Müstəqillikdən sonra sosial-iqtisadi həyatın, demokratiyanın sürətli, dinamik inkişafı, dünya ölkələri ilə inteqrasiya, qlobal əlaqələr sayəsində Azərbaycan cəmiyyətində yüksək intellektə, əxlaq və mənəviyyata, mədəniyyətə malik yeni, sağlam gənc nəslin yetişməsi üçün də əlverişli şərait yaranıb. Qürur doğurası haldır ki, milli mənəvi dəyərlərin Avropa dəyərləri ilə uğurla birləşdirən yeni düşüncə tərzi, hərtərəfli bilik və bacarığı, istedadı, uzaqgörənliyi, cəsarətli addımları ilə seçilən ölkə gəncləri bu gün inamla iqtisadiyyat, siyasət, təhsil, elm, mədəniyyət, eləcə də idman sahəsində böyük nailiyyətlərə imza atır, qurub-yaradır, xalqa, Vzətənə, dövlətə ləyaqətlə xidmət etmək nümunəsi göstərirlər. 22 yaşlı Rəşid Əlizadə də Azərbaycan gəncliyinin belə istedadlı nümayəndələrindəndir. O, Ağcabədidə həkim ailəsində dünyaya göz açıb. Atası Rafiq, anası Şəfiqə xanım adıçəkilən bölgənin nüfuz və hörmət sahibi olan səhiyyə işçilərindən, ziyalılardan sayılırlar. Onlar üç övlad böyüdüb boya-başa çatdırıblar. Böyük qız Aysel Əlizadə Azərbaycan Dövlət Tibb Universitetini bitirib, həmin ali təhsil müəssisəsində müəllim işləyir. Ortancıl qız Günel Əlizadə isə ali təhsilli hüquqşünasdır. O, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Ailənin üçüncü övladı olan Rəşid lap kiçik yaşlarından qabiliyyəti və bacarığı ilə yaşıdlarından seçilib. Onun yaşına uyğun olmayan qeyri-adi sözləri, fikirləri həmişə böyükləri təəccübləndirib. Elə bu səbəbdən də valideynləri onunla ciddi məşğul olmağa başlayıb, onun üçün hər cür şərait yaratmağa çalışıblar. Rəşidin qabiliyyətləri M.Aranlı adına Ağcabədi şəhər 11 saylı orta məktəbinin 1-ci sinfinə daxil olduqdan sonra daha qabarıq üzə çıxıb.
Bu balaca oğlanın dərslərini əla qiymətlərlə oxumaqla yanaşı, məharətlə şeir deməsi, rəqs etməsi sözügedən məktəbin təcrübəli müəllimi Almaz Nəcəfovanın diqqətini cəlb edib. Almaz müəllimin xüsusi tələbkarlığı və qayğısı sayəsində onun üstün keyfiyyətləri daha da inkişaf etdirilib. Rəşid tezliklə məktəbdə və rayonda keçirilən müxtəlif tədbirlərə, müsabiqələrə dəvət olunub. O, hətta rayon üzrə rəqs müsabiqəsində qalib gəlməyi də bacarıb. Rəşid Əlizadənin adı şahmat yarışlarında da tez-tez eşidilməyə başlayıb. Onun göstərdiyi nəticələr rayon uşaq-gənclər şahmat məktəbinin müəllim və məşqçilərinin diqqətini çəkib. Məktəbin direktoru Cavanşir Məmmədov uşaqda olan həvəs və istedadı görüb məşqçilərə onunla yaxından məşğul olmağı tapşırıb. Çox keçməyib ki, bəslənən ümidlər özünü doğruldub. Balaca şahmatçı yarışlarda ilk böyük uğurlarını qazanıb. O, öz yaş qrupu üzrə yarışlarda dəfələrlə rayon çempionu olub. 1996-cı ildə keçirilən respublika şahmat olimpiadasında isə üçüncü nəticə göstərib.
