525.Az

Paşinyanın avantürası


 

MEHDİ ABDULLAYEV: “PAŞİNYAN SƏLƏFLƏRİNİN SƏHVLƏRİNDƏN DÜZGÜN NƏTİCƏ ÇIXARARAQ BÖLGƏDƏKİ REALLIQLARI NƏZƏRƏ ALMALIDIR”

Paşinyanın avantürası<b style="color:red"></b>

“Nikol Paşinyan yenə siyasətdə naşı olduğunu göstərdi, yenə başından böyük sözlər danışdı”.

Bunu “525”ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkilinin dediyinə görə, Qərbdəki havadarlarının himayəsi və cinayətkar Sarkisyan xuntasının səhvlərindən yararlanıb, xalq kütlələrinin etirzaları dalğasında çevriliş yolu ilə hakimiyyətə yiyələnən Ermənistan lideri əslində siyasətçidən, dövlət adamından daha çox uğursuz idarəci və “siyasətbaz” olduğunu dəfələrlə nümayiş etdirməkdədir, Moskvaya son səfərində də söylədiyi təxribat xarakterli sözlər bir daha bunun əyani və növbəti təsdiqi oldu.
 
T. Rzayev bildirib ki, aprl-may ayları ilə müqayisədə, Paşinyanın ölkədə nüfuzu və reytinqi sürətlə aşağıya düşməkdədir: “Artıq ona qarşı sabiq prezidenti-hərbi cani Robert Koçaryanın başçılıq etdiyi böyük bir blok formalaşmaqdadır. Həm Ermənistandan olub, hakimiyyətdən uzaqlaşdırlan, sıxışdırılan məmurlar, həm də “Qarabağ klanı”ndan olanlar Koçaryanın timsalında Paşinyana qarşı geniş cəhhə açmaqdadırlar. Paşinyanı çox ağır günlər gözləyir, ölkədəki problemlər də bəlli…

Əslində Paşinyanı yalnız bir məsələ - əvvəlki başabəla, cinayətkar rəhbərlərin, Koçaryan-Sarkisyan rejimlərinin avantürist, destruktiv siyasətlərindən əl çəkmək və Azərbaycanla konstruktiv şəkildə sülh danışıqları ətrafında, danışıqlar masası arxasında əyləşmək və ədalətli sülhə razı olmaq qurtara bilərdi. Amma görünür, o, bu fürsətini, bu şansını da əlindən verməkdədir. Onun Moskvada  iş adamları ilə görüş zamanı söylədiyi təxribat xarakterli sözləri, yəni, “gələcəkdə tanınmamış “Dağlıq Qarabağ Respublikası” Ermənistan ərazisinin tam hüquqlu tərkib hissəsi olmalıdır” cəfəngiyyatı Paşinyanın heç də xuntaçılardan, cinayətkar Koçaryan və Sarkisyandan fərqlənmədiyini, əksinə, ondan daha betər və avantürsit olduğunu göstərdi. Bu adam nə danışdığını bilmir və fərqində deyil ki, münaqişənin həllinə, danışıqlar prosesinə, bölgədə sülhün-təhlükəsizliyin təminatına nə qədər böyük zərbələr vurur. O, ağlını başına yığmalı, buraxdığı təhlükəli və biabırçı xətadan geri dönməlidir. Yoxsa, həm onun özü, həm də Ermənistan üçün böyük ziyanı olacaq. Azərbaycan dövlət və dövlət rəhbəri səviyyəsində dəfələrlə açıq şəkildə bəyan edib ki, Qarabağ Azərbaycanın tarixi, ayrılmaz tərkib hissəsidir və torpaq məsələsində heç bir güzəştdən söhbət gedə bilməz. Əgər Paşinyan bunu dərk etmirsə və ya özünü “uşaq yerinə” qoyursa, bu, artıq onun öz işdir və bunun cəzası da uzun çəkməyəcək”.

