525.Az

Azərbaycan prezidenti Paşinyanın iddialarına qətiyyətli cavab verdi


 

"ERMƏNİSTANDA RƏHBƏRLİYƏ GƏLMİŞ YENİ SİMALAR ÖZ MƏSULİYYƏTİNİ DƏRK ETMİR, SARSAQ BƏYANATLAR VERİRLƏR VƏ TƏMAS XƏTTİNDƏ, ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏ GƏRGİNLİYƏ RƏVAC VERƏN ADDIMLAR ATIRLAR"

<b style="color:red">Azərbaycan prezidenti Paşinyanın iddialarına qətiyyətli cavab verdi</b>

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın daxili işləri ilə bağlı vaxtaşırı sərsəm bəyanatlar verməklə növbəti qarşıdurmanın fitilini çəkməkdədir.

Prezident İlham Əliyev Biləsuvar rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə Ermənistanın baş nazirinin iddialarına qətiyyətli cavab verib.

Dövlət başçısı bildirib ki, Ermənistan indi çox ağır vəziyyətədir: "Ermənistan ordusu Azərbaycan ordusu ilə rəqabət apara bilməz. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, bundan sonra da verəcəkdir. Bir neçə gün bundan əvvəl Azərbaycan əsgərləri onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Azərbaycan ordusunu daha da gücləndirəcək, omun döyüş qabiliyyətini daha da möhkəmləndirəcək. Hərbi paradda nümayiş etdirilən texniki imkanlar, əsgər-zabitlərin hazırlığı düşmənə yaxşı siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar".

N.Paşinyanın bu bəyanatlarıını ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirən Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımovun bu barədə mətbuata verdiyi bəyanatda qeyd edilib ki, əgər Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə etsə, Paşinyan hakimiyyətinin ömrü uzun olmayacaq: "Sarkisyanın diktatura rejiminin çökməsi buna sübutdur. Sadəcə olaraq indiki şəraitdə Paşinyan rejiminin çökməsi Azərbaycana sərf eləmir. Nə qədər çox Ermənistanda Paşinyanın diktaturası davam edərsə, bir o qədər də bu ölkənin problemləri çox olacaq. Paşinyan xarici səfərlərində yaltaqlanmaqla, özünü alçaltmaqla, özünü qul kimi aparmaqla istədiyinə nail ola bilməz. Paşinyanın yeni diktatura rejimi Ermənistanı uçuruma aparır. Məhz buna görə də Azərbaycan tərəfi Paşinyan hakimiyyətinin çökməsi üçün hələlik hər hansı bir addım atmır".

Prezidentin mətbuat katibi bildirib ki, Paşinyanın necə şoumen olması onlara yaxşı bəllidir: "Prezidentin Mətbuat xidmətinin əməkdaşları Brüsseldə iyulda keçirilmiş NATO zirvə toplantısının kuluarlarında Paşinyanın cılız və yaltaq hərəkətlərini öz gözləri ilə görüblər. NATO-ya üzv dövlətlərin rəhbərlərinə yaxınlaşıb onlarla şəkil çəkdirməyi Paşinyan Ermənistanda bu liderlərlə keçirilmiş görüşlər kimi təqdim edib. Belə gülməli hərəkətlər Paşinyanın çox pis şoumen olduğunu göstərir".

A.Qasımov sonda vurğulayıb ki, əgər Paşinyan bundan sonra da öz kreslosunda oturmaq istəyirsə, ona Azərbaycanın daxili işlərinə burnunu soxmaması məsləhət görülür.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov də öz "Facebook" səhifəsində məsələyə münasibət bildirib.

Ə.Həsənov qeyd edib ki, ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil: "Paşinyan hakimiyyətə gələndə ermənilər eyforiyaya qapılaraq bunu bütün dünya qapılarının onların üzünə açılması, "demokratik" Ermənistanın Azərbaycan üzərində tam qələbəsi kimi anladılar. İnvestisiyaların sel kimi axacağını, dünya liderlərinin bir-birinin ardınca Ermənistana səfər edəcəyini, Azərbaycan ərazilərinin işğalının qanuniləşdiriləcəyini zənn etdilər. İndi erməni mətbuatı nə yazır? Paşinyan diktatora xas olan üsullarla öz opponentlərini əzməyə çalışır, ölkədə dərəbəylik və xaos hökm sürür, iqtisadiyyat tam iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini əvəz edir. Ermənistanın baş naziri beynəlxalq tədbirlərdə digər ölkələrin başçıları ilə selfi çəkdirməyi yerli ictimaiyyətə Ermənistanın "xarici siyasət uğuru" kimi sırımağa çalışır".

