525.Az

İşğalçı Ermənistan xəbərdarlıqlardan nəticə çıxarmalıdır


 

"BU GÜN AZƏRBAYCANIN ÖZ TORPAQLARINI İŞĞALDAN AZAD ETMƏK ÜÇÜN KİFAYƏT QƏDƏR GÜCÜ VAR VƏ BİZ BUNA NAİL OLACAĞIQ"

<b style="color:red">İşğalçı Ermənistan xəbərdarlıqlardan nəticə çıxarmalıdır</b>

Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə ölkəmizə dəvət olunmuş çoxsaylı xarici ölkə parlamentariləri, beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə Milli Məclisdə keçirilən xüsusi iclas səslənən əhəmiyyətli fikirlər, verilən ciddi mesajlarla yadda qalıb.

43 ölkədən 500-ə qədər qonağın iştirak etdiyi tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, həmin dövrdə həyata keçirilən dövlətçilik fəaliyyətinin əhəmiyyəti barədə geniş nitq ilə çıxış edib.

Prezident Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandıraraq, xalqımızın şərqdə ilk demokratik respublikanın yaradılması ilə fəxr etdiyini bildirib.

Cümhuriyyət dövründə bir sıra dövlət atributlarının təsis edildiyini deyən ölkə başçısı İlham Əliyev Azərbaycan dövlətinin Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb, bu il "Cümhuriyyət İli" çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan dövlət başçısı işğalçının ölkənin dinc azərbaycanlılara qarşı törətdiyi təcavüzkarlıq faktları, soyqırımı və qətliamlar barədə xarici qonaqlara məlumat verib, Ermənistanın münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymadığını, işğalçılıq siyasətini bu gün də davam etdirdiyini diqqətə çatdırıb: "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Qoy, Ermənistan bu xülyalarla yaşamasın. Qoy, Ermənistan rəhbərliyi öz xalqını aldatmasın. Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək və bu istiqamətdə çox önəmli addımlar atılıb. Qeyd etdiyim kimi, beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Təkcə BMT Təhlükəsizlik Şurası deyil, BMT-nin Baş Assambleyası, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bizim mövqeyimizi dəstəkləyir.

Bu il Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Tərəfdaşlıq Prioritetləri adlı sənəddə Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü dəstəklənir. Bu, Avropa İttifaqının mövqeyidir. Qonşu dövlətlər bizim ərazi bütövlüyümüzü tanıyır və dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə münaqişə ilə bağlı qətnamələr qəbul edib. Onların hamısı bizim mövqeyimizi müdafiə edir. Yəni bu, məsələnin beynəlxalq hüquqi tərəfidir. Real həyatda biz nəyi görürük: Ermənistan uğursuz dövlətdir. Əgər bir ölkəni 20 il ərzində kriminal xunta rejimi idarə edibsə, - müstəqilliyi cəmi 26 il olan dövlətdən söhbət gedir, - onda bu dövlətə hansı ad vermək olar? Ancaq uğursuz dövlət. Bu uğursuzluq, əslində, onların işğalçılıq siyasəti nəticəsində olub. Çünki əgər işğalçılıq siyasəti olmasaydı, onlar Azərbaycanın imkanlarından faydalana bilərdilər. Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz - siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu gün bizim siyasətimiz, - mən bunu bir daha demək istəyirəm, bu, sirr deyil, - Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, - ona dayaq da demək olmaz, - çökdürməkdir. Nəyə görə? Çünki biz torpaqlarımızı istəyirik. Bizə deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Biz də çalışırıq ki, bunu edək. Amma bunu etmək üçün gərək sənin qarşında adekvat bir tərəf olsun. Biz bu adekvatlığı görmürük. İndi Ermənistanın qeyri-adekvat addımları, hərəkətləri, yüksək kürsülərdən səslənən bəyanatları bu ölkəni daha da ağır vəziyyətə salacaq".

Daha sonra Azərbaycanın ölkə və dünya miqyasında əldə etdiyi uğurlara toxunan ölkə rəhbəri bildirib ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılması mümkün deyil. Getdikcə ölkəmizin bütün sahələrdə gücünün artdığını, Azərbaycanın beynəlxalq səviyyədə, qonşu ölkələrlə uğurlu əlaqələr qurduğunu deyən Prezident İlham Əliyev əlavə edib ki, son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, Dünya İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətlilik hesabatına görə Azərbaycan dünya miqyasında 35-ci, inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdə qərarlaşıb.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin önəmini vurğulayan, ölkəmizin dünyadakı təhlükəsizliyə mühüm töhfə verdiyini, Azərbaycanın multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini deyən Prezident İlham Əliyev bundan sonra da ölkəmizin inkişafı ilə bağlı tədbirlərin görüləcəyini xüsusi qeyd edib.

