525.Az

Vüsalə Mahirqızı: “Kim olduğumu özümə demişəm...” - MÜSAHİBƏ


 

Vüsalə Mahirqızı: “Kim olduğumu özümə demişəm...” -<b style="color:red"> MÜSAHİBƏ</b>

Adına ömür dediyimiz tanrı borcu tanışlıqdı, bu dünyayla, insanlarla. Həmkarım Ramilə Qurbanlıyla APA Holdinqin prezidenti Vüsalə Mahirqızından aldığımız müsahibədən sonra belə düşündüm... O, atasının adını soyad kimi götürüb. Adi haldı. Bir çox həmkarlarımızda olduğu kimi... Heç diqqətimi çəkməmişdi...Amma hər şeyin mahiyyəti bəlkə də elə bundaymış...Onun Mahir müəllimin qızı olmasında... Bu yaxınlarda jurnalistlərlə bağlı bir hadisədə onun qızına dediyi sözdən xəbərdar idim. Müsahibə başlayanda ağlımda dolaşırdı bu söz... Və istər-istəməz gülümsədim... Ağlımdan keçənsə bu dəfə başqa bir şey idi: "Bu qız yaxşı kişinin qızıdı"... Beləliklə, müsahibimiz APA Holdinqin prezidenti Vüsalə Mahirqızıdı...

 

Jalə Mütəllimova: Hərdən mənə elə gəlir ki, heç dəyişməmisiz. Bir az da adam sevinir belə şeylərə. Hələ də özü kimi qalmaq istəyinin olmasına. Çətindi belə qalmaq?

 

Vüsalə Mahirqızı: Açığı, elə xüsusi düşünməmişəm ki, mən dəyişim, ya da dəyişməyimə ehtiyac var. Əksər hallarda içimdən gələn kimi hərəkət eləyirəm. Mənə elə gəlir ki, bəzi məsələlər genetikdi. Elə məsələlər var ki, adam onu evdən, ailədən öyrənir, eləsi də var, sonra səni əhatə edən mühit, yol göstərən böyüklərindən öyrənirsən. Heç bir halda nəyisə bilməmək, görməmək faciə deyil. Faciə bilmədiyini öyrənməmək, gördüyünü götürməməkdi.

 

Ramilə Qurbanlı: Yəni bir sözlə bünövrə olmalıdır...

 

VM: Hə. Amma mən hesab eləyirəm ki, bir xeyli də dəyişmişəm.

 

JM: Artan pillələrdə nə dəyişdirir adamı? Ya da adam niyə dəyişmək məcburiyyətində qalır?

 

VM: Hər şey həmişə yaxşı olmur. Elə şeylər baş verir ki, istəməsən belə dəyişməli olursan. Adamlarla məsafəni müəyyənləşdirmək ilk şərtdi, məncə. İstəsən də, istəməsən də günün reallığına, cəmiyyətin baxışına uyğunlaşmalısan.

 

RQ: Mühitin rəngini alırsan yəni...

 

VM: Təbii ki.

 

JM: Məncə, çətindi…

 

VM: Müəyyən məqamlarda əslində özün kimi ola bilməmək çətindi. Elə məsələ var ki, ona bir az acımaq, bəlkə fəryad eləmək, ağlamaq lazımdı. Amma o anda bunu eləmək olmaz. Ona görə yox ki, mənim vecimə olmur, acımıram. Qətiyyən yox. Sadəcə, o məqamda elə görünmək lazımdı, gördüyüm iş belə tələb edir. Vəssalam.

 

RQ: Yəni içinizə zidd gedirsiz?

 

VM: Əlbəttə. Amma gördüyüm iş belə tələb edirsə, bunu eləmək lazımdı. Mən yalnız öz imicim üçün çalışmalı olan bir peşənin sahibi deyiləm. Böyük bir şirkəti idarə eləyirəm, ölkənin informasiya təbliğatı və təminatının əsas yükünü çəkən müəssisələrdən biri də buradır. Mənim qarşımda məqsədlər var. Gördüyüm işləri yaxşı görmək, prinsipiallığını saxlamaq, dəqiq bir mexanizm qurmaq. Bunun üçün bəzi məqamlarda “yaxşı adam olmaqdan” vaz keçmək lazımdısa, demək, onu eləməliyəm. Adamlar bunu anlayacaq, ya yox, bu, sonrakı məsələyədi. “Xeyirxahlıq simvolu” olmağı qarşıma məqsəd qoymamışam. “Yaxşı” ya “pis adam” anlayışları subyektivdi, birinə yaxşı olan, başqa biri üçün mütləq pisdi. Yəni hamını eyni zamanda nəzərə almaqla qərar vermək, hamının sevimlisi olmaq onsuz da mümkün deyil. Ona görə də mən belə qiymətləndirmələrə soyuq yanaşıram.

