525.Az

Qəlbimə süzülən sətirlər


 

Qəlbimə süzülən sətirlər<b style="color:red"></b>

Millətə xidmət etmək istəyirsənsə, əlindən gələn işlə başla.
smayıl Qaspiralı 

Yay imtahan sessiyasının qızğın çağıdır. Gecəni gündüzə qataraq imtahanlara ciddi hazırlaşıram. Axı həmişəki kimi əla qiymət üçün çalışıram. Hərdən gözucu atamın əlindəki kitaba baxır, onun necə həvəslə oxuduğunun şahidi oluram. O, filologiya elmləri doktoru, tanınmış jurnalist Abid Tahirlinin “Məktəb: tariximiz, taleyimiz” kitabını mütaliə edir. Bu mövzu onun üçün əzizdir. Çünki bu kitabda qələmə alınanlar onun da həyatının unudulmaz hissəsini təşkil edir.

Nəhayət, sessiyanı əla qiymətlərlə başa vururam. Gərgin imtahanların yorğunluğundan qurtarmamış kitabı əlimə alıram. Məktəb, müəllim haqqında nə qədər söz deyilmiş, bundan sonra da deyiləcək. “Elmin, hünərin, mərifətin varsa, buyur gəl, yoxsa, bu sənət aləminə olma bir əngəl” – deyən şair çox haqlıdır. Bu ənginliklərə baş vurmaq üçün insan nə qədər elmli, hünərli olmalıdır ki, bu sahədə uğur qazana bilsin. Nəzərə alsaq ki, tariximizlə bağlı yazılan əsərlərdə, o cümlədən orta və ali məktəblər üçün yazılan dərsliklərdə məktəb tarixi ilə bağlı ya heç bir məlumat yoxdur, ya da olanlar çox səthi, indiki tələblər baxımından zəif təsir yaradır. Məktəb xalqımızın ən böyük sərvəti olduğundan onun tarixinin daha geniş və dolğun yazılması vacibdir. Sevindirici haldır ki, son vaxtlar bu sahədə sanballı kitablar yazılmaqdadır. Haqqında söhbət açmaq istədiyim kitablardan biri Abid Tahirlinin “Məktəb: tariximiz, taleyimiz”dir.

Kitabın ilk səhifələrini varaqladıqca xəyallar məni hələ cəmi 2 il əvvəl şagird partası arxasından ayrıldığım doğma məktəb həyatımın o illərinə aparır.

Kitabın I fəslinin “Məktəb yolu – nicat yolu” adlandırılması elə bu kitabın əhəmiyyətindən xəbər verir. Həqiqətən məktəbsiz, təhsilsiz millətin gələcəyi yoxdur, məktəb millətin nicat yoludur. Kitabın yazılmasında əsas məqsəd də budur. Bu fəsildə XIX əsrin ortalarında Azərbaycanda məktəb hərəkatının başlanmasından, o dövr üçün xarakterik olan mədrəsə təhsilindən, məscidlərin yanında mədrəsə, məktəb, mollaxanaların mövcud olmasından, Bakı, Yelizavetpol, Quba, Lənkəran, Naxçıvan, Şamaxı, Şəki və başqa yerlərdə bu tipli təhsil verən müəssisələr, mollalar, müəllimlər, həmçinin şagirdlər haqqında geniş məlumat verilir. Müəllif bu fəsildə mənbələrə əsaslanaraq, o dövrün görkəmli simaları İsmayılbəy Qutqaşınlı, Abbasqulu Ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov kimi tərəqqipərvər insanların təhsilə, doğma Vətən övladlarının maariflənməsinə necə diqqət yetirmələrini bir daha qeyd edir. Müəllif bu hissədə etibarlı məxəzlərə istinad edərək, doğma Qəbələnin tarixinə dair qısa məlumat verməklə yanaşı, oranın məktəb və təhsil tarixindən də bəhs edir.

Daha sonra müəllif İsmayılbəy Qutqaşınlıdan tutmuş ta bu günə qədər Qəbələdə dünyaya göz açmış bir sıra tanınmış simalar, alimlər, gənc nəslin nümayəndələri haqqında bilgi verir.

Müəllifin nəinki Azərbaycanda, bütün Qafqazda adı hörmət və ehtiramla anılan Azərbaycan ədəbiyyatına ideya, mövzu və forma baxımından yenilik gətirən, “Səfərnamə” əsəri ilə publisistikanın səyahət oçerkinin əsasını qoyan İsmayılbəy Qutqaşınlının həyat və yaradıcılığından öz əsərində bəhs etməsi, başqa müəlliflərlə əlaqəli şəkildə onun şəxsiyyəti, fəaliyyəti haqqında məlumat verməsi təqdirəlayiqdir. Həmçinin Abid müəllimin bu kitabında İsmayılbəy haqqında verdiyi məlumatlar bu sahədə çalışan tədqiqatçılar üçün böyük mənbədir. O, qoynundan pərvazlandığı doğma Nohurqışlaq kəndi, ilk dəfə elmin sirlərini öyrənməyə başladığı, çox-çox xatirələrini özündə qoruyub saxladığı kənd məktəbi, onun yaranma, fəaliyyətə başlama tarixini və sonrakı fəaliyyətini çox əhatəli və təsirli verib. O, tarixi sənədlərə əsaslanaraq, Nohurqışlaq mədrəsə-məktəbinin yaşının ən azı 170 il olduğunu göstərir.

Abid müəllim daha sonra erməni qəsbkarlarının Vətənimizə təcavüz etdiyi gündən Qəbələ igidlərinin də ayağa qalxdığını, düşmənlə ölüm-dirim savaşına girdiklərini diqqətə çatdırır və Qəbələ şəhidləri haqqında geniş məlumat verir. Hesab edirəm ki, onların şərəfli həyat yolundan bəhs etməklə müəllif biz gənclərə Vətənə, millətə sevgi ruhu aşılamış olur.

