525.Az

İctimai teleradio – hər kəsin və hamının canlı tribunası


 

İctimai teleradio – hər kəsin və hamının canlı tribunası<b style="color:red"></b>

Tahir Aydınoğlu
əməkdar jurnalist

İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycan Respublikasında demokratik dəyərlərin formalaşmasının gerçək təzahürlərindən biri kimi 8 ildir ki, uğurla fəaliyyət göstərir. Müstəqil dövlətin Avropa Şurasına daxil olarkən qəbul etdiyi öhdəliklərə, ölkədə azad, demokratik medianın inkişafı üçün həyata keçirilən sistemli tədbirlərə uyğun olaraq yaradılmış bu yeni tipli kütləvi informasiya qurumu  canlı xalq tribunası, vətəndaş cəmiyyəti quruculuğunun informativ-analitik tribunası rolunu geniş miqyasda və intensiv ardıcıllıqla yerinə yetirməkdədir.

Azərbaycanda İctimai teleradio şəbəkəsi geniş siyasi-mədəni müzakirələrdən, bu qurumun yaradılması ətrafında fəal ictimai rəy formalaşdırılandan, xarici təcrübəni, yerli tarixi şəraiti nəzərə alan səmərəli parlament diskussiyalarından sonra qəbul edilən və 28 sentyabr 2004-cü ildə ölkə  Prezidenti İlham Əliyevin təsdiqindən sonra qüvvəyə minən “İctimai Televiziya və Radio Yayımları haqqında” Qanunun tələbləri əsasında gerçəkliyə çevrilmişdir.

Həmin qanunla müəyyən edilmiş ictimai yayım xidmətinin başlıca prinsipləri – cəmiyyətə obyektiv, qərəzsiz, tərəfsiz informasiya vermək, maarifçilik ideyaları yaymaq, siyasət aləti olmamaq, hər kəsin və hamının maraqlarını ifadə etmək İctimai teleradionun ilk gündən ciddi əməl etdiyi tələblər, sadiq qaldığı dəyərlərdir. Azərbaycan cəmiyyətinin təxminən bütün təbəqələrini təmsil edən doqquz  ciddi təşkilatın irəli sürdüyü namizədlərdən Milli Məclis tərəfindən seçkilər vasitəsiylə formalaşan İctimai Teleradio Yayımları Şurasının rəhbər tutduğu bu aydın, konkret prinsiplər əsasında, şuranın yaratdığı mükəmməl icra strukturunun yüksək peşəkar fəaliyyəti ilə Azərbaycanda  2005-ci il avqustun 30-dan İctimai teleradio yayımları xalqın xidmətindədir.

Ötən 8 ilin başlıca yekunu İctimai teleradio yayımları şəbəkəsinin tam formalaşması, media qurumları arasında özəlliklərini sübuta yetirməsi, cəmiyyət qarşısında hesabatlı olması, ictimai rəyin mesajlarına həssaslığı, peşəkarlığını daim artırmasıdır. Bütün bunlar onun inkişafı, qarşısında duran vəzifələri  bundan sonra daha yaxşı yerinə yetirməsi üçün yeni bir mərhələ açmışdır. İctimai teleradio yayımlarının fəaliyyətində qazanılmış kəmiyyət göstəricilərini keyfiyyət meyarlarına çevirmək, yeni ideyaları dövriyyəyə gətirmək, yaradıcı potensialın gerçəkləşmə imkanlarını artırmaq üçün bu il yenidən formalaşdırılmış İctimai Teleradio Yayımları  Şurası 3 ay əvvəl  bu şirkətin rəhbərliyini ölkənin teleradio məkanında peşəkarlığı, demokratik dəyərlərin inkişafında xidmətləri ilə seçilən, nüfuz qazanan yaradıcı qüvvələrlə təzələmişdir. Tanınmış kinorejissor, istedadlı incəsənət xadimi, Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının yaradıcısı və rəhbəri Cəmil Quliyev bu məsul etimadı qəbul etməklə, İctimai Teleradio Yayımları Şirkətinin yeni baş direktoru olaraq kollektivi axtarışlar, nəzərəçarpan dəyişikliklər yoluna çıxarmışdır. Bununla artıq 3 aydır ki, spesifik auditoriyanın, bütövlükdə, ictimai rəyin dəyərləndirmələrində təzə hesab açılmışdır.