 

JM: İllərlə tanıdığım üçün bilirəm ki, emosional adamsız. Emosiyalar ədalətli olmağa maneçilik törətmir ki?

 

VM: “İllər əvvəl tanıdığım kimi” desəydin, daha doğru olardı. Çünki indi artıq emosional deyiləm. Amma deyim ki, kiməsə görə ədalətli, kiməsə görə ədalətsiz olmaq mümkündü, bunlar mütləq anlayışlar deyil.

Bəlkə sənə təəccüblü gələ bilər ki, illər əvvəl bu mövzularda çox barışmaz olan adam indi soyuq danışır. Amma illər mənə bircə həqiqəti öyrətdi: özüm özümü, dəyərlərimi, prinsiplərimi, irəli, eyni zamanda, geri addım atma sərhədlərimi bilirəm. Özüm üçün nələrin “olmazsa olmaz” olduğunu dəqiq müəyyənləşdirdim. Birinə başqasının ayağının altını qazmaq maraqlıdır, birinə əyləncə, birinə yaxşı adam, o birinə pis adam olmaq zövqlüdü. Və sən insanlara özün onları görmək istədiyin kimi olmaları barədə komanda verə bilməzsən. Hərənin öz qaydaları, öz gerçəkləri var, hamı da öz elədiyini, öz münasibətini doğru hesab edir.

 

JM: Bu gün Azərbaycanda tanınan imzaların əksəriyyəti APA Holdinqdədi. Çətin deyil ki?

 

VM: Yox, çətin deyil. Adamlara qarşı dürüst olanda, hər kəslə normal münasibət quranda, onların istedadını qısqanmayanda bir yerdə çalışmaq çətin olmur. İstedadlı adamları təkcə yüksək əmək haqqı ilə cəlb eləmək olmur. Səbəb də elə onların istedadlı olmasıdır. Rəqabət mühitidir, istedadı olan adamla hamı işləmək istəyir, onsuz da o evdə oturub köşəsini yazsa da, pul qazanır. Bu qədər istedad bu şirkətin çatısı altına yığışıbsa, deməli, burda olmaq onlara xoşdu.

Mənim bu adamlarla bağlı heç bir kompleksim yoxdu. Qətiyyən o barədə düşünmürəm ki, birdən kimsə məndən daha istedadlı görünə bilər və ya görünür. Etiraf eləmək lazımdı ki, burda onlarla yazar məndən daha yaxşı yazı texnikasına malikdi, məndən çox üstün redaktə qabiliyyəti olan redaktorlarımız var, İT mütəxəssislərinin işini, ümumiyyətlə, çox az bilirəm, tərcümə qabiliyyətim yoxdu, TV işini hələ öyrənirəm. Burda nə var ki? Mən bunu etiraf eləməkdən, bu sahənin biliciləri ilə məsləhətləşməkdən, onların burda olmasından qürur duyduğumu ifadə eləməkdən niyə çəkinməliyəm ki? Qətiyyən belə kompleksim yoxdu. Mən xəbər jurnalistikasını kifayət qədər bilirəm və bu sahədə özümə çox az rəqib tanıyıram. Bir də media idarəçiliyini bildiyimi sübut eləmişəm. Məncə, bir insan üçün yetərli bacarıqdı. Ona görə də başqa sahədə diletant görünmək və ya professionalı önə çəkmək problemim yoxdu.

 

RQ: Hər kəsin içində bir etiraf məqamı var. O anda özünüzün özünüzə etiraf anında nə düşünürsüz?

 

VM: Doğrudu, var belə an. Hətta hamıdan, hər şeydən qaçan adamlar da yəqin özləri ilə olan o haqq-hesabdan qaça bilmirlər. Məncə, elə insanın özünü dərk elədiyi əsas məqam da o etiraf anıdı. Özün özünə kim olduğunu deyirsən. Mən bu cəhətdən çox rahatam. Bayaq da dedim, özüm özümlə söhbət eləyib, kim olduğumu demişəm özümə. Bu, çox yaxşı bir hissdi. İnanın ki, ondan sonra kimləsə uğraşmaq, balaca hədəflərə tərəf qaçmaq çox xırda hissə çevrilir.  Onda həm də dərk eləyirsən ki, sənlə uğraşanlar da öz içlərində belə söhbət eləyiblər və özlərinə sənin kim olduğunu etiraf eləyiblər. Elə buna görə də səninlə uğraşırlar.

