525.Az

Doktor Qarayev - Səlim Babullaoğlu yazır


 

Doktor Qarayev - <b style="color:red">Səlim Babullaoğlu yazır </b>

İşlə bağlı təqvimə baxanda yadıma düşür ki, sentyabrın 26-sı görkəmli cərrah Mürsəl Əbülfəs oğlu Qarayevin anım günüdür, düz 43 il əvvəl bu gün doktor Qarayev vəfat edib. Və onu da xatırlayıram ki, görkəmli tərcüməçi, şair, Azərbaycan-Finlandiya ədəbi əlaqələri üçün xeyli dəyərli işlər görmüş Tahirə Cəfərovanın "Əski Bakının rəvayətləri və Suomiyə uzanan yol" adlı xatiratının "Tamara xanım" bölümünün Qara və Mürsəl Qarayevlərdən bəhs edən hissəsini tərcümə etmişəm:

"... Bir neçə ay bundan əvvəl idi… Yenə də özünəməxsus enerji ilə bərabər görə biləcəyimiz ədəbi layihələrdən, fin dostlarından, onların xarakterindən və poeziyasından danışırdı. Qəfil masamın üstündəki bir kitaba gözü sataşdı:

- Nə kitabdı o?

- Doktor Qarayev haqqında kitabdı. Çoxdan yazmışam. Necə ki...? - sualı verirəm və hiss eləyirəm ki, davam eləməsəm, nəsə qiymətli bir şey itirəcəm. - Tanıyırdız onu?

- Hə, uşaqlıqda məni müalicə eləmişdi.

- Doğurdan?

- Hə... Bizim ailələrimiz yaxın idilər.

- Ətraflı danışın, xahiş edirəm.

- Mən onda Ədəbiyyat İnstitutunun tələbəsi idim. Rəfiqəmlə, o vaxtı "ermənikənd" deyirdilər, ordan qayıdırdıq. Qonaq getmişdik. Möhkəm qar yağmışdı, yolları buz tutmuşdu. Hə, bax, onda xuliqanlar, yəqin ki, ermənilər idi, bizə içinə buz qoyulmuş qar topaları atdılar. Rəfiqəmə dəydi. Mənə isə badalaq vurdular, yıxıldım. Evə pis vəziyyətdə gəlib çıxdım. Bir neçə gün müalicəsiz, həkimsiz yatdım, amma Tamara-xanım, bibim, nədənsə, vəziyyətimin ağırlığına inanmırdı. Deyirdi ki, yekə qızsan, özünü bu qədər xəstəliyə vurma. Qalx... Sonra mənə doktor Mürsəl Qarayev baxdı və məhz o, Tamara xanımda başa saldı ki, o, səhv edir, mənim vəziyyətim ciddidir, beynim silkələnib və mənə hərəkət eləmək olmaz. Müalicə kursu yazdı. İynələr... O müalicədən sonra düzəldim... Özü də diaqnozu mənə həmən baxan kimi qoydu...

... Bilirsiz, biz ailəvi yaxın idik, Mürsəl müəllim bibilərimlə dost idi, onlara çox şeyləri danışırdı. Bir dəfə şöbə müdiri işləyəndə onun şöbəsində çalışan rüşvətxor cərrahı necə döyüdüyünü danışdığını da eşitmişdim. Demək, həmin o rüşvətxor həkim doktor Qarayevə bir xəstənin qohumlarına necə kələk gəldiyini, onlardan pul aldığını lovğalanaraq danşırmış. Sən demə, hər iki ayağı qanqrena eləyən bir xəstəni gətirirlər xəstəxanaya və həkim xəstənin qohumundan pul alıb xəstənin bir ayağını kəsir. Qohumu bəs o biri ayağı niyə kəsmədiyini soruşanda, deyir ki, çünki bir ayağın pulunu alıb. İkincisi üçün pul alanda, o biri ayağı da kəsər. Əlbəttə ki, sinikin bu söhbəti Mürsəl müəllimi möhkəm qəzəbləndirir və həmin həkimi adamsız bir yerə aparıb o ki var döyür. Əlbəttə, Mürsəl müəllim müharibənin od-alovunu görmüş, hələ gənc ikən Kursk hərbi eşalonunun baş həkimi işləmiş, necə deyərlər, həqiqi kişiydi və öz həkim andına belə laqeyd münasibət göstərən o şərəfsiz rüşvətxorla başqa cür davrana bilməzdi. Bu, onun xarakterindən danışırdı... Mürsəl müəllim öz peşəsinə müqəddəs iş kimi yanaşırdı. Onun atası Əbülfəz Qarayev də böyük həkim, səhiyyə xadimi idi. Odessa Tibb Universitetinin məzunu idi..."

lll

Bir vaxtlar tərtib etdiyim "Doktor Qarayev" kitabının yanında, ayrı-ayrı qovluqlarda Mürsəl Qarayevlə bağlı həm tərcümə etdiyim, həm hazırladığım çoxlu materiallar var indi. Kitabı rəfdən götürüb vərəqləyirəm: "Mürsəl Qarayev ləyaqətli və faydalı, əsl kişi ömrü yaşadı" - bunu professor Yevgeniy Gelfqant yazırdı. "Mənə elə gəlir ki, məhz Mürsəl kimi adamlar Azərbaycanın genofondunu təşkil edirlər" - bu isə bəstəkar Xəyyam Mirzəzadənin sözüdür. Professor Cəmil Əliyev onu "adamlar üçün yaşamağı bacaran adam" sayırdı.

