525.Az

Teatrların yeni mövsüm hazırlığı


 

Teatrların yeni mövsüm hazırlığı<b style="color:red"></b>

Sentyabrın ikinci yarısından etibarən ölkəmizdə fəaliyyətdə olan bütün teatrlar yeni mövsümü açıq elan edəcəklər.
 
Mövsümün ilk tamaşaları və ümumilikdə sentyabr ayının repertuarı barədə məlumatları teatrların mətbuat katibləri veriblər.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci mövsümü sentyabrın 15-i Şarl Perronun "Qırmızı papaq", rus xalq nağılı "Durna balığı" tamaşaları ilə açacaq. Tamaşalar 12:00, 14:00 və 16:00-da başlanır.

“R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı isə yeni teatr mövsümünü sentyabrın 18-də açıq elan edəcək. Həmin gün teatrın musiqi kollektivinin repertuarında möhtəşəm konsert proqramı təqdim ediləcək”.

Bu sözləri teatrın direktor müavini İlqar Musayev deyib. "Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində yaradılmış estrada-simfonik orkestrinin müşayiəti ilə reallaşacaq konsertdə respublikanın tanınmış ifaçıları tərəfindən bir-birindən parlaq mahnılar səsləndiriləcək. Bundan başqa, sentyabrın 22-də teatrda növbəti konsert olacaq. Konsert proqramı dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq", - deyə İ.Musayev söyləyib.

Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünə sentyabrın 20-də "O olmasın, bu olsun" tamaşası ilə start verəcək.

Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova bildirib ki, tamaşa Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq. Bu ölməz əsərdə əsas rolları Xalq artisti Afaq Bəşirqızı və Əməkdar artist Şövqi Hüseynov canlandıracaqlar.

Bundan başqa, sənət ocağının səhnəsində sentyabrın 22-də "Arşın mal alan", 23-də "Nuri-didə Ceyhun" tamaşaları nümayiş ediləcək.

Teatrın yaradıcı kollektivi sentyabrın 28-də "Ər və arvad", 29-da "Mən dəyərəm min cavana", 30-da isə "Bankir adaxlı" tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət" mərkəzlərindən və iticket.az saytından əldə edə bilərlər.

Şahanə MÜŞFİQ

 





05.09.2018    çap et  çap et