzərəsidir: hamar düzənliklər uzanıb gedir, onun ortasında yaşıl məxmər üzərində gümüşü ip kimi axan çaylar, ətrafında boş çəmənliklər, dərələr, dağlar, ən yüksək dağda isə uzaqdan Şuşanın - xəyallara bənzər şəhərin ağ divarı parlayırdı”, - Stşelnitski yazırdı. “Şuşa, Əsgəran xarabalıqları, Ağdam və nəhayət, Qarabağın bu hissəsinin digər yerlərinə bənzəri olan kəndlərdən biri - Hindarx, ayın işığının verdiyi imkan qədər onlara baxa bildim. Evləri qamışdandır, insan yaşayışı üçün olmaqdan daha çox pəyəyə oxşayır, onların arasında tut və üzüm bağları vardır. Hər yerdə bir səliqəsizlik hökm sürür: küçənin lap ortasında zibil yığını yüksəlir”.

Yazıçı tərəfindən təsvir olunan başqa bir Qarabağ kəndinin vəziyyəti də bundan çox da fərqlənmir: “Böyük kənd Ağcabədi yastı, meşəsiz bir düzənlikdə yerləşir. Sahilləri bitki örtüyü ilə zəngin olan Kür çayının qonşuluğu digər qonşu kəndlər kimi ona su, kanallar və tikinti üçün taxta verir”.

Polşalı yazıçı yaşayış evlərinin köhnəliyini və səliqəsizliyini təkcə onun sakinlərinin yoxsulluğu ilə deyil, eləcə də bu yerlərdə çox yumşaq keçən qışla izah edir. “Ağcabədidə çoxlu bağlar vardır, onların da çoxu tut və üzüm bağlarıdır. Üzüm satışa gedir, tut bağları isə ipəkqurdlarını qidalandırmaq üçün istifadə olunur, ipək parçalardan Qarabağda məşhur olan cimcimə və şalvar tikirlər ki, bunlar da ilk növbədə təəccüb doğuracaq dərəcədə tükənməz uzunömürlülüyü ilə fərqlənirdilər”. V.Stşelnitski Qarabağ xanlarının sonuncusu olan Pənahəli xanın Ağdamdakı qəbrinin də maraqlı təsvirini vermişdir.

“Qafqaz oçerkləri” demək olar ki, polşalı romantiklərin Azərbaycana həsr etdikləri ən əhəmiyyətli əsərlərdən biridir. Janrına görə sənədli xarakter daşıyan və həqiqi təsvir elementləri ilə reallığı əks etdirən bu əsər yazıçının istedadını təsdiqləyən yüksək bədii səviyyəsi ilə fərqlənir. Əsərdə çoxlu sayda Azərbaycan sözlərini, ifadələrini, toponimlərini, şəxs adlarını görmək mümkündür. Azərbaycan haqqında, onun tarixi, mədəniyyəti, ənənləri haqqında zəngin məlumatların əksini tapdığı bu oçerklər bu gün də tarixçilər, filoloqlar, etnoqraflar üçün ölkəmizin, onun ayrılmaz hissəsi olan Qarabağın öyrənilməsi üçün qiymətli materiallardır. 

İstedadlı şair Tadeuş Lada-Zablotski (1813 -1847) də 1837-ci ildə Qafqaza sürgün edilən və Azərbaycanda yaşayan polyakların arasında olmuşdur. O, Qafqazdakı istehkamçılar batalyonunda sıravi kimi qulluq etmiş, burada V. Stşelnitski ilə tanış olmuşdur. Məhz T.Zablotskinin sayəsində V.Stşelnitskinin poetik əsərləri Polşa qəzetlərinin redaktorlarına çatdırıla bilmişdir.

Tadeuş Lada-Zablotski Qafqazda görkəmli Azərbaycan tarixçisi və şairi Abbasqulu ağa Bakıxanovla da tanış olmuşdur. Abbasqulu ağa polşalı şairi XVIII əsrin tanınmış Azərbaycan şairi və dövlət xadimi - Qarabağ xanlığının birinci vəziri Molla Pənah Vaqifin (1717 - 1797) yaradıcılığı ilə tanış etmişdir. Vaqifin monarxiya əleyhinə yönəlmiş əsərləri bütün inqilabi və yaradıcılıq fəaliyyətini hüquqsuz və zəhmətkeş insanlar üzərində edilən özbaşınalıq və zorakılıqla mübarizəyə həsr edən Zablotski üçün də çox maraqlı idi.