Kimi böyük cərrah, kimi böyük dost, kimi böyük musiqiçi, kimi ovçu sayırdı onu. Fakt isə belədir ki, İkinci Dünya müharibəsinin qanlı illərini yaşamış görkəmli Azərbaycan cərrrahı Mürsəl Qarayev 5000-dən artıq uğurlu cərrahiyyə əməliyyatı eləmişdi. Səhiyyə Nazirliyinin baş cərrahına qədər yüksəlmiş, elmi fəaliyyətlə məşğul olmuş, tibb elmləri doktoru adını almışdı.

Mürsəl Qarayev 1919-cu ildə anadan olmuşdu. Bu həmin dövr idi ki, Azərbaycan yüz illərdən sonra ilk dəfə müstəqil dövlətə çevrilmişdi. Bu tarixdən 11 gün sonra Bakı Dövlət Universitetinin təsis olunmuşdu ki, sonradan onun azərbaycanlı rektorlarından birinin doktor Qarayevin yaxın qohumu, Qarayevlər soyunun görkəmli nümayəndəsi Abdulla Qarayevin təyin olunması nədənsə məndə təsadüf hissi yaratmır. Deyirlər ki, hələ anası Sona xanımın qucağındaykən hərbi marş oxuya-oxuya addımlayan milli ordu əsgərlərinə tamaşa edən, sonradan böyük bəstəkara çevriləcək Qara Qarayev, o vaxtlar balaca Qara, həmin marşı özünəməxsus şəkildə zümzümə edirmiş. XX əsrdə taleyinə paytaxt olmaq yazılmış Bakının məhz "insani planda salınmasında və memarlığında" bu soyun və bu soyun bir nümayəndəsi Mürsəl Qarayevin də sonradan şəksiz əhəmiyyətli rolu olmuşdu.

lll

Mürsəl Qarayev virtuoz cərrahlıq texnikasına malik idi. Hətta deyirlər ki, sağ əli möhkəm əzildiyinə görə əməliyyatlardan birini tək əllə etməli olmuşdu. Ümumiyyətlə, həmin gün çox maraqlı və sirli gün imiş. Gecə növbəsində əhəmiyyətsiz travma ilə xəstəxanaya düşən bir xəstəni əməliyyat etdikdən sonra onu diqqətlə müşahidə edən doktor Qarayev, həmin xəstəyə "ehtiyatlı olun, siz bura yenə düşə bilərsiniz" deyib. 2 saatdan sonra həmin adam ağır bıçaq yarası ilə geri gətirilib.

lll

Daha bir qovluğa baxıram. Mürsəl Qarayevin oğlu Əbülfəs Qarayevin tərcümə etdiyim "Vspominaə otüa" xatirə yazısı:

"Tale elə gətirib ki, mən babalarımın heç birini görməmişəm, amma formalaşma dövrümüzdə valideynlərimiz vasitəsilə bizdə onların şəxsiyyətinə dərin hörmət aşılanıb, cəmiyyət, ailə və çevrələri üçün əhəmiyyətli insanlar olması anladılıb. Atam həmişə qürur hissi keçirirdi ki, o, böyük bir həkimin oğludur, qaynatası da böyük həkimdir, qardaşı, musiqisi hər bir evdə səslənən Qara Qarayev, onun özü isə "dosent Qarayev"dir; dost çevrəsində 28 yaşından onu belə çağırırdılar, çünki namizədlik dissertasiyasını hamıdan əvvəl müdafiə eləmişdi (elmlər doktoru adının AAK tərəfindən təsdiqi yalnız ölümündən sonra gəldi)....

...Atam bir çox siyasi xadimlərlə dostluq etmiş, yaxından ünsiyyət qurmuş, uğurlarına sevinmiş, çətinliklərinə görə narahat olmuşdu; onları böyük məmnuniyyətlə, öz gənclik dostları kimi xatırlayır, o qayğısız illərdəki dostluğu, həyatın qarşıda, hamının isə ümid və arzularla dolu olduğu həmin illəri tez-tez yada salırdı. Atam həmişə deyirdi ki, onun dostları həmişə arxalana biləcəyi insanlardır. Nümunə kimi Tahir Salahov və Kamil Əliyevlə birlikdə avtomobil qəzasına düşmələrini, köməyə ilk olaraq o vaxtlar hələ yalnız general olan Heydər Əliyevin gəldiyini, onları xəstəxanaya yerləşdirdiyini tez-tez xatırlayırdı. Bu hadisəni sonralar Kamil Əliyevin yubileyində çıxış edən Heydər Əliyev də xatırlayırdı, onun sözlərində də həmin o gənclik və optimizm dolu illərə hörmət, rəğbət açıqca sezilirdi...

... Bir cəhəti dəqiq bilirəm: atam əsl kişi, böyük hərflə, İnsan idi. Dostları çox, düşmənləri az oldu, heç kim onun haqqında övladlarına xoşagəlməz bir fikir demədi. Və mən indi, yaş baxımından, onu bir il geridə qoysam da, atamla, atamın adı və əməlləri ilə yenə də uşaq kimi qürur duyuram..."

 

 





25.09.2018    çap et  çap et