525.Az

Litvadakı Azərbaycan diasporu “Dağlıq Qarabağ dostluq qrupu”na qarşı


 

AZƏRBAYCAN DİASPORU LİTVA SEYMİNDƏ “DAĞLIQ QARABAĞ DOSTLUQ QRUPU”NU ZƏRƏRSİZLƏŞDİRMƏK ÜÇÜN QƏTİ TƏDBİRLƏR GÖRÜR

Litvadakı Azərbaycan diasporu “Dağlıq Qarabağ dostluq qrupu”na qarşı <b style="color:red"></b>

Litva Yəhudiləri İcmasının Şura üzvü, Litva Xalqları İnformasiya Palatası
(İNFORUM) İdarə Heyətinin sədri, “Litva-Azərbaycan” Assosiasiyasının həmtəsisçisi

Xəbər verildiyi kimi, bu ilin mart ayında Litva Respublikasının Seymində 12 nəfər millət vəkili tərəfindən “Dağlıq Qarabağla parlament dostluq qrupu” yaradılıb. Bu hadisədən dərhal sonra Litva azərbaycanlıları cəmiyyətinin sədri Mahir Həmzəyev və “Litva-Azərbaycan” Assosiasiyasının prezidenti İmantas Melyanas buna qəti etirazını bildirərək Litva Respublikası Seyminin rəhbərliyinə Azərbaycan təşkilatları adından birgə sorğu göndərdilər. Onlar həmin məktubda Litva Seyminin fəaliyyətini tənzimləyən Qanunda (Nizamnamədə) heç bir “parlament dostluq qrupunun” yaradılmasının nəzərdə tutulmadığını göstərdilər və Litva parlamentinin divarları arasında sözügedən qurumun hansı hüquqi əsaslarla yaradıldığını və nə kimi statusa malik olduğunu izah etməyi tələb etdilər.

Bununla yanaşı, Azərbaycan təşkilatlarının başçıları Seymin Nizamnaməsində təsbit olunmuş tələblərə uyğun olmayan bu cür strukturların fəaliyyətinə son qoymaq üçün optimal tədbirlərin görülməsilə bağlı konkret təkliflər də irəli sürdülər. Seymin sədri Vidas Gedvilas sözügedən sorğunun cavablandırılması və müraciətdə ehtiva olunmuş təkliflərə Seymin müvafiq fəaliyyət reqlamenti əsasında baxılması məsələsini Parlamentin Xarici İşlər Komitəsinə, eləcə də Hüquq və Hüquq qaydaları Komitəsinə tapşırmışdı.

Litva azərbaycanlıları cəmiyyəti və “Litva-Azərbaycan” Assosiasiyası bu ilin iyun ayında Seymin göstərilən komitələrindən rəsmi cavab məktubları alıb. Parlamentin Xarci İşlər Komitəsinin sədri, iqtidarda olan Litva sosialdemokrat partiyası fraksiyasının təmsilçisi, Vilnüs Universitetinin sabiq rektoru, akademik Benediktas Yodka  tərəfindən imzalanmış məktubda göstərilir ki, “Dağlıq Qarabağla parlament dostluq qrupu” onun rəhbərlik etdiyi Xarici İşlər Komitəsi tərəfindən “parlamentlərarası əlaqələr üzrə işçi qrupu” qismində tanınmır. Belə ki, “parlamentlərarası əlaqələr üzrə işçi qrupları” yalnız de jure tanınmış dövlətlərin parlamentləri ilə yaradılır. Buna görə də Seymin sədri rəsmi tanınmamış “Dağlıq Qarabağ Respublikasının” parlamentinə göstərilən qrupun yaradılması barədə məlumat göndərməmişdir”.

Seymin Hüquq və Hüquq qaydaları Komitəsinin sədri, tanınmış hüquq mütəxəssisi Yulyus Sabatauskasın imzaladığı rəsmi sənəddə isə konstatasiya olunur ki, “Dağlıq Qarabağla parlament dostluq qrupunun yaradılmasının yuridik əsasları Litva Respublikası Seyminin Əsasnaməsində təsbit olunmuş hüquqi tələblərə uyğun deyildir. Belə ki, həmin tələblərə görə “parlamentlərarası əlaqələr üzrə qruplar” yalnız hüquqi baxımdan tanınmış dövlətlərin parlamentləri ilə qurula bilər. Buna görə də, həmin qurum “parlamentlərarası əlaqələr üzrə qrup” olaraq qəbul edilmir və heç bir vəchlə Litva dövlətinin rəsmi mövqeyini əks etdirmir. Seymdə parlamentlərarası əlaqələr üzrə qrupların yaradılması qaydalarının optimallaşdırılması ilə bağlı Litva azərbaycanlıları cəmiyyəti və “Litva-Azərbaycan” Assosiasiyası tərəfindən irəli sürülmüş təkliflər Seymin Nizamnaməsi təkmilləşdirilən zaman nəzərə alınacaq”.

Bizim qənaətə görə, Seymin Komitələrinin çıxardığı bu nəticələr və Litva azərbaycanlıları diasporuna ünvanladığı cavablar “Dağlıq Qarabağla parlament dostluq qrupu” ilə bağlı erməni ekspansionist qüvvələri tərəfindən Litvada qurulmuş planların və onların Seymdəki bir sıra muzdlu havadarlarının göstərdikləri səylərin faktiki olaraq iflasa uğramasını göstərir.

Xüsusilə vurğulamaq lazımdır ki, 1990-cı ilin martın 11-də Litvanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ötmüş 23 ildən artıq bir zaman ərzində ilk dəfədir ki, bu ölkənin ali qanunverici orqanı ictimai təşkilatların Seymə ünvanladıqları sorğuda ifadə edilmiş tənqidi fikirlərin düzgünlüyünü və irəli sürülmüş təkliflərin əsaslı olduğunu etiraf etməyə vadar olub. Düşünürük ki, həmin təkliflər yaxın zamanda Litva Respublikası Seyminin Nizamnaməsində müvafiq dəyişikliklərin edilməsinə gətirib çıxaracaq.

Qeyd olunmalıdır ki, Seymdə “Dağlıq Qarabağla parlament dostluq qrupunun” ləğv edilməsi üçün görülən bu qəti tədbirlər Litva Azərbaycan diasporunun lobbiçilik fəaliyyəti, həmçinin Azərbaycanın Litvadakı təəssübkeş dostlarının dəstəyi və əzmli addımları sayəsində mümkün olub.

Vilnüs, 28  iyul 2013-cü il

E.-mail: [email protected]

 





02.08.2013    çap et  çap et