Polşalı şairin fikirləri özünün təbii davamını Vaqifin 1797-ci ildə Qarabağda, Şuşada öldürülmüş İran şahının ölümünə həsr etdiyi qəzəlinin “Ağa Məhəmməd xanın ölümünə mahnı” adlı tərcüməsində də tapmışdır. Qəzəlin tərcüməsi 1849-cu ildə “Rubon” jurnalında dərc olunmuşdur.

Bununla yanaşı, Vaqifin yaradıcılığı ötən əsrdə polşalı şairlər Y.Quş və L. Levinin tərcümələri sayəsində Polşada məşhur olmuşdur. Onlar Vaqifin şeirlərini polyak dilinə tərcümə edərək, burada buraxılmış antologiyaya daxil etmişlər. Oxucular azərbaycanlı şairin antologiyaya daxil edilmiş şeirlərini yüksək dəyərləndirmişlər. Bu da onun göstəricidir ki, tərcüməçilər Vaqifin poeziyasının incə lirizmini, həyati notlarını oxuculara çatdıra bilmişdilər. Bu, orijinal əsərin dilini, şairi ərsəyə gətirən ölkənin tarix və mədəniyyətini dərindən bilmək sayəsində mümkün olmuşdu.

Burada qeyd etmək yerinə düşər ki, klassik Azərbaycan poeziyasından antologiyaya həmçinin, Azərbaycan ədəbiyyatında tənqidi realizmin banilərindən olan Qasım bəy Zakirin lirik şeirləri də daxil edilmişdir.

Vaqifin yaradıcılığı da Polşa şərqşünaslarının diqqətini cəlb etmişdir. “Dziennik odzk Dziennik odzki” (1968, Nr.295, s. 4) jurnalında dərc olunan geniş məqalədə onun yaradıcılığına yüksək qiymət verilmişdir.

O dövrün Azərbaycan yazıçı və şairləri də Polşaya xüsusi maraq göstərmişlər. Yusif Vəzir Çəmənzəminli (1887-1943) öz yaradıcılığında Polşa mövzusuna yer verən ilk Azərbaycan yazıçılarından olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Y.V.Çəmənzəminli Şuşa şəhərində anadan olmuşdur. Vəzirov familiyası İbrahim Xəlil xan və Mehdiqulu xanın hakimiyyəti dövrlərində Qarabağ xanlığının ən nüfuzlu vəzirlərindən olan Mirzə Camal Cavanşirlə bağlıdır. Bu familiya nəsildən nəslə keçmişdir.

Y.V.Çəmənzəminli 1910-cu ildə Kiyevin Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olmuşdu. Fevral inqilabı dövründə Yusif Vəzir Qalisiyada idi. O, həmin dövrlərin hadisələrini özünün “Studentlər” (Y.V.Çəmənzəminli. Studentlər. Azərbaycan SSR Elmlər Akademiyası. Bakı, 1968) avtobioqrafik əsərində təsvir etmişdir. Yazıçı müxtəlif millətləri təmsil edən tələbə - gənclərin inqilaba qədərki fəaliyyətini, onların Ukraynada təhsil aldıqları müddətdə necə mənəvi ünsiyyət qurduqlarını, zamanın ciddi sosial-siyasi problemlərini təhlil etdiklərini göstərirdi. Romanın bədii təsvirlər olan səhifələrində polyakların xarakterinin, onların milli psixologiyasının xüsusiyyətləri, mənəvi - emosional dünyası da öz əksini tapmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Yusif Vəzir Çəmənzəminlinin diplomatik nümayəndə təyin olunduğu Polşa ölkəmizin diplomatik münasibət qurduğu ilk ölkələrdən biri olmuşdur.

Bütövlükdə XX əsrdə iki ölkənin ədəbiyyat və mədəniyyət xadimlərinin əlaqələri yüksələn xətlə davam etmişdir. Polşalı yazıçılar, jurnalistlər tez-tez “Odlar ölkəsi”nə səfər edir, respublikada müxtəlif sahələrdə baş verən tərəqqinin şahidi olur, Azərbaycan haqqında, burada baş verən dəyişikliklər haqqında öz oçerklərində, reportajlarında geniş məlumat verirdilər. Oçerklərin bir çoxunda nəzərə çarpan əsas xüsusiyyət ondan ibarətdir ki, bu əsərlər müəlliflərin Azərbaycanın regionlarına, o cümlədən, Qarabağa səfərlərindən alınmış təəssüratların nəticəsi olaraq yazılmışdır. Buraya Qarabağın zəhmətkeş insanlarının müasir həyatından bəhs edən məqaləni (Karabachskie wesele Przyjazn, 1978, Nr.1,s. 9) və bir çox digər yazıları da daxil etmək lazımdır.