Məşqçilərinin dediklərinə görə, əgər Rəşid məşqləri davam etdirsəydi, şübhəsiz məşhur şahmatçı ola bilərdi. Həmin dövrdə o, paralel olaraq səriştəli idman mütəxəssisi Eldəniz Qənbərovun rəhbərliyi ilə rayonda təşkil olunan karete-do idman növü üzrə məşqlərə də qatılıb, müxtəlif birinciliklərdə yaxşı nəticələrə nail olub. Qəlbində bitib-tükənməyən həvəs, sonsuz istək balaca Rəşidi musiqi ilə də möhkəm tellərlə bağlayıb. O, 1997-2002-ci illərdə Üzeyir Hacıbəyli adına rayon incəsənət məktəbində təhsil alıb, tar sinfini bitirib.Təsadüfi deyildir ki, onun mahir tar ifaçısı kimi rayonda təşkil olunan geniş konsert proqramlarında çıxışları yüksək qarşılanıb. Rəşid 2002-2007-ci illərdə Ağdaş özəl Türk Litseyində oxuyarkən sözügedən təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən ansamblın bədii rəhbəri kimi konsertlər verib. Maraqlıdır ki, o, həmin dövrdə şahmat yarışlarında da fəal iştirak edib, Ağdaş çempionu adına layiq görülüb. Rəşid Əlizadə 2007-ci ildə litsey təhsilini müvəffəqiyyətlə başa vuraraq yüksək balla Qafqaz Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinə qəbul olunub.
Tələbəlik illərində o, fəal bir gənc kimi tanınıb, universitet həyatında, ictimai işlərdə yaxından iştirak edib. ABŞ-da Oyavo Universitetində təhsilini davam etdirərkən Rəşid burada fəaliyyət göstərən beynəlxalq tələbələr birliyinin rəhbərlərindən biri olub. Özünün dediyi kimi, onun bir sıra elmi məqalələri mətbuatda dərc olunub. İstedadlı tələbə bir çox beynəlxalq tədbirlərdə fəal iştirak edib. O, 2009-cu ildə Türkiyədə 18 ölkənin gənclərinin qatıldığı mədəniyyətlər konfransında, 2011-ci ildə Avropa Birliyi çərçivəsində Bakıda təşkil olunan müşavirədə, 2012-ci ildə isə Gürcüstanda keçirilən Qafqaz formunda respublikamızı layiqincə təmsil edib. 2012-ci ildə ali təhsilini fərqlənmə ilə bitirən Rəşid avropaşünas politoloq ixtisaslarına yiyələnib. İngilis dilini və informasiya texnologiyalarını dərindən bilən gənc mütəxəssis prezident Aparatında, respublika Xarici İşlər Nazirliyində və BMT-də ixtisas təcrübəsindən keçib. Rəşid könüllü olaraq Azərbaycan ordusu sıralarına qulluq etmək qərarına gəlib. O, hazırda “N” saylı hərbi hissədə şərəflə torpaqlarımızın keşiyini çəkir, Vətənə olan borcunu layiqincə yerinə yetirir. Fiziki cəhətdən sağlam və güclü olan Rəşid Əlizadə daxilən də zəngin və qüvvətlidir. Azərbaycan gənclərinə xas olan ən yaxşı keyfiyyətləri daşıyan möhkəm iradəli, təmkinli, təvazökar, hər şeyə maraq göstərən, hər işdə fərqlənməyə çalışan, liderliyə can atan bu gənc insanlar arasında həmişə sayılıb-seçilib, özünə çoxlu etibarlı dostlar qazanıb.
Rəşid sevimli müəllimlərini, bir vaxtlar ona dəstək olan insanları heç vaxt unutmur, onlarla müntəzəm əlaqə saxlayır, məsləhətlər alır. Onların arasında univesitet müəllimi professor Rövşən İbrahimov xüsusi yer tutur. Rövşən müəllimlə bərabər, digər müəllimləri də yetirmələrinin nailiyyətlərini hər an izləyir, ondan yeni-yeni uğurlar gözləyirlər. Bu gün əlində silah Vətənin keşiyində dayanan R.Əlizadənin qəlbi böyük arzularla döyünür. Dövlətimizin həyata keçirdiyi uğurlu gənclər siyasətindən, ölkə başçısı cənab İlham Əliyevin gənclərə göstərdiyi dəstəkdən ruhlanan gənc mütəxəssis hərbi xidməti başa vurduqdan sonra dövlət işlərində çalışmaq fikrindədir. O, ürəkdən bağlandığı peşəsi ilə xalqına, Vətəninə xidmət etmək arzusundadır. Onun qənaətinə görə, işin böyüyü-kiçiyi olmur. Əsas məsələ odur ki, əməlində xalqının işinə yarıya biləsən. Xalqını sevən hər bir kəs ona layiqincə xidmət göstərməyi də bacarmalı, ölkənin tərəqqisi, çiçəklənməsi və Qarabağ torpaqlarının düşməndən xilas olması naminə əlindən gələni əsirgəməməlidir.
Yəhya PAŞAZADƏ
çap et