525.Az

Xalça Muzeyinin direktoru beynəlxalq münsiflər heyətinə üzv seçildi


 

Xalça Muzeyinin direktoru beynəlxalq münsiflər heyətinə üzv seçildi<b style="color:red"></b>

Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova avqust ayının 15-22 - də UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, Mərkəzi Asiyanın Sənətkarlığa dəstək Assosiasiyasının yaradıcısı Dinara Çoçunbayevanın dəvəti ilə Özbəkistan Respublikasının Buxara şəhərində keçirilən Ümumdünya Sənətkarlıq Şurasının (WWC) Keyfiyyət nişanının təqdimat mərasimində iştirak edib.

Muzeyin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Şirin Məlikova beynəlxalq münsiflər heyətinə üzv seçilib. Münsiflər heyətində, həmçinin Dinara Çoçunbayeva (Qırğızıstan), Edrik Onq (Malayziya), Aycan Bekkulova (Qazaxıstan) təmsil olunublar.

Sözügedən beynəlxalq tədbir haqqında danışan Şirin Məlikova bildirib ki, Ümumdünya Sənətkarlıq Şurasının (WWC) Keyfiyyət nişanına sahib olmaq üçün Mərkəzi Asiya ölkələri sənətkarlarının 100-dən artıq məmulatı təqdim olunub. "Bu mükafat yalnız ciddi seçim turundan keçmiş məmulatlara verilir. Onların arasında süzəni və güləbətin tikmələr, metal, keramik, ağac və lak məmulatları, zinət əşyaları, keçə nümunələri, ənənəvi geyim və eyni zamanda, ənənəvi texnikada işlənmiş müəllif aksessuarlar və geyimlər vardı. Ümumilikdə, 46 ədəd məmulata keyfiyyət nişanı verilib" - deyə muzeyin direktoru vurğulayıb.

Şirin Məlikovanın dediyinə görə, Orta Asiya ölkələrində el sənətlərinə ciddi bir maraq yaranıb. "Orta Asiyanın bütün ölkələrində qədim el sənətlərinə yenidən böyük maraq oyanır. Bu sənətlərə böyükdən kiçiyədək hər bir ailə üzvünü cəlb edirlər. Bu cəfakeş insanların əvəzsiz işi sayəsində yüzlərlə və minlərlə ailə özünü maddi cəhətdən təmin edir, bununla yanaşı, ölkənin iqtisadiyyatı inkişaf edir. Digər bir tərəfdən isə bu, onların ölkələrinin mədəniyyətinin dünyada tanınmasını təşviq edir" - deyə Şirin Məlikova qeyd edib.

Qeyd edək ki, keyfiyyət nişanı qazanmış sənətkarlar öz məmulatlarını yalnız ölkə daxilində deyil, həmçinin xaricdə də satmaq imkanını qazanırlar.

Şirin Məlikova səfər çərçivəsində bir sıra görüşlər də keçirib. O, Buxarada güləbətin tikmə fabrikini ziyarət edərək işin həcmi, istifadə olunan materiallar, tikmə texnikaları ilə tanış olub.

S.QARAYEVA

 





06.09.2018    çap et  çap et