Məşhur Azərbaycan şairi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşid Banu Natəvanın “Bənövşə”, “Tale mənə ürəyi qəm və kədər üçün verdi” kimi incə ruhlu, lirik qəzəlləri polyak dilinə yazıçı T.Xruşşelevski tərəfindən tərcümə edilmişdir.

Azərbaycan və Polşa xalqları arasındakı əlaqələrdən danışarkən qeyd etmək lazımdır ki, bu xalqları təkcə ədəbi körpülər birləşdirmir, onlar arasındakı münasibətlərdə bu iki xalqın zəngin və təkrarsız musiqisi də əhəmiyyətli yer tutur. Xüsusən XX əsr azərbaycanlı və polşalı musiqiçi və musiqisevərlərin bir sıra yaradıcılıq görüşləri ilə əlamətdar olmuşdur.

1912-ci ildə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu tarçalan Qurban Pirimov və kamançaçalan Saşa Oqanezaşvili ilə birlikdə Varşavaya səfər edir.

Qaryağdıoğlu Varşavada bir sıra muğam və təsnifləri yazdırmışdır. Xanəndənin səsi qrammofon vallarına “Sport Record”, “Extrafon” və “Qrammofon” Səhmdar Cəmiyyətləri tərəfindən yazılmışdı. “Sport Record” firması tərəfindən Cabbar Qaryağdıoğlunun səsi yazılmış val qısa müddət ərzində satılıb qurtarmışdı. Bundan başqa, firmanın buraxdığı nəfis kataloqda xanəndələrin şəkilləri verilmiş və ifa etdikləri təsnif və muğamların adları göstərilmişdi. Kataloqun ilk səhifələrində böyük sənətkarın aşağısında belə bir qeyd olan şəkli də yerləşdirilmişdi: “Görkəmli xanəndə Cabbar Qaryağdıoğlu - Şuşalı”.

Düz qırx ildən sonra Sovet İttifaqının və Azərbaycanın parlaq estrada və opera müğənnisi, aktyor, SSRİ Xalq artisti Rəşid Behbudov (1915-1989) Polşada qastrol səfərində olmuşdur. Rəşid Behbudovun atası Şuşada doğulmuş Məcid Behbudov da tanınmış xalq müğənnisi idi. Polşalı dramaturq Sergey Povolotski öz xatirələrində yazırdı ki, o, Əsgərin ariyasını ilk dəfə görkəmli müğənni Rəşid Behbudovun ifasında dinləmişdir. Sonra o, Rəşid Behbudovun baş rolu oynadığı “Arşın mal alan” filminə baxmışdır. Bəlli olduğu kimi, bu film dahi Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilmişdir. Bir müddət keçəndən sonra görkəmli müğənni növbəti dəfə Polşaya qastrol səfərinə gəlir. Konsertlərinin birindən sonra dramaturq Rəşid Behbudova yaxınlaşır və operettanı polyak dilinə tərcümə etmək arzusunu ona bildirir. Böyük sənətkar onun bu istəyini bəyənir. 1954-cü ildə Belostoksk dövlət teatrında “Arşın mal alan” operettası polyak dilində tamaşaya qoyulur və böyük uğur qazanır. Sonralar bu komediya Polşanın 17 şəhərində tamaşaya qoyulmuşdu.

Maraqlıdır ki, Sovet və Azərbaycan pianoçusu, bəstəkar, Bakı Musiqi Akademiyasının rektoru, professor, SSRI və Azərbaycan Respublikasının Xalq artisti, Dağlıq Qarabağın Azərbaycan İcmasının üzvü Fərhad Bədəlbəyli 1969-cu ildən başlayaraq görkəmli polyak bəstəkarı və pianoçusu Frederik Şopenin bir çox əsərlərini ifa etmiş və bu gün də ifa etməkdə davam edir.

Məşhur tar ifaçısı, Ağdamda dünyaya göz açmış professor Ramiz Quliyev də dəfələlərlə Polşanın bir çox orkestrləri ilə birlikdə çıxış etmişdir. Onların sırasında Lüblin, Podlyask filarmoniyalarının orkestrləri də vardır. Ramiz Quliyev öz təkrarolunmaz ifaları ilə saysız-hesabsız musiqisevərlərin qəlbini fəth etmişdir.

