525.Az

Oleq Kuznetsovun "Ermənistan: faşizmin tüğyan etdiyi ölkə" adlı mətbuat konfransı keçirildi


 

"AZƏRBAYCAN DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN ARXİVLƏRİ AÇMASI FAŞİST İDEOLOGİYASINA XİDMƏT EDƏN NİJDENİN "TSEQAKRON" TƏŞKİLATININ ƏSL MAHİYYƏTİNİN FAKTLARLA İFŞA OLUNMASINA İMKAN VERİB"

Oleq Kuznetsovun "Ermənistan: faşizmin tüğyan etdiyi ölkə" adlı mətbuat konfransı keçirildi<b style="color:red"></b>

Dünən Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində rusiyalı tarixçi, hüquqşünas Oleq Kuznetsovun "Ermənistan: faşizmin tüğyan etdiyi ölkə" adlı mətbuat konfransı keçirilib.

Konfransda qeyd olunub ki, 2016-cı ilin ikinci yarısından 2017-ci ilin sonlarınadək İrəvanın mərkəzi meydanlarının birində erməni millətçiliyinin əsas ideoloqu Qaregin Nijdeyə (Ter-Aratunyan) abidə ucaldılması müxtəlif ölkələrin mətbuatında müzakirə mövzusuna çevrilmişdi. Əgər erməni mətbuatında Q.Nijde qəhrəman, erməni millətçiliyinin banisi kimi qələmə verilibsə, Azərbaycan, Özbəkistan və digər postsovet ölkələrində o, faşist adlandırılıb, Ermənistan hakimiyyətinin onu qəhrəmanlaşdırmaq cəhdləri nasist ideologiyasının təbliği hesab olunub. Ancaq Rusiyada rəsmi səviyyədə bu məsələ "Ermənistanın daxili işi" kimi qiymətləndirilərək yerli mediada bu haqda yazmağa qadağa qoyulmuşdu.

Halbuki Rusiyanın siyasi elitası həmişə, hər yerdə, o cümlədən, Baltikyanı ölkələrdə, Ukraynada faşizm və nasizmin bütün formalarının təbliğini qətiyyətlə pisləyib. Ermənistana gəldikdə isə Cənubi Qafqazda yeganə müttəfiqinin "xətrinə dəyməmək" üçün məsələni qabartmayıb, oxşar mövqe sərgiləməyib.

Təsadüfi deyil ki, erməni millətçiliyi ilə bağlı SSRİ arxivlərində materiallar bugünümüzə gəlib çatmayıb. Belə bir şəraitdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin arxivləri açması bu məsələ ilə bağlı Sovet təhlükəsizlik orqanlarına aid kompleks sənədlərin üzə çıxarılmasına, G.Nijdenin bu gün Ermənistanın dövlət ideologiyası səviyyəsinə qaldırılan millətçilik ideyalarının təbliğini özündə ehtiva edən "Tseqakron" təşkilatının əsl mahiyyətinin faktlarla ifşa olunmasına imkan verib.

O.Kuznetsov bildirib ki, əldə etdiyi materiallar əsasında "Region +" jurnalında geniş məqaləsi dərc olunub. O, məqalədə Sovet dövründə məxfi və xüsusi əhəmiyyətli sənədlər kimi qeydə alınan materialların bir qismini öz şərhləri ilə təqdim edib.

Həmçinin, qeyd olunub ki, bu gün Ermənistanın dövlət ideologiyası səviyyəsinə qaldırılan G.Nijde ideyalarının əsl mahiyyətini, ermənilərin faşist Hitler Almaniyası ilə əlaqələrini, onların törətdikləri çoxsaylı terror aktlarını əks etdirən sənədlər toplusu üzərində məxfilik götürülərək Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi saytında yerləşdirilib.

Rusiyalı tarixçi qeyd edib ki, hələ Sovet dövründə, 1930-cu illərə qədər bolşevik hakimiyyəti daşnaklara xüsusi simpatiya bəsləyib, onları özləri ilə eyni ideologiyanın daşıyıcısı hesab ediblər: "Lakin Almaniyada Adolf Hitler hakimiyyətə gələndən sonra Garegin Nijdenin faşist Almaniyası ilə sıx əlaqələr qurması, alman mətbuatına tez-tez məqalələrlə çıxış etməsi və özünün "Mənim sözüm" məqaləsində bütün erməniləri Hitlerdən nümunə götürməyə səsləməsi SSRİ hakimiyyətində daşnakarla qarşı münasibəti dəyişib. Azərbaycan SSR-də Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının Daxili İşlər Xalq Komissarlığının Dövlət təhlükəsizlik idarəsinin 7 aprel 1935-ci ilə aid sənədində göstərilir ki, Nijdenin nasist xarakterli teoriyalarını dəstəkləyən və təbliğ edən "Daşnaksütyun" partiyasının üzvlərinə qarşı repressiyalarına hazırlığa başlanması qərara alınıb".

O.Kuznetsov araşdırmaları zamanı G.Nijdenin bioqrafiyasıyla bağlı maraqlı məlumatlara da rast gəldiyini deyib. Bildirib ki, Nijdenin yüngül həyat keçirməsiylə bağlı söz-söhbətləri mif kimi qəbul etmək olardı, lakin apardığı araşdırmalar zamanı onun partiya təxəllüsünün bir çox yerlərdə "Nijde" yox, "Nijdey" kimi yazılması diqqətini çəkib: "Öncə fikirləşdim ki, bu, yəqin sadəcə hərf səhvidir. Ancaq Nijde və onun silahdaşlarının şəkillərindən ibarət albomla tanış olarkən onun orada da adının "Nijdey" kimi qeyd olunduğunu gördüm. Ona görə, bu məsələni də araşdırmaq qərarına gəldim. Nəticədə bu sözün tərcümədə bəzi mənalara gəldiyini öyrəndim. Həmin söz işçi-immiqrant, avara və yüngül, əxlaqsız həyat keçirən adam mənasına gəlir. Bu da onun haqda deyilən fikirlərin doğruluğunu ortaya qoyur".

O.Kuznetsov əldə etdiyi materiallar əsasında kitab çap etməyi, müxtəlif dillərə tərcümə etməyi planlaşdırdığını bildirib. Tarixçi ümid edir ki, əldə olunan bu faktlar Rusiya hakimiyyətinin ermənilərə xüsusi simpatiya bəsləyən bəzi dairələrinin öz mövqelərində düzəliş etmələrinə imkan verəcək.

Ceyhun ABASOV

 





21.09.2018    çap et  çap et