 

JM: Bir status oxudum bu yaxınlarda. Deyəsən işə götürmədiyiniz biri idi. Yazmışdı ki, Vüsalə Mahirqızı, siz məni işə götürmədiniz, amma mən sizi nə vaxtsa mütləq işə götürəcəm...

 

VM: Allah köməyi olsun. Mən buna çox normal baxıram. Bir vaxtlar indi vesti.az agentliyinin baş direktoru işləyən Araz Zeynalovdan müsahibə almışdım və elə o müsahibədə də ona demişdim ki, ən böyük arzularımdan biri onun rəhbərlik etdiyi kollektivdə müxbir işləmək, ondan öyrənməkdi. İndi biz bir kollektivdə, ikimiz də rəhbərlikdə çalışırıq.

 

RQ: Amma öz işçisi ilə rəqabət aparanlar var....

 

VM: Bu, mənə gülməli gəlir. Belələri varsa, onda onun yerini işçisi ilə dəyişdirmək lazımdı. Əgər adam oturduğu yeri doldurmursa, o ola-ola belə, kreslo boş görünürsə, əmin olun ki, bir gün o yeri kənardan da olsa, gəlib tutacaqlar. Ona görə də birinci bacardığın işlə məşğul olmaq, ikincisi, öz üzərində işləyib göstərilən etimada layiq olmaq lazımdı.

 

RQ: Hərdən adama elə gəlir ki, verdiyiniz bəzi qərarların əzabını yaşayırsınız?

 

VM: Bəzən olur, hə. İşdə idealist yanaşma keçmir, səhv varsa, düzəldilməlidir, nizam-intizam, subordinasiya qaydaları qorunmalıdır. Onu pozmaq cəhdinin qarşısını almaq üçün sərt qərar lazım olur. Sonra mənim nə yaşamağımdan asılı olmayaraq, qərar verilməlidisə, verilməlidir.

 

JM: Sosial şəbəkədə bəzən şeir, mahnı, sentimental statuslar paylaşırsız. Amma bəzən də deyirsiz ki, romantika, sevgi Sizlik deyil…

 

VM: Mən ixtisasca filoloqam. Təsirli bir şeirə, mahnıya, yazıya biganə deyiləm. Amma hisslər yaşamaq üçündü, danışmaq üçün deyil. Sevgini, istəyi yaşayıb hiss elətdirərlər.

 

RQ: Bəs ailədə necə qarşılanır bu?

 

VM: Hərənin bir xarakteri var. Ailə adamın olduğu kimi qəbul edildiyi yerdi. Bilirlər ki, beləyəm.

 

JM: Bəlkə ictimailəşmiş adam olmağınız mane olur?

 

VM: Yox, bu, daha çox xarakterdi. Qızımla nə ictimai münasibət, ya da anamla? Amma mən gerçəkdən anlaya bilmirəm ki, “ana, səni çox istəyirəm” cümləsi nə məna verir? Ananı çox istəyərlər də, axı heç kim üçün bunun əksi olmur? Əksi yoxdusa, onda bunu sabah-axşam dilə gətirməyin mənası nədi?

 

RQ: Zəif yeriniz kimdi, nədi?

 

VM: Söhbət yəqin, “bu adam olmasa, mən yaşaya bilmərəm” fəlsəfəsindən gedir?

 

RQ: Bəli.

 

VM: Nazim Hikmətin çox sevdiyim bir sözü var: “ Hani derlər ya, mən sənsiz yaşayamam-falan. İştə, mən onlardan deyiləm. Mən sənsiz də yaşarım, amma səninlə bir başqa yaşarım". Sevirəm bu sözü və elə yaşamaqla, adamlara isinməklə bağlı həyat fəlsəfəm də budu. Həyatımızda “onsuz olmaz” dediyimiz adamlarsız da yaşaya bilirik, sadəcə, bir az həyatın rəngi solur, parıltısı itir, marağı azalır. Əgər “onsuz olmaz” dediyimiz adamlarsız da yaşamaq gerçəkdən mümkünsüz olsaydı, onda dünya intihar xəbərlərinin içində boğulardı. Amma ən əzizini itirəndən sonra belə həyata tutunmaq üçün mübarizə aparanların sayı intihar eləyənlərin sayından dəfələrlə çoxdu.