Azərbaycan-Polşa münasibətlərinə aidiyyəti olan şəxslərdən danışarkən daha bir ziyalını da qeyd etmək lazımdır. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli hərbi xadimi Səməd bəy Mehmandarov (1855-1931) XIX əsrdə Rusiya İmperator Ordusunun artilleriya generalı kimi Polşada olmuş və qulluq etmişdir. O, 1894-1898-ci illərdə Varşava Hərbi dairəsində xidmət keçmiş, briqada məhkəməsinin üzvü və sədri, sonra isə Varşava hərbi-dairə məhkəməsinin müvəqqəti üzvü olmuşdur.

Mehmandarov Qarabağda tanınmış nəsildəndir. O, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri təyin olunmuş və 28 aprel 1920-ci ilə qədər həmin vəzifəni tutmuşdur. Azərbaycanın milli ordusu bilavasitə onun rəhbərliyi altında formalaşdırılmışdır. Milli ordunun Baş ştabının ilk rəisi isə Mehmandarovun zəmanəti ilə polşalı tatar general-leytenant Süleyman bəy Sulkeviç təyin olunmuşdur. Təəssüf doğurucu faktdır ki, general Sulkeviç 1920-ci ildə bolşeviklər tərəfindən güllələnmişdir.

Bir neçə kəlmə də görkəmli filosof, şərqşünas-ərəbşünas, Quranın rus dilinə ilk poetik tərcüməsinin müəllifi Teodar Şumovski (1913-2012) haqqında. Milliyyətcə polyak olan T.Şumovski Ukraynada anadan olmuşdur. Onun körpəliyi və gənclik illəri Azərbaycanda, əvvəl Şuşada, sonra isə Şamaxıda keçmişdir. T.Şumovski üçün Azərbaycan sirlərlə dolu Şərq diyarı olmuş, onu bütün həyatı boyu sevmişdir. O bu ölkəni özünün həqiqi vətəni saymış, onu öz qoynunda böyüdən bu diyarı hər zaman isti xatirələrlə xatırlamışdır. Sankt-Peterburqda təhsil alarkən də yay tətillərini Azərbaycanda keçirmiş, öz uşaqlıq illərinə qayıtmışdır.  

Daha bir polşalı jurnalisti də burada qeyd etmək yerinə düşər. Söhbət Adam Kulikdən gedir. O, 1989-cu ildə Azərbaycanda olmuş, öz təəssüratlarını qələmə alaraq onları Azərbaycan mətbuatında bölüşmüşdür. Ermənilərin ərazi iddialarına münasibət bildirən müəllif yazır: “... ermənilər yalnız 100-150 il bundan əvvəl kütləvi şəkildə Qarabağda məskunlaşmışlar, onlar əvvəl yaşadıqları başqa xalqa məxsus torpaqlardan buraya gəlmişlər. Onlar indi hansı əsasla bu torpaqları tamhüquqlu sahiblərinin əlindən almaq və dövlətlərinə birləşdirmək istəyirlər? Bu nə arqumentdir?”

Onun müasir Azərbaycan həyatının ən kəskin dövrünə həsr olunmuş reportajlar seriyası özünün obyektivliyi, respublikada baş verən hadisələrə ayıq baxışı ilə diqqəti cəlb edir. Bu yazıların əsas dəyəri ondadır ki, bunlar Azərbaycanda, onun müxtəlif bölgələrində, o cümlədən, Qarabağda olmuş, Azərbaycan xalqının qəlbini duyan, xarakterini başa düşən bir insan tərəfindən qələmə alınmışdır.

Ölkələrimiz arasında ictimai-siyasi, mədəni əlaqələrin qurulmasında emiqrasiyada yaşayan polyaklar da fəal iştirak etmişlər. Qarabağ haqqında fikirlərə polyak əsilli amerikalı tədqiqatçı Monmutski Universitetinin, Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tarix üzrə Fəxri doktoru, Azərbaycanın yeni tarixi üzrə aparıcı mütəxəssis Tadeuş Sventoxovskinin (1932-2017) elmi məqalələrində də geniş yer ayrılmışdır. Professorun ən məşhur əsərlərindən biri olan 1985-ci ildə yazılmış “Azərbaycan Rusiyanın tərkibində, 1905-1920: müsəlman cəmiyyətində milli kimliyin qurulması” adlı monoqrafiyasını qeyd etmək lazımdır. Bunun ardınca onun 1995-ci ildə “Rusiya və Azərbaycan. Sərhəd ölkəsi inkişaf prosesində” kitabı nəşr edildi. Polşalı alim həmçinin, Varşava Universitetində dərs demiş, 1999-cu ildə işıq üzü görən “Azərbaycan tarixinin lüğəti” kitabının həmmüəllifi olmuşdur. Daha sonra 2006-cı ildə Sventoxovskinin “XX əsrdə dünya dövlətlərinin tarixi” seriyasından Azərbaycan haqqında kitabı çıxmışdır. Bu kitablarda Azərbaycan tarixi, onun füsunkar bölgəsi olan Qarabağ haqqında obyektiv və zəngin informasiya tapmaq mümkündür.

