525.Az

"Məndən sonra nə var?" - Xalq şairi Fikrət Qocanın şeirləri


 

"Məndən sonra nə var?" - <b style="color:red">Xalq şairi Fikrət Qocanın şeirləri</b>

Günay qızıma

Qulağımdakı səsdən,
Ürəyimdəki həvəsdən,
Xəstə candan
Özüm-özümdən,
Qəsdən qaçdım!
Ürəyimdə sızlayan
Günay adlı səsdən,
Elə o səsə qaçdım.
Asiyaya, Avropaya...
Yox, yox,
Amerikada
İndianapolisə qaçdım!

lll

Bu şəhərdə də
Hər axşam, hər səhər,
Böyükdən kiçiyə
Hər yaşda,
Hər nəfər,
Hərə bir səmtə qaçır.
Kimi öz elindən,
Kimi doğma dilindən,
Kimi dost əlindən,
Kimi düşmən əlindən qaçır.
Kimi də öz əməlindən qaçır.
Kimi bu dəbə qoşulmaq,
Elə qaçmaq üçün qaçır.
Kimi iştahını açmaq üçün qaçır.
Kimi şişmanlığından qaçır,
Kimi peşmanlıqdan qaçır.
Kimi qapıdan çıxıb qaçmaq üçün,
Kimi də birinə qapı açmaq üçün
Qaçır, qaçır...
Heç kəs bilmir
Hansı səmtdədir sevinc, kədər...
Kimin payına nə düşəcək
Nə qədər, bilən yoxdu.
Ayaq saxlayıb bir an
Bir-birinin üzünə baxıb
Gülən yoxdu...

lll

Unuduruq hər kəsin öz taleyi var,
Hər şey qədərdi.
Hər kəsin payı
Öz taleyinə düşən qədərdi.
Heç kəs sənin payını
Əlindən almayacaq.
Alsa da səninki azalmayacaq.
Onunku çoxalmayacaq.
Bu qədərdi.
Özünü yormağın faydası yoxdu.
Kimin ruhunun gözü acdı
Ac olacaq.
Kimin ruhunun gözü toxdu,
Tox olacaq.
Yüyürən yıxılar deyiblər,
Ancaq,
Elə yüyürməyən də,
Nə vaxtsa yıxılacaq.
ABŞ, İndiana.
İndianapolis şəhəri

18.07.2018

Şuşa mənim ruhumdadı

Bu yaşımda...
Dünyanın o başında
Könlümdə, gözümdə
Xatirə yandı.
Ruhum Qarabağa da
Burdan boylandı...
Bir qərib axşamda
Göyün üzündə
Bir səs havalandı,
Cıdır düzündə,
Yanıqlı bir səs.
Bir Qədir səsi
Səsin lap zilindən,
Son zənguləsi,
Özünü qayadan
Uçuruma atdı.
Mürgülü dağları,
Lal qayaları,
Yuxudan oyatdı,
Aləmi qatdı,
Geri qayıtdı.
Dəli ürəyimi,
Çaldı, oynatdı.
Daşaltı çayının
Səsi oyandı
Sanki asimanda,
Dünyada hər şey,
O səsin hökmüylə
İndi yarandı.
Hər yan öz rənginə,
İndi boyandı.
Dedim şükür sənə,
Dünya oyandı.
Yarəb, məni geri
Qaytarma, atma.
Allah bu xəyaldan,
Məni oyatma.
ABŞ, İndianapolis şəhəri

02.08.2018

Zaman

Zaman!
Yalvarıram sənə aman ver,
Aman!
Qadınların zərifliyini alma!
Ürəklərindən məhəbbəti çalma!
Ruhlarına kin-nifrət salma!
Erkəkləri əsl erkək eylə.
Xanımına geyim kimi,
Balasına öyüm kimi,
Evinə işıq kimi gərək eylə.
Süfrəsində duz-çörək,
Amma düz-çörək eylə.
Zaman!
Dövran olsa da yaman,
Sən aman ver, aman!
Müqəddəs duyğularımıza dəymə.
Bizi o yerdən döymə,
İçimizin sütununu əymə.
Bu acıya dözülməz.
O əcdadımın yadigarıdı - 
Gələcəyimin vüqarıdı, adıdı,
Sonra zamanla da düzəlməz.
İnsan yaşı çox olanda qocalmır,
İçi qocalanda ölür.
Millət ac qalanda ölmür,
Alçalanda ölür!

