525.Az

Azərbaycan Miniatür Kitab Muzeyinin eksponatları Sibirdə


 

Azərbaycan Miniatür Kitab Muzeyinin eksponatları Sibirdə <b style="color:red"></b>

Nijnevartovsk şəhərinin mərkəzi kitabxanasında nadir bir sərgi açılıb: Bakı şəhərində fəaliyyət göstərən, dünyada yeganə olan miniatür kitab muzeyinin 165 nüsxə ekspozisiyası təqdim olunub.

AZƏRTAC Rusiya KİV-nə istinadla xəbər verir ki, Rusiyanın uğra-tv telekanalı bu sərginin açılışından süjet hazırlayıb. Verilişdə qeyd edilir ki, ən kiçik eksponatlar arasında ölçüləri cəmi 3x3 millimetr olan, yeddi dilə tərcümə edilmiş Bibliya xüsusi yer tutur. Burada rus klassiklərinin və xarici müəlliflərin qədim və müasir kitabları da var.

Kolleksiyadan üç minə yaxın nəşr Ginnesin Rekordlar Kitabına daxil edilib. Azərbaycanın Əməkdar mədəniyyət işçisi, muzeyin yaradıcısı, həyatının 35 ilini miniatür kitabların axtarışı, bərpası və nəşrinə həsr etmiş Zərifə Salahova özü də Nijnevartovska gəlib.

Bu işdə ona tanınmış artistlər, rəssamlar, siyasətçilər, bədii söz sərrafları kömək ediblər.

Süjetdə deyilir: “M.K.Anisimkova adına Mərkəzi Şəhər Kitabxanasında “Miniatür kitablar. Bir kolleksiyanın tarixi” sərgisinin açılışında Nijnevartovskun gənc sakinləri Zərifə Teymur qızı kimi son dərəcə maraqlı bir insanla görüşmək və onun miniatür kitablar kolleksiyası ilə tanış olmaq imkanı qazanıblar. Mərkəzi kitabxanadakı müvəqqəti ekspozisiyada kiçik formatlı 160-dan çox nəşr nümayiş etdirilir. Bütövlükdə isə Zərifə Salahovanın kolleksiyasında dünyanın 80 ölkəsindən gətirilmiş 9000-dən çox kitab var”.

Zərifə Salahova Nijnevartovsk sakinləri ilə söhbətdə deyib: “Mənim muzeyim dünyada yeganədir. Muzeyin açılışı on altı il bundan əvvəl, xalqımızın Ümummilli lideri Heydər Əliyevin sayəsində baş tutdu. O vaxtdan bəri kolleksiyamız xeyli genişlənib, muzeyin 3 filialı yaradılıb”.

Kolleksiyadakı ən qədim kitab 1672-ci ildə buraxılmış dəri cildli, qızıl haşiyəli “Quran”dır. Bu nəşri muzeyə şairə Rimma Kazakova hədiyyə edib. Həmin “Quran” və “Heydər Əliyevin neft strategiyası” kitabı Zərifə Salahovanın sevimli nəşrləridir.

 





01.09.2018    çap et  çap et