Ə.Həsənov əlavə edib ki, Paşinyan hakimiyyətə gələndən sonra verdiyi vədlərlə törətdiyi əməllərin arasında yaranmış uçurumu populist bəyanatlarla və sərsəm addımlarla kompensasiya etməyə çalışır: "Bəyan edir ki, keçmiş hakimiyyətin oğurladığı sərvəti xalqa qaytarmaq uğrunda mübarizə aparır. Amma indi hamı başa düşür ki, o bu sərvətdən öz şəxsi payını istəyir. Paşinyan demokratik idarəçilikdən dəm vurur, amma Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığı bu "demokratik" addımların konturlarını tam aydınlığı ilə cızır. Baş nazir ölkədə artıq hakimiyyətin medianın fəaliyyətinə müdaxilə etmək ənənəsinə son qoyulduğunu bəyan edir, bir gün sonra isə Ermənistanda gizli yazılan telefon danışığı haqqında məlumatı ilk yayanlardan biri olmuş "Yerevan.today" saytının redaksiyasında və baş redaktorun yaşadığı evdə axtarış aparılır... Bir gün yuxudan ayılıb Azərbaycanı Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparmağa çağırır. Sabahı gün də sözlərini geri götürür. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu "DQR" ərazisi elan edir və bununla da beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizliyini açıq büruzə verir. Komandasını rusofoblardan formalaşdırır, gündə bir neçə dəfə də Rusiya ilə müttəfiqliyə sadiqliyindən danışır. Artıq hamı başa düşür ki, Ermənistanın baş naziri tutduğu posta qeyri-adekvatdır, siyasətçi adına parodiyadır və onun barəsində "erməni radiosu"nun anekdotları artıq qısa zaman məsələsidir".

PA rəsmisinin sözlərinə görə, qondarma rejimin  "müstəqil dövlət olduğunu" və Azərbaycanın bu "dövlətlə" danışıqlar aparmasının zəruriliyini iddia edən baş nazirdən soruşulmalıdır ki, "sənin oğlun nəyə görə bu "müstəqil dövlətdə" hərbi xidmətdədir?" Ə.Həsənov hesab edir ki, əslində, bu addımı atmaqla o, nəinki işğal faktını təsdiqləyir, üstəlik, məhz Ermənistanın münaqişə tərəfi olduğunu etiraf edir: "Hələ bir həyasızcasına Azərbaycan prezidentinə öz övladını Qarabağa göndərməyi tövsiyə edir və bu addımı təmas xəttində atəşkəsin bərpa olunmasının qarantiyası kimi göstərməyə çalışır".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, Nikol Paşinyan bütün siyasətini Azərbaycanın daxilində və xaricində gedən proseslər üzərində qurub: "Bakının işğaldan azad edilməsi ilə bağlı keçirilən möhtəşəm hərbi paraddan bir neçə gün öncə Paşinyan öz ağlına uyğun olaraq müharibə ssenarisi qurur, bu ssenaridə Türkiyənin Azərbaycanın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin isə Ermənistanın yanında olduğu bildirilir. Lakin Paşinyanın "təlim ssenarisi" Bakıda keçirilən hərbi paraddan və bu möhtəşəm tədbir çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin tarixi mesajlarından sonra alt-üst olur. Hətta Paşinyana yaxın olan media resurslarının "saçyoldusu" da 100 il öncə baş verən hadisələrin xatırladılması, dinc əhaliyə divan tutan silahlı erməni dəstələrinin məhv edilməsinin yada düşməsi fonunda effektiv nəticə vermir. Azərbaycanın mülki əhalisinin atəşə tutulması, gərginliyin işğal altında olan ərazilərdəki təmas xəttindən sərhəd bölgəsinə keçirilməsi cəhdi də Paşinyanın köməyinə gəlmir.

Nikol bu dəfə vəziyyətdən çıxış yolunu Azərbaycan prezidentinin övladının hərbi xidmətə yola salınmasını hədəfə almaqda görür. Başqa seçimi də yoxdur. Çünki bir neçə ay öncə Nikolun oğlunu işğal altında olan Azərbaycan ərazilərində "xidmət etməyə" yola salmasının alt qatında olan məqamlar artıq üzə çıxıb və bəlli olub ki, Paşinyan oğlunu Dağlıq Qarabağa klanın təmsilçilərini sakitləşdirmək üçün "siyasi girov" kimi göndərib. Görünür, Paşinyan vaxti ilə ayrı-ayrı beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə həyata keçirdiyi layihələrdən qalma vərdişləri oğlunun hərbi xidmətə yola salınmasında da istifadə etməkdən, bu vətəndaşlıq vəzifəsini ucuz siyasi təbliğat elementinə, siyasi layihəyə çevirməkdən çəkinməyib".

Azərbaycan prezidentinin oğlu Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində xidmət keçdiyini xatırladan E.Mirzəbəyli qeyd edib ki, bunun xüsusi bir məna daşıdığını dərk etmək üçün düşünürəm ki, çox da böyük intellekt sahibi olmaq lazım deyil: "Əslində, Ermənistan milli təhlükəsizlik xidməti rəhbərinin telefon danışığının ictimailəşdirilməsindən sonra dövlət təhlükəsizliyinin nə qədər mühüm əhəmiyyət daşıdığını hətta Paşinyan da yaxşı anlamalıydı. Amma görünür anlamır, ya da özünü şoumenliyə qoyub".

Politoloq bildirib ki, Paşinyan Ermənistanın rəhbəri olaraq Azərbaycanda baş verən istənilən hadisəni birbaşa, şəxsən özü ölkənin gündəminə daşıyır: "Paşinyan özünü Ermənistanın baş naziri yox, Azərbaycan üzrə ekspert kimi aparır. Həm də bunu o qədər bayağı və bəsit formada edir ki, hətta ekspert kimi də bir işə yaramadığını ortaya qoyur".

Ceyhun ABASOV

 





20.09.2018    çap et  çap et