Bu gün Azərbaycanın dünya xəritəsində bir uğur nümunəsi olduğunu, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü deyən dövlətimizin başçısı Azərbaycanın öz milli maraqlarını tam təmin etdiyini və Azərbaycan parlamentinin bu işdə mühüm rolunun olduğunu diqqətə çatdırıb.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, parlamentin 100 illiyinə həsr olunan iclasda Prezident İlham Əliyevin çıxışı tarixi əhəmiyyətli idi. O, "Trend"ə bildirib ki, dövlət başçısı çıxışında Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamentinin qurucuları haqqında dəyərli fikirlər səsləndirib: "Prezident çıxışında çox mühüm məsələlərə toxunub. Dövlət başçısı həmişə olduğu kimi, bu dəfə də xüsusən Dağlıq Qarabağ probleminin həlli üzərində dayandı və çoxsaylı xarici qonaqların iştirakını nəzərə alaraq həm düşmən tərəfə, həm də beynəlxalq qurumlara çox ciddi mesajlar verdi. Dövlət başçısı düşmən tərəfi bir daha başa saldı ki, əgər Ermənistanın indiki rəhbərliyi də əvvəlkilər kimi sərsəm mövqe sərgiləsə, bunun axırı yaxşı olmayacaq. Onlar başa düşməlidirlər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Ancaq biz beynəlxalq hüquq normalarına uyğun olaraq torpaqlarımızı sülh yolu ilə azad etmək istəyirik. Lakin gedişat onu göstərir ki, Ermənistan konstruktiv mövqedən çox uzaqdır. Yəni onlar problemin sülh yolu ilə həllindən çox uzaqdırlar. Ermənistan işğalçılıq siyasətindən əl çəkmək fikrində deyil".

E.Məmmədov vurğulayıb ki, dövlət başçısı beynəlxalq qurumların bu məsələ ilə bağlı tutduğu mövqeyi haqlı olaraq tənqid edib: "Bu gün Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün kifayət qədər gücü var və biz buna nail olacağıq. Bunun üçün həm güclü hüquqi baza yaradılıb, həm güclü iqtisadiyyatımız var, həm də güclü ordumuz".

Deputat Tahir Rzayev isə bildirib ki, Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illik yubileyi ilə bağlı keçirilən iclasdakı çıxışında parlamentin fəaliyyətinə, deputatların gördüyü işlərə çox böyük qiymət verib. O qeyd edib ki, dövlət başçısı iclasda iştirak edən beynəlxalq qurumların və xarici ölkələrin nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək onlara problemin həlli yolunu göstərib: "Prezident çıxışında bildirib ki, Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bu torpaqlar Azərbaycanın əzəli torpaqlarıdır və Azərbaycan torpağı kimi də qalacaq. Hansı yolla olursa olsun, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Dövlət başçısı çıxışında hazırda Ermənistandakı vəziyyətə də toxunub və bildirib ki, Ermənistanda əvvəlki hakimiyyət təcavüzkar xunta rejimi yaratdığı halda, indiki hakimiyyət ondan da qəddar mövqe tutub və bu da Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi mane olur. Beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin, o cümlədən, Dağlıq Qarabağın azad olunması ilə bağlı mühüm qərarları olsa da, Ermənistan hakimiyyəti buna məhəl qoymur. Ona görə də Prezident İlham Əliyev beynəlxalq təşkilatlara, xarici ölkə nümayəndələrinə ciddi mesaj verib ki, onların təmsil etdikləri təşkilat və dövlətlər də bu işlə məşğul olmalıdır. Çünki bu gün işğalçının cəzalandırılmaması regionda daha böyük problemlərə yol aça bilər. Ona görə də bu məsələ ilə bağlı hər bir dövlət, hər bir parlament üzvü öz səsini çıxarmalıdır".

T.Rzayev bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Ordusunun, Azərbaycan iqtisadiyyatının gücündən də danışıb: "Azərbaycan güclü dövlətdir. Güclü bir dövlət olmaqla yanaşı, həm də ordu quruculuğu sahəsində mühüm işlər görüb və silahlı qüvvələrimiz istənilən vaxt torpaqlarımızı düşməndən azad edə bilər. Lakin biz beynəlxalq hüquq normalarına əsaslanırıq, ona görə də torpaqların sülh yolu ilə azad edilməsini istəyirik. Prezident bir daha xatırladıb ki, Ermənistan hakimiyyəti və onu himayə edən dövlətlər də bu barədə düşünməlidir".

Ceyhun ABASOV

 





26.09.2018    çap et  çap et