525.Az

Kosmosdan gələn adam


 

Kosmosdan gələn adam<b style="color:red"></b> şair Zərdüşt Şəfinin ölümündən 1 il ötür
 
19 yaşım və artıq üç elegiyam var:
Babam, Fərhad və sən...
 
Ölüm ən tez bar verən ağac imiş. Niyə yazdım ki, Zərdüşt?: “Ağacıq biz hamımız, gündüz kölgələri, gecə özləri tökülür yarpaqlarımızın...”

Zərdüşt, qardaşımı - Mirrəsulu indi olmasın-yox, dilim qurusun, kaş elə indi olaydı- çox istəyirdin.  Sən tez-tez Atilladan, mən isə Mirrəsuldan danışardım. Mən sənin qardaşını sevməyini sevirdim. Bir dəfə söz ailələrimizdən düşmüşdü. Atandan heç vaxt xərclik istəmədiyindən, atan pulun varmı deyə soruşanda hər zaman var deməyindən bəhs eləmişdin. “Bala, sən kosmosdan gəlmisən? Bir dəfə də olsun pul istəməzsən...” Atan, təxminən, belə söyləyirmiş sənə. Necə də səmimi idi bunları danışan gözlərin, əllərin, dost!

Zərdüşt, Mirrəsul lap balaca vaxtı mənə əsəbiləşəndə bilirsən nə deyərdi?  “Eybi yox, qaqa, sən məndən böyüksən. Sən məndən tez öləcəksən. Mən səndən çox yaşayacam. Onda məni narahat edən olmayacaq...”
Sən bizim böyük qardaşımız idin, “86”!  Sən getdin. Azaldıq. İndi yazılarım çap olunanda zəng gəlmir: “Təbriklər, yaxşıdır, amma...”  Kitabxanaya gedən yolda heç kimlə nobel paylamıram. Xalqlar”dakı o kitabxanaya məni aparan yoxdur! Heç kim eynəyinin altından sənintək gülə bilmir, dostum! Heç kim deyə bilmir ki, neynəyim, o nobeli. Nəyimə lazım, Aytmatova çox gördükləri mükafat?!

Zərdüşt, o qədər azalmışam ki, səninlə tez-tez görüşdüyümüz o parkda gəzə bilmirəm artıq. Bilyard masalarını yoxlayanda gözlərim, tapa bilməyəndə səni, sındım axı!

Zərdüşt, bu gün səhərə yaxın anam əlində Quran soruşdu: “Zərdüşt, bu gün...hə?” Başımla təsdiqlədim. Məni bağışla, qardaş. Ankarada olduğum üçün sıx-sıx görüşə bilmirdik. Sonra da hər zaman nələr-nələr... Bağışla, qardaş.

Anamın səsi məni diksindirdi: “Həmişə səninlə danışanda ananın əllərindən öpürəm deyirdi. İşə, bax, onun ruhu üçün də oxuduğum Quranı indicə, Ramazan gecəsində xətm elədim.”

Gülümsündü: ”Yadındadı, bir dəfə bizə gəlmişdi? Zərdüşt necə ürəklə yeyirdi mən pişirdiyim yeməkləri. Dədən də sataşmışdı ki, bəs, ay Zərdüşt, yeməyi israf eləmə. Hə, hə... Gedəndə sən ona Quran hədiyə etmişdin. Evdən çıxanda gülmüşdü rəhmətlik Zərdüşt: “Ay, Mirbəhram, siz hər evinizə gələnə Quran verib cənnətə göndərirsiniz?” Yadındadı?”

Yadımdan çıxmamışdı ki, ay Zərdüşt, eynəyinin altından gülən gözlərin...
 





05.08.2013    çap et  çap et