İctimai teleradionun yeni rəhbərliyinin, strukturu və işə yaradıcı yanaşmaları dəyişmiş kollektivinin 100 günlük hesabatı ərəfəsində ilkin media dəyərləndirmələri hansı məzmun və forma uğurlarını hədəfə alır?

Əvvəla, məramı tərəfsiz və qərəzsiz informasiya yaymaq, obyektiv təhlillər aparmaq, cəmiyyətin siyasi, etnik, dini rəngarəngliyini əks etdirmək, ümummilli dəyərlərə üstün yer ayırmaq, maarifçilik yönlü proqramlar hazırlamaq olan İctimai teleradio xidməti ötən 100 gündə öz ana xəttini bütün bu istiqamətlər üzrə daha da genişləndirmiş və dərinləşdirmişdir.

İkincisi, mövcud özəl, kommersiya teleradio şirkətlərindən fərqli olaraq, İctimai teleradio yayımları yalniz ictimai maraqlara xidmət etmək üçün onun fəaliyyətinə yaradılmış imkanlardan istifadə edərək, digər elektron media qurumları ilə işgüzar rəqabət aparmadan öz yolu ilə gedir. İndi məhz bu məqamı xüsusi vurğulamaq lazım gəlir. Bir az əvvəl İctimai Televiziya xeyli dərəcədə reytinq  ardınca qaçmaq prinsipindən uzaqlaşa bilmirdisə, bu gün həmin qurum beynəlxalq təcrübəyə üstünlük verməklə öz funksiyasını daha dəqiq yerinə yetirməkdədir. Bu şirkət ən baxımlı kanal və ən çox dinlənilən radio olmaq üçün  peşəkarlıq potensialını artırmağa çox arxalanır. Son 100 gündə bununla bağlı ümidli, diqqətçəkən addımlar atılmışdır.

Üçüncüsü, Azərbaycan teleradio məkanının ən yaxşı tarixi təcrübəsi, Avropa İctimai teleradio yayımlarının çağdaş örnəklərini  öyrənməklə  ondan yaradıcılıqla faydalanır.

Nəhayət, uşaqlıqdan kino və teleradio yaradıcılığı mühitində böyümüş, milli-mənəvi dəyərlərimizə dərindən bağlı olan, dünya kino və elektron media şəbəkəsində novator axtarışlara yaxşı  bələd olan Cəmil Quliyev intellektual və estetik səviyyəsi ilə şirkətdə yeni yaradıcılıq mühiti yarada bilmişdir. O, rəhbərliyə gətirdiyi Oqtay Bayramov, Əlabbas Quliyev, Fuad Qəhrəmanov kimi kadrlarla birlikdə İctimai teleradio yayımları xidmətini günün tələblərinə uyğunlaşdırmaq üçün ümumi intizamı möhkəmləndirməklə yanaşı, təşəbbüskarlığa da geniş meydan açmışdır. Yayım Şurasının yeni seçdiyi Baş direktor elektron informasiya vasitələri sisteminə, o cümlədən teleradio yaradıcılığına təkcə praktik kimi bələd olmağı ilə deyil, habelə bu sahənin nəzəri aspektlərini yaxşı mənimsəmiş, uzun müddət  bu nəzəriyyəni tədris etmiş bir alim kimi də, dəyərli kadr kimi qiymətləndirilib. Onun bacarıqlı praktik və səviyyəli nəzəriyyəçi addımları teleradionun müasir fəaliyyətində gözəçarpacaq yeniliklərə səbəb olur.

İctimai Televiziyanın nəzərəçarpan “boy artımı”nı iri planda görmək üçün son bir neçə həftənin proqram və verilişlərini ardıcıl izlədik. İTV-nin yeni proqram siyasətini də araşdırdıq. Efirdə sabit yeri olan “Carçı” informasiya proqramı sutka ərzində ümumi 145 dəqiqə olmaqla, 5 dəfə ölkənin, yaxın və uzaq  xaricin ən mühüm yeniliklərini hansısa ideoloji baxış bucağından keçirmədən, siyasi rəng çalarları qatmadan tamaşaçılara çatdırır. Ölkədaxili informasiyalarda dövlət orqanlarının fəaliyyətini əks etdirən xəbərlərlə yanaşı, siyasi sistemin müxtəlif yönlərindən, vətəndaş cəmiyyəti qurumlarından, ayrı-ayrı bölgələrdən və nəhayət, ictimai maraq doğuran fərdlərdən gələn yeniliklər də fərq qoyulmadan, şərh verilmədən yayımlanır.