07.08.2018

Fəvvarə

Xeyli vaxtdı
Bir sakit gölün
Sahilində qalıram.
Əlbət ki havadan,
Quşların səsindən həzz alıram.
Gölün ortasında fəvvarə var.
Elə bil su fişəngidi.
Üfüqdəki bütün rənglər
Onun rəngidi.
Bəlkə göl olmaqdan
Bezmiş suyun
Qaçmaq,
Uçmaq,
Yağış olmaq cəngidi,
Həvəsidi.
Gecəli-gündüzlü qulağımda
Yağış səsidi.
Sakit göldən uçan, qaçan
Damlalar.
Zümrüd dənəsi
Kimi gün altında yana-yana
Üsyan edir göl olmağa, sükuta.
Qalxır asimana
Az sonra gücü tükənir.
Atəşi sönür.
Havada bir an dayanır,
Dönür,
Enir,
Öz kökünə, soyuna...
Hər zərrənin, hər damlanın
Canında bu qədər uçmaq
Həvəsi var.
Bəs necə olub ki, kainatda
“Yer kürəsi”
Adlı bir İnsan qəfəsi var.
Qayıtmaq vaxtım yaxınlaşıb
Qulağımda yağış səsi var.
Mən də başdan-ayağa suyam.
İçimə sığmayan uçmaq arzusuyam.
İnsanın üzünə yox.
İçinə baxın!
Açın insan
Qəfəsini,
Bizi kainata buraxın.
İnsan gəzsin planetləri
Axın-axın.
Kainata sızın-axın...
Hamımız sudan yaranmışıq
Qohumuq bir az uzaq,
Bir az yaxın.
Hamımızın içində
Tənhalıq yaşayır.
Hamımız əziz övladıyıq
Allahın.

Amerikada

Burda hər kəs öz evinin
Şahıdı.
Uşaqdırsa - hamının
Uşağıdı.
Böyükdürsə - hər kimdir,
Öz evində hakimdir,
Öz evində məhkumdur.
O da öz ailəsinə məlumdur.
Hər kəs buna alışsa,
Öz iştahına görə çalışsa,
Qalxar ayağa,
Hər kəs özünün ağasıdı,
Həm də quludu.
Hər kəs öz ağlının məhsuludu.
Amerika da
Qanunsuz yaşayanlarla doludu.
Amma dövlət qanunu burda
İncildən də, Tövratdan da,
Qurandan da uludu.
Hər ölkədə yaşamağın bir
Yolu var,
O da Dövlət Qanununun yoludu!
Axı niyə sən!
Öz ağlınla yazdığın, bəyəndiyin
Qanununu,
Sonra iynəyəsən?
Çeynəyəsən?
Qanun vicdanın dediyidi.
Nə fərqi var Ağsan, Sarısan, Qarasan.
Niyə dövlətin vicdanını aldatmağa
Yol axtarırsan.
O zaman, budur gerçək!
Sənə öz ağlın cəza verib,
Get çək!

Sankt-Peterburq limanında

Limanda Avrora gəmisi
Nə vaxtdır lal dayanmışdı.
İnqilab qalib gələndə dil açdı
İlk zəfər atəşi açdı...
Sonra Kuba adası
Amerika qitəsinə
Avrora gəmisi kimi yanaşdı.
Sonra...
İnqilabın dadı qaçdı...
Sonra qanlı çevrilişlər,
Terrorlar da
İnqilab sayılmaq istədi,
Vəba kimi dünyada yayılmaq istədi.

Çox şükür bir əsrdən sonra,
Dünya bu qanlı yuxudan
Ayılmaq istəyir.
Qanun qələmlə yazılır,
Silahla yox...
Günah - qanunla yuyulur,
Qanla - günahla yox.
Zəfər rəmzi deyil  - top səsi.
Zəfər rəmzi - insan səsidi.
İnsan alqışıdı, insan nəğməsidi.
İnsanın həyata məhəbbətidi.
Qalib gələn zamandı, həyat həqiqətidi.
Qan tökən ən yaxşı halda - xəstədi, dəlidi!
Ən güclü silah insan zəkasıdı,
İnsan əlindən tutan insan əlidi.

15.08.2018

Ömür suallara cavabdır

Dünya çox dərindi, Aləm genişdi,
Səslər sənin səsin, nəğmələrindi.
Yaşamaq özü də ağır bir işdi.
Ölüm nə sirdirsə bilmirəm indi.
Canlı da, cansız da, iş də, “sualdı”?
Canlılar deyinir, cansızlar laldı.
Hər kəs bir suala cavab axtarır.
Sual verən kimdi? Sual kimindi?

19.08.2018

Məndən sonra

Məndən sonra nə var?
Mənim xatirəm!
Xatirəm nədir ki?
Bir az kədər, qəm...
Mənim gəlməyimlə
Gəlməyib aləm!
Məndən sonra nə var?
Bu yer, kainat,
Bütün bu Aləm!
Bu dünya, bu aləm,
Mənim ailəm.
Məndən sonra yenə
Yeni səfər var.
Günəş xoruz kimi
Banlayacaqdı:
“İnsanlar oyanın,
Yeni səhər var!”
Xoruzu banladan
Mən olacağam.
Qəlbində, beynində
Xır-xır səsimlə
Mətləbi anladan
Mən olacağam.
Mən odlar oğluyam,
Odam-ocağam.
Əgər siz varsınız
Bu kainatda
Sizin ruhunuzda
Mən olacağam!

24.08.2018

Hər gün səhər duam

Dəli yuxarı qalxmır,
Ağıllı aşağı enmir.
Ağsaqqal abırına qısılıb dinmir.
Dünyada hamının başı qarışıqdı.
(Allahımız bunları bizə göstərən işıqdı).
Deyəsən çoxu elə bilir
Yaradan evimizdə ən sözə baxan uşaqdı.
- Allah mənə kömək elə! - deyir.
Həm də elə deyir...
Hələ bu günə şükür...
Allahım, bizə baş qoşma
Böyüksən, ucasan səbrinə şükür...
Sənə şükür...
Bu günə şükür...
Hər səhər...

 





17.09.2018    çap et  çap et