 

JM: Onda bu “sənsiz yaşaya bilmərəm” sözü instinktivdi?

 

VM: Əlbəttə.

 

JM: Bəlkə siz qorxunu yenmisiz, ümumiyyətlə?

 

VM: Yox, mənim də qorxduğum məqamlar var. Dünyada ən qorxduğum məsələ bilirsən nədi? Mənə etimad edən, inanan adamları yanıltmaq, zərrə qədər belə onların şübhəsi ilə üzləşmək. Bax, onda gerçəkdən yaşamaq çətin olar. Bir də ondan qorxuram ki, nə zamansa mənim hansısa səhvim övladımın yolunda maneə olar.

 

RQ: Kinlisinizmi?

 

VM: Yox, mən xırda olayları tez unuduram. Dadsız hadisələri dəfələrlə təkrarlayıb danışan çürükçü adamlardan xoşum gəlmir. Oldu, bitdi. Bir də kiminsə nə vaxtsa etdiyi pisliyi, ya səhvi yadda saxlayıb, çətin məqamında üzünə vuran, minnət qoyan adamlardan zəhləm gedir. Məncə, kinlilik elə adamların elədiyidi. Məğlubu vurmaq kişilikdən deyil. Bu yaxınlarda bir status da yazmışdım ki, sosial şəbəkədə inboksumda heç vaxt mesaj saxlamıram. Çünki bir neçə dəfə olub, orda məni həftələrlə, günlərlə tərifləyən adam bir neçə ay sonra hansısa səbəbdən əleyhimə nəsə yazıb. Onun inboksa yazdığını həmin statusunun, ya yazısının altına atsan, məhv olub getdi. Amma mən onu eləsəm, o statusu yazanla bir fərqim qalmaz axı. Sadəcə, insan əsəbi olanda özünə hakim ola bilmir. O cür məqamdan sığortalanmaq üçün mən inboksda, telefonda mesaj saxlamıram.

 

RQ: Adamları nə qədər yaxın buraxırsız özünüzə?

 

VM: Hər yerdə sərhədlər gözəldi. Sərhədləri qorumağı, çərçivələrdə hərəkət etməyi sevirəm. Ən məhrəm adamla belə bəlli bir məsafə saxlamaq lazımdı.

 

RQ: Evinizə gedib-gələn dostlarınız çoxdu?

 

VM: Yox, ev ailə üçün nəzərdə tutulmuş məkandı, məncə. Bura, iş yeri də elə mənim evimdi. Dost-tanışla daha çox burda görüşürük.

 

JM: Karyerada inkişafın, irəliləyişin bir də maddi tərəfi var. Pulun yeri haradı?

 

VM: Pul yaxşı adamlara daha çox yaxşılıq eləmək üçün vasitədi. Pis adamlara isə murdar niyyətlərini daha rahat gerçəkləşdirmək üçün güvəncədi. İnsanın yaşaması, irəliləməsi, özünü təsdiqi üçün lazımlı amildi. Amma çox dəqiq bildiyim bir həqiqət var. Pul insanı şəxsiyyətə çevirə bilmir, onun cəmiyyətdəki yerini müəyyənləşdirmir. Cəmiyyətin müəyyənləşdirdiyi statuslar var: biri haqqında deyirlər: ziyalıdı, yaxşı adamdı, şəxsiyyətli, ləyaqətli, kübar biridi. Başqa biri haqqında da deyirlər: naqisdi, ləyaqətsizdi, taxtabaşın biridi. Pulla bu rəyləri almaq və dəyişmək olmur.

 

JM: Ailədə vəziyyət necədi? İşə çox vaxt ayırmaqla bağlı mübahisələr olur?

 

VM: Yox, biz o sərhədləri də əvvəldən müəyyənləşdirmişik. Mən ailə quranda jurnalist idim, bu şirkət vardı. Mənlə ailə quran adam həyatını kimlə birləşdirdiyini bilirdi. Həm də Edip çox səbrli, jurnalistikanı da sevən adamdı. Çox az kişi həyat yoldaşının uğuruna sevinə bilir. Edipin ən müsbət cəhəti odu ki, o, bunu bacarır.

 

 





05.08.2013    çap et  çap et