525.Az

Teatrlar yeni mövsümə hazırdır


 

Teatrlar yeni mövsümə hazırdır<b style="color:red"></b>

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci mövsümün ilk ayının repertuarını açıqlayıb.
 
Teatr sentyabrın 15-də Şarl Perronun "Qırmızıpapaq" və "Durna balığı" rus xalq nağılının tamaşaları ilə balaca sənətsevərləri salamlayacaq. Ertəsi gün "Əlibaba və qırx quldur" ərəb xalq nağılı və "Şəngülüm, Məngülüm" Azərbaycan xalq nağılı nümayiş olunacaq. Repertuarda, həmçinin, A. Şaiqin "Tıq-tıq və Taq-taqın nağılı" (21 sentyabr), Kəmalə Ağayevanın "Göyçək Fatma" (22 sentyabr) və digər tamaşalar var.

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi 26-cı teatr mövsümünü sentyabrın 15-də "İt gəzdirən xanım" adlı səhnə əsəri ilə açıq elan edəcək. Bundan başqa, sənət ocağında sentyabrın 16-da "Dejavü", sentyabrın 22-də "Ağ bığlılar" və 23-də isə "Underground" tamaşaları oynanılacaq.

Həmçinin, sentyabrın 29-da teatrın repertuarında xüsusi yer tutan "Qoca və Mələk", 30-da isə maarifləndirici tamaşa olan "Fəlakət və İnsan", eləcə də "Mənim balığımsan" adlı tamaşalar izləniləcək.

Qeyd edək ki, ötən teatr mövsümünə "İt gəzdirən xanım" tamaşası ilə yekun vurub. Leyla Atayevanın quruluşunda izlənilən sözügedən səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandırır.

Şahanə MÜŞFİQ

 





12.09.2018    çap et  çap et