Millət vəkili Aydın Mirzəzadə öz növbəsində Paşinyanın sözlərini təxribat və danışıqlar prosesinə böyük zərbə adlandırıb: “Ancaq o, cavabını almalıdır. Aprel gecdir, Paşinyana bir sentyabr “hədiyyəsi” edək. Qoy ayılsın!”

Hüquq elmləri doktoru, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev də mətbuata açıqlamasında  deyib ki,Paşinyanın Moskvada iş adamları ilə görüşdə söylədiyi sözlər sırf təxribatdır və açıq-aşkar avantüradır: “Bu adam əvvəlki cinayətkar həmkarlarının yolu ilə gedərək, öz xislətini və mahiyyətini nümayiş etdirmiş oldu. Göstərdi ki, Ermənistanda hələ ki, normal düşüncəli siyasətçi, ağlı yerində olan dövlət adamı yoxdur, bütün siyasətçilər, idarəçilər daşnak ideologiyasına tutulublar və bu xəstəlikləri də sağalan deyil”.

O, qeyd edib ki, Paşinyanın sözləri həm də beynəlxalq hüquq normalarının, Azərbaycanın BMT Nizamnaməsi ilə təsbit edilmiş və tanınmış hüquqlarının açıq-aşkar və kobud şəkildə pozulmasıdır: “Bu adam hələ də anlamır və ya anlamaq istəmir ki, Azərbaycan 1992-ci ildə BMT-yə qəbul olunarkən, bu beynəlxalq təşkilat tərəfindən Qarabağ və ona bitişik işğal olunmuş ərazilər Azərbaycanın tarixi və qanuni əraziləri kimi tanınıb. BMT Təhlükəsizlik  Şurasının münaqişənin həlli ilə bağlı 1993-cü ildə qəbul etdiyi 4 məlum qətnamədə, həmçinin, Avropa Şurasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların  qətnamələrində bir daha Qarabağ Azərbaycanın ərazisi kimi tanınıb və işğalçı erməni hərbi birləşmələrinin, cinayətkar quldur dəstələrinin qeyd-şərtsiz həmin ərazilərdən geri çəkilməsi tələb olunub.
 
Bütün dünya ictimaiyyətinə yaxşı bəllidir ki, Qarabağ Azərbaycanın ayrılmaz, əzəli-əbədi ərazisidir. İşğal faktının hələ də aradan qaldırılmasına baxmayaraq, bu ərazi, bu torpaq heç zaman ermənilərin, Ermənistanın olmayıb və olmayacaq da. Azərbaycan öz ərazilərindən, öz torpaqlarından heç kimə güzəşt gedən deyil. Bu, Azərbaycanın birmənalı və dəyişməz mövqeyidir. Odur ki, Paşinyan, nə qədər gec deyil, sələflərinin səhvlərindən düzgün nəticə çıxararaq, bölgədəki reallıqları nəzərə almalıdır.  Eyni zamanda, bəyanatlar verməkdən savayı, ötən 20-25 il ərzində heç nə ilə məşğul olmayan, heç nəyə nail olmayan həmsədrlər, ATƏT-in Minsk qrupu da artıq hərəkətə keçməli, Ermənistanı ədalətli sülhə məcbur etməlidirlər”.M. Abdullayev sonda vurğulayıb ki, bəyanatlar dövrü geridə qalıb, artıq konkret iş, əməli fəaliyyət dövrüdür.

“Bu kimi açıqlamalar danışıqlar prosesinə ciddi zərbədir. Ermənistanın əsl xislətini nümayiş etdirir”.

Bunu isə qəzetimizə açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyb.

XİN rəsmisinin sözlərinə görə, Paşinyanın son sözləri baş nazir səviyyəsində bu ölkənin Azərbaycanın işğal edilmiş ərazilərinin anneksiyasi (ilhaqı) siyasətini yürütdüyünü göstərir. “Bu, beynəlxalq hüquqa və BMT TŞ-nın qətnamələrinə hörmətsizlikdir. Vəziyyətin gərginləşməsinə xidmət edən bu açıqlamaya görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”-deyə, XİN rəsmisi sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





10.09.2018    çap et  çap et