525.Az

Azərbaycan naxışları Qırğızıstanda


 

Azərbaycan naxışları Qırğızıstanda <b style="color:red"></b>

2-8 sentyabr tarixlərində Qırğızıstanda keçiriləcək III Ümumdünya Köçəri Oyunları və Beynəlxalq Etnomədəniyyət Festivalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə modelyer-dizayner Gülnarə Xəlilova iştirak edəcək.

Festivalda modelyerin yaratdığı 15-dən artıq milli və müasir moda nümunələri sərgilənəcək.

Gülnarə Хəlilova 1972-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildən “Gülnarə Xəlilova MODA EVİ”-ni təsis edərək modelyer-dizayner kimi fəaliyyət göstərir. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam vəzifəsində çalışır. Bir çox operettaların yeni quruluşlu tamaşalarının obrazlarına geyim nümunələri hazırlayıb. 2010-cu ilin iyun ayında Türkiyədə Beynəlxalq Ənənəvi Moda Nümayişində hazırladığı milli geyimləri nümayiş etdirilib. “Azərbaycanın qədim geyim mədəniyyəti” mövzusunda məruzəsi dinlənilib.

G.Xəlilova 2012-ci ildə “Azərbaycan Milli Geyim Ocağı”-nı təsis edərək rəhbərlik edir. “Milli Geyim Günü”-nün təsis edilməsinin təşəbbüskarıdır.
 
”Kişiləri qoruyun”, “Aktrisa” filmlərinin geyim üzrə rəssamı olmuşdur. 2010-cu ilin fevral ayında Misir Ərəb Respublikasının İsgəndəriyyə şəhərinin məşhur kitabxanasında yaradılmış Azərbaycan guşəsinə milli geyim nümunələrini təqdim edib. 2010-cu ilin may ayında Çin Xalq Respublikasında keçirilən ənənəvi “Beauty Of The World 2010” beynəlxalq gözəllik müsabiqəsində Azərbaycanı təmsil edilməsi üçün təqdim olunmuş geyim “Ən gözəl ziyafət paltarı” nominasiyasında birinci yerə layiq görülüb.

2014-cü və 2015-ci illərdə Çinin Urumçi şəhərində keçirilən Moda Həftəsinin mükafatlarına layiq görülüb. 2015-ci ilin aprel ayında işləri “Bakı-2015” birinci Avropa oyunlarının təqdimatı çərçivəsində Londonda nümayiş etdirilib. 2015-ci ilin iyul ayında Rusiya Federasiyasının İrkutsk şəhərində keçirilən VI Beynəlxalq Etnik Kostyumu Festivalında milli geyim kolleksiyasından geyimlər nümayiş etdirib. 2016-cı ilin noyabr ayında Rumıniyanın mədəniyyət mərkəzi olan Yassi şəhərində keçirilən ənənəvi Moda Həftəsində “Xalçaların dili” geyim kolleksiyasını təqdim edib və tədbirin mükafatına layiq görülüb.

Geyim ənənələrinə, o cümlədən, milli geyim tariximizə həsr olunmuş bir neçə kitabların, ali məktəblərdə tədris olunmaq üçün nəzərdə tutulmuş dərsliyin və kataloqların müəllifidir. 2005-ci ildən indiyədək Heydər Əliyev fondunun və Azərbaycan Dövlət Televiziya Şirkətinin birgə layihələri əsasında keçirilən Muğam İfaçılığı müsabiqələrinin aparıcılarının milli geyimlərinin tərtibatını verib.

2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2014-2015-ci illərdə Dövlət Rəssamlıq Akademiyasında müəllim kimi fəaliyyət göstərib. 2017-ci ildən Xəzər Universitetində müəllim kimi çalışır.

 





30.08.2018    çap et  çap et