Əlbəttə, İctimai teleradio öz tipologiyasına görə xüsusi informasiya siyasətinə malikdir. İctimai Teleradionun beynəlxalq təcrübəsi və bu sahədə Azərbaycan Respublikasının Qanunu xüsusi olaraq bu qurumun siyasətdən uzaq olmasını tələb edir. Bəzən bu təcrübəyə və bu qanuna bələd olmayanların İctimai teleradiodan siyasi mühitə qarışmaq, siyasiləşmək kimi tələblər də irəli sürürlər. Lakin Azərbaycan İctimai teleradiosu öz prinsiplərinə, beynəlxalq təcrübəyə və nəhayət, bu sahədə ayrıca qanuna əsaslanaraq öz proqramlarında, xüsusilə “Carçı” informasiya proqramında yalnız ictimai marağa söykənir. Diqqətlə baxsaq görərik ki, “Carçı”nı özəl telekanalların analoji proqramlarından fərqləndirən əsas amil onun informasiya siyasətində tərəfsiz, qərəzsiz, balanslılıq, dəqiqlik, vicdanlılıq, sosial məsuliyyət kimi İctimai teleradionun beynəlxalq prinsipləri sisteminə söykənməsi ilə ölçülür. Teleradio digər proqramlarında da bu meyarları qorumaqdadır.

“Yeni gün” musiqi informasiya proqramı daxilində xəbərlər buraxılışlarını və digər verilişlərdə yer alan yenilikləri də nəzərə alsaq, gün ərzində tamaşaçılara 3 saatadək videoinformasiya ötürülür. Yeni rəhbərlik xəbərlərin operativliyinə, coğrafi əhatə dairəsinin genişliyinə, ictimai məzmununun dəyərli və faydalı olmasına tələbkarlığı yüksəltmişdir.

Haqlı olaraq, “televiziya içərisində televiziya” adlandırılan musiqi informasiya proqramı “Yeni gün” həftənin  6 günündə saat 9-dan başlayaraq 3 saat tamaşaçıların yeni bir gününə təzə informasiya, estetik zövq, məzmunlu əyləncə ovqatı gətirir. Hər səhər bir-birini əvəzləyən maraqlı, aktual şərhlər, günün nəbzini tutan, təqvimlə səsləşən süjetlər cəmiyyətdə xoş əhval, aşkarlıq mühiti, həmrəylik duyğuları yaradır.

İctimai Televiziyanın efirində bədii filmlər hiss olunacaq dərəcədə çoxalmışdır. Yeni rəhbərlik Azərbaycan kinosunun ən yaxşı əsərlərinə, mövzu aktuallığına və tamaşaçı marağının tələbinə uyğun olaraq, daha çox yer ayırır. Dünya kinosunun ayrı-ayrı dövrlərinin bəşəri mövzulu, populyar, Azərbaycan mentaliteti və gerçəklikləri ilə səsləşən nümunələri də İctimai Televiziyanın ekranında  ana dilimizdə görünməklə, digər telekanallar üçün  nümunə yaradır.

Efirdə sənədli, elmi-kütləvi və cizgi filmlərinə də təsirli maarifləndirici roluna görə vaxtaşırı yer ayrılır. Gərəkli bilgidən məhrum, bayağı bədii və sənədli filmlər İTV-nin ekranı üçün yabançıdır. Milli-mənəvi dəyərlərimizi sərgiləyən, xalqımızın tanınmış övladlarının kimliyini açıqlayan, zəngin keçmişimizi canlandıran, günün seçilən məqamlarını xronikalaşdıran sənədli filmlər efirin sutkalıq buraxılışlarına baxımlılıq gətirir.

“Din və cəmiyyət”, “Salam əsgər”, “Azərbaycan təbiəti”, “Tibb dünyası”, “Eskulap”, “Açıq dərs”, “Ortaq məxrəc”,  analitik maarifləndirici proqramlar da baxımlıdır, günün təxirəsalınmaz suallarını cavablandırmaq cəhdləri ilə diqqətçəkən və gərəklidir. “Xəmsə” intellektual yarışmasını da tamaşaçıların geniş dairəsi həmişə maraqla qarşılayır. Özünün maarifçilik kimi ən ciddi funksiyasını xüsusi nəzərə alan televiziya “Addım-Addım”, “Biri varmış, biri yoxmuş” kimi setkada daimi yer tutan proqramları ilə uşaqların estetik tərbiyəsində mühüm rol oynayır.

