525.Az

İşğal olunmuş ərazilərdəki abidələrin vəziyyəti müzakirə edildi


 

İşğal olunmuş ərazilərdəki abidələrin vəziyyəti müzakirə edildi<b style="color:red"></b>

Tətbiqi Tədqiqatlar Fondu Azərbaycan Pezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə, strategiya.az saytı ilə birgə ”Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri mövzusunda müzakirələrin təşkili” layihəsi çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərində tarixi mədəniyyət abidələrinin vəziyyəti və onun dünya ictimaiyyətinə çatdırılmasının problemləri” mövzusunda seminar keçirib.

525.az-ın məlumatına görə, seminarı çıxış sözü ilə açan strateqiya.az saytının baş redaktoru İbrahim Əliyev qeyd edib ki, müstəqil Azərbaqcanın ən ağrılı problemi olan Dağlıq Qarabağ problemi ölkə həyatının bütün sahələri ilə yanaşı, milli mədəniyyətimizə də zərbə vurub. Onun sözlərinə görə, işğal ərazisində olan tarixi mədəniyyət abidələrimiz vəhşicəsinə dağıdılır, onların mahiyyəti dəyişdirilir, tarixləri saxtalaşdırılır.

İ.Əliyev ermənilərin bu hərəkətləri ilə dünya ictimaiyyətini aldatmağa çalışdıqlarını və öz tarixlərini yeniləməyə cəhd etdiklərini söyləyib:

“Bu məsələnin diqqətdə saxlanılması və dünya ictimaiyyətinə çatdırılması bizim görməli olduğumuz vacib məsələlərdən biridir. Strategiya.az saytının Tətbiqi Tədqiqatlar Fondu ilə keçirdiyi bu tədbir də həmin məsələlərə həsr olunub”.

Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu gün torpaqlarımızın işğalı ilə yanaşı, maddi-tarixi abidələrimiz də işğal faktı ilə üz-üzə qalıb:

“Ermənilərin Azərbaycan abidələrini məhv etməsi vandalizmdir. Biz bu vandallıq faktını dünya ictimaiyyətinə çatdırmalıyıq. Dünya ictimaiyyəti Azərbaycanın Dağlıq Qarabağ problemi, eləcə də tarixi abidələri ilə bağlı həqiqətləri bilməlidir. Dünya bilməlidir ki, ermənilərin özlərini yazıq obrazında təqdim etməsi reallığa tam ziddir”.

Deputat əlavə edib ki, Azərbaycana gələn turistlərə də dağıdılmış abidələrimiz haqqında məlumat verilməlidir:

“Bu gün Azərbaycana gələn turistlərin sayı artır. Təbii ki, biz məlum məsələyə görə turistləri işğal olunmuş ərazilərimizə apararaq oradakı abidələrimizlə tanış edə bilmirik. Lakin biz dağıdılmış abidələrimizlə, ermənilərin abidələrimizə göstərdiyi münasibətlə bağlı turistlərimizə lazımi məlumatları verə bilərik. Biz turistlərimizə Azərbaycanın ən qədim yaşayış məskəni olması, bunu sübut edən Azıx mağarası haqqında məlumat verə bilərik. Bunun üçün isə müxtəlif təbliğat yollarından istifadə edilə bilər".

 





06.09.2018    çap et  çap et