“Sevgili osmancıq, hüzurundayıq” adlı bölməni həyəcansız oxumaq olmur. Orada möhtəşəm türk əsgərinin 1918-ci il mart və sonrakı aylarda bizlərə köməyə gəlməsi ilə azərbaycanlıların cismən məhv edilməsinin qarşısının alınmasından, erməni vəhşiliyindən geniş bəhs edilir. Kitabda bu hadisələrə də yer ayrılması alqışlanmalıdır.

Kitabın 3-cü fəslini hörmətli alim özünün də məzun olduğu məktəbin şagird yoldaşlarına həsr edir. Sevimli müəllimləri Səfər Səfərovun ömür yolundan bəhs edir, onun 1973-cü il Nohurqışlaq kənd orta məktəbinin məzunlarına ithaf etdiyi şeiri verir. Kitabı oxuduqca mənim üçün də əziz olan məktəb illəri, sevimli müəllimlərimiz, əziz məktəb yoldaşlarımız bir-bir gözümün önündə canlanır. Gənc nəslin təlim-tərbiyəsi, təhsili yolunda saçlarını qar kimi ağartmış orta və ali məktəb müəllimlərimizi minnətdarlıqla yad edirəm. Səfər müəllimin dilindən şagirdləri haqqında verilən xatirələr kitabın oxunaqlığını daha da artırır. Səhifələr vərəqləndikcə müəllifin uzun zəhmətinin bəhrəsi olan bu kitab üzərində necə həvəslə çalışdığının şahidi oluruq. “Məzunların tribunası”nda onların özləri haqqında məlumatlar yer alır. Sonrakı səhifələrdə fənn müəllimləri yad olunur, onlara minnətdarlıq ifadə edilir. Məktəbin indiki şagirdlərinin fikirləri də müəllifin nəzərindən yayınmır, oxucuda xoş ovqat yaradır. Kitabın bütün fəsillərində nəzəri cəlb edən cəhətlərdən biri də müəllifin indi də müəllimləri qarşısında özünü şagird kimi aparması və onlara borclu olduğunu qeyd etməsidir.

Müəllif Nohur gölü, onun adı, yaranma tarixi ilə bağlı gərgin tədqiqatlar aparıb, müxtəlif mənbələrə müraciət edib. Bu gölün 1973-cü il məzunlarının taleyində və tərcümeyi-halında mühüm rol oynamasını qeyd etməklə, o gölə olan məhəbbətini bir daha göstərir və əsərin dəyərini, publisistik gücünü artırır, həmçinin bu gölün kənd əhalisinin yaşayışında nə qədər əhəmiyyət daşıdığını nəzərə çatdırır.

Kitabda oxuculara Nohurqışlaq kəndi, məktəbi, onun müəllimləri və məzunları, məktəbin yaranma tarixi, məktəb direktorları haqqında geniş məlumat  çatdırılır, həmçinin Böyük Vətən müharibəsinin kənd sakinlərinin həyatında ağır, acı izlər buraxdığından, əhalinin cəbhəyə köməyindən danışılır.

Abid müəllimin elmi yaradıcılığının və fəaliyyətinin ana xəttini təşkil edən Azərbaycan mühacirət ədəbiyyatının və publisistikasının görkəmli nümayəndəsi Ceyhun Hacıbəyli haqqında qısa, lakin çox vacib məlumatlar mənim üçün bir mənbə oldu.

Hörmətli alimin özünün qısa tərcümeyi-halı və əsərlərinin biblioqrafik göstəricisini verməsi onu bir qədər yaxından tanımağıma səbəb oldu. Etiraf edim ki, onun kitabını necə həvəslə oxuduğuma baxmayaraq, onun haqqında çox az məlumatım var idi.

Kitabın “Beşikdən məzaradək” adlı hissəsində klassiklərimizin, dövrünün tanınmış şair və ədiblərinin məktəb, elm, təhsil, milli-mənəvi dəyərlərlə bağlı müdrik kəlamlarının bir qisminin toplanması çox faydalıdır.

Son səhifələrdə “Kafkazskiy kalendar” məcmuəsində, “Bolşevik mübarizi” rayon qəzetində məktəb həyatına və başqa məsələlərə dair müxtəlif illərdə verilmiş məlumatlar, foto-surətlər gərgin əməyin nəticəsidir?

Filologiya elmləri doktoru, tanınmış jurnalist Abid Tahirlinin “Məktəb: tariximiz, taleyimiz” çox böyük zəhmət hesabına ərsəyə gəlmiş bir əsərdir. Bu kitab bir çox tədqiqat işlərinin aparılması üçün böyük bir mənbə olmaqla yanaşı, biz gənc nəslin istiqamət və maariflənməsinə, öz soy-kökünə daha dərin tellərlə bağlanmasına təkan verəcək.

Bu kitabı oxuduğum ərəfədə pakistanlı müsəlman qız Mayayanın ölkəsində bütün təqiblərə, təhdidlərə, hədələrə baxmayaraq, BMT-nin tribunasından bütün insanları cəhalətə, savadsızlıqla mübarizəyə səsləməsi məni kövrəltdi və respublikamızın ən nüfuzlu ali təhsil müəssisələrindən birinin tələbəsi olduğum üçün qürur hissi keçirdim. Bu sahədə çalışan bütün insanların əməyinin nə qədər əhəmiyyətli, nə qədər şərəfli olduğunu bir daha anladım. Onlardan biri olan Abid Tahirliyə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Təyyibə Mehdiyeva
Azərbaycan   Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
II kurs tələbəsi

 





01.08.2013    çap et  çap et