Azərbaycan musiqisinin əksər janrlarını, dünya musiqisinin bəşəri səciyyəli nümunələrini gün ərzində səsləndirən İTV müxtəlif səpkili proqramlar arasında bədii-estetik keçid yaradır, tamaşaçıların zövqünü kamilləşdirir, onlara xoş ovqat obrazı bəxş edir. Hər bazar günü görkəmli sənət adamlarının iştirakı ilə hazırlanıb yayımlanan “Səhər  sovqatı” proqramı mövzu və müsahib seçimi ilə diqqəti cəlb edir. İstirahət günü  gecə yayımlanan “Qərib axşamlar” isə dünya azərbaycanlılarını kövrək ovqatı, milli-mənəvi dəyərlərimizin cazibəsi ilə, sanki, bir süfrə arxasına yığır, Vətən ilə bağlı duyğu və düşüncələri paklaşdırır, yurd sevgisinə yeni notlar əlavə edir.

Son 100 gündə İTV-nin efirində siyasi düşüncə sərbəstliyi artmış, verilişlərin ictimai aktuallığı yüksəlmişdir. Bədii-estetik səpkili verilişlərin həcmi çoxalmışdır.  İrili-xırdalı bütün verilişlərin hazırlanmasında  texniki, informativ, analitik, publisistik potensialdan daha bacarıqla istifadə olunur.

İctimai Radioda da son üç ay ərzində efirə gedən verilişlərin formatında bir sıra dəyişikliklər olmuşdur. Radioverilişlərdə indi rəngarənglik, aktuallıq daha çox hiss olunur. Hər bir departamentin fəaliyyətinə nəzər yetirsək və ayrı-ayrılıqda verilişləri təhlil etsək, təbii ki, buna vaxt çatmaz. Amma konkret olaraq bəzi məsələlərə toxunmaq olar.

Radionun maarifçilik verilişləri departamentində “Milli qəhrəmanlar” rubrikası tam yeni formatda hazırlanır. Xəbərlər proqramında günün aktuallığına, təqvimə və mövzu seçiminə xüsusi həssaslıqda yanaşılır. Ədəbiyyat və incəsənət departamentinin hazırladığı nağılların radio versiyası tam yeni formatdadır və indi dinləyici auditoriyasını nəzərə alan münasib bir vaxtda efirə gedir. Departamentin hazırladığı “Hekayə axşamında” dünya ədəbiyyatı nümunələrinə də müraciət olunur.

İctimai Radioda da xəbərlərin operativliyi və aktuallığı son zamanlar dinləyicilərin diqqətindən yayınmır. Xəbərlərin əsas buraxılışının yeni vaxtda təqdim olunması uğurludur.

Sonda bir məsələni də qeyd etməyə dəyər. İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni  baş direktoru Cəmil Quliyevin  bundan əvvəl ölkənin ən yaşlı  teleradio qurumu olan Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin rəhbərliyində çalışması, bu təcrübəli media qurumunun çoxillik yaradıcılıq və texniki potensialına dərindən bələd olması, burada illər boyu öyrəndikləri yeni fəaliyyət sahəsində onun ciddi dəyişikliklər yaratmasına, şübhəsiz, yardımçı olmuşdur. Uzun illər ciddi ideoloji tələblər əsasında fəaliyyət göstərməsinə baxmayaraq, dövlət teleradiosu həm xalqın maraqlarını cavanlaşdırmağa çalışmış, həm də ictimai meyarları rəhbər tutmuşdur. Bu baxımdan baş direktorun bu qurumda çoxillik gör-götürləri  fəaliyyətində ciddi keyfiyyət dəyişiklikləri yaratmağa əlavə impuls verir.

Beləliklə, sınaqlarla, axtarışlarla əlamətdar 100 günün yaratdığı təzələnmiş mühit, hərəkətə gətirilmiş yaradıcılıq potensialı İctimai teleradionu yeni mərhələnin zəruri uğurlarına doğru aparır.

İnanırıq ki, fəaliyyətinin ilk illərində Avropa Yayımları Birliyinə daxil olmuş, “Avroviziya” beynəlxalq musiqi yarışmalarında ilk cəhddən Azərbaycanı öncül mövqelərə çıxarmağa, hətta qalib kürsüsünə qaldırmağa nail olmuş İctimai teleradio  yeni dövrdə daha böyük uğurlarla öz tamaşaçılarını və dinləyicilərini sevindirəcəkdir

 





05.08.2013    çap et  çap et