Bundan başqa, Sventoxovski öz çıxışlarında, çoxsaylı intervyülərində dəfələrlə qeyd etmişdir ki, öz respublikalarının hüdudlarından kənarda kompakt şəkildə yaşayan ermənilərin, eləcə də digər xalqların başqa respublikadan sərhədlərinə yenidən baxılması tələbi irəli sürməsinin heç bir hüquqi əsası yoxdur, belə tələblərin qarşısı alınmalıdır.

Deyilənlərə onu da əlavə edək ki, T.Sventoxovski 2009-cu ildə yaradılmış “Qarabağ Fondu”nun (Karabakh Foundation) Beynəlxalq Məsləhətçilər Şurasının sədri seçilmişdi. Fondun başlıca məqsədi Azərbaycan mədəniyyətinin təbliğidir.

Amerikalı dirijor, polyak əsilli Leopald Stokovski (1882-1977) və görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, professor, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirov (1922-1984) arasındakı səmərəli əməkdaşlıq əlaqələrini də xüsusi qeyd etmək lazımdır. Bəstəkarın atası Şuşada anadan olan Məşədi Cəmil də tanınmış xalq müğənnisi, məşhur tarçalan və bəstəkar omuşdur.

1960-cı ildə Stokovskinin dirijorluğu ilə Filadelfiya orkestri Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamını ifa etmişdir. Həmin İfadan sonra Stokovski Fikrət Əmirova yazmışdı: “Əziz cənab Əmirov! Sizin simfonik muğamları Hyüstonda və Texasda ifa edərkən həm orkestr, həm də tamaşaçılar heyrətə gəlmişdilər. Bizə belə böyük zövq bəxş etdiyiniz üçün Sizə minnətdarıq”. Əlavə edək ki, 1948-ci ildə yazılmış “Kürd ovşarı” simfonik muğamı Polşanın iri konsert salonlarında dəfələrlə ifa olunmuşdur.

Burada daha bir faktı qeyd etmək vacibdir ki, Leopold Stokovskinin dirijorluğu ilə simfonik orkestr Amerikada Fikrət Əmirovun daha bir musiqi əsərini - “Azərbaycan kapriççiosu” əsərini böyük uğurla ifa etmişdir. Konsertdə iştirak edən 30 mindən artıq dinləyici bu musiqi əsərini böyük coşqu ilə qarşılamışlar.

Həm Azərbaycanda, onun ayrılmaz hissəsi olan Qarabağda, həm də Polşada baş verən ictimai-siyasi, iqtisadi və mədəni proseslərə öz töhfələrini vermiş bir sıra polyakların və azərbaycanlıların bioqrafiyasından təqdim etdiyimiz bəzi epizodlar düşünürük ki, Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək.

Şübhəsiz, bu informasiyalar toxunulan mövzu üzrə tam məlumat vermək iddiasında deyildir. Buna görə də, fikrimizcə, bu istiqamətdə yeni, daha tam məlumatların axtarışı davam etdirmək vacibdir. Biz bu iki dost xalqın nümayəndələri, o cümlədən, Qarabağ bölgəsində yaşamış azərbaycanlılar və polyaklar arasındakı dostluq münasibətlər barədə çox az bilirik. Təkcə onu deyək ki, o dövrün polisinin verdiyi məlumata görə, yalnız Şuşada 124 polyak və 22 alman yaşayırdı. Onların həyat və fəaliyyətləri haqqında araşdırmalar aparılması öz növbəsini gözləyir. Qarabağdan çıxan və sonralar Polşada və digər ölkələrdə yaşamış insanlar haqqında araşdırmalar aparılması da diqqət mərkəzində saxlanılmalıdır. Ümumiyyətlə, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət etmiş insanlar haqqında məlumatların işıq üzünə çıxarılması Azərbaycan - Polşa əlaqələrinin möhkəmlənməsinə töhfə olardı.

Rövşən AĞAYEV
Natiq İSAYEV

 





27.08.2018    çap et  çap et