525.Az

"Kitab və onun gələcəyi" müzakirə olunur


 

"Kitab və onun gələcəyi" müzakirə olunur<b style="color:red"></b>

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında kitab, mütaliə, kitab nəşri və kitabyayımı məsələləri daima diqqət mərkəzindədir. Bu məqsədlə 2018-ci ilin avqust ayından başlayaraq kitabxananın oxucuları və istifadəçiləri arasında sosioloji sorğu keçirilir, fikir mübadiləsi aparılır.

Kitabxanadan bildirilib ki, qurumun növbəti önəmli addımlarından biri kitab və mütaliə problemlərinin müzakirəsi üçün "Kitab və onun gələcəyi" adlı tribunanın təşkilidir. Tribunada alimlər, yazıçı və şairlər, ictimaiyyət nümayəndələri, ziyalılar, fəal oxucu və istifadəçilər çıxış edəcəklər. Burada müsahibələr və diskussiyalar, "dəyirmi masa"lar, söhbətlər təşkil olunacaq.

Kitabxanada ilk söhbət Azərbaycan Yazıçılar Birliyinin üzvi, "Ulduz" jurnalının publisistika şöbəsinin redaktoru, yazıçı-publisist Hicran Hüseynova ilə olub.

Kitabxana ilə tanış olan yazıçı ona verilən sualları cavablandırıb, kitab və mütaliənin aktual problemlərinə xüsusi diqqət yetirərək maraqlı məlumatlar verib. Müsahibənin mətni kitabxananın veb-saytında yerləşdirilib.

Layihənin ideya müəllifi və rəhbəri, Yasamal rayon MKS-nin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru, "İnformasiya hamı üçün" UNESCO Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədovadır. Əlaqələndirici isə Leyla Abdulrəhimovadır.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında "Kitabxanaya kitab hədiyyə edirik" adlı sosial aksiya da uğurla davam edir.

Baş İdarədən bildirilib ki, aksiyada alimlər, yazıçılar, şairlər, ictimaiyyət nümayəndələri, oxucular, paytaxt sakinləri və şəhərimizin qonaqları, bir sözlə, cəmiyyətdə kitabın taleyinə biganə olmayan ziyalılar fəal iştirak edirlər.

Aksiyanın əsas məqsədi kitabxana fondlarını müasir, maraqlı və yüksək tələbat olan ədəbiyyat, dərsliklər, uşaq və yeniyetmələr üçün milli və xarici klassik ədəbiyyatla və müasir dövrün şair və yazıçıların əsərləri ilə zənginləşdirməkdir. Aksiya böyük maraqla qarşılanıb, oxucuların bütün kateqoriyalarının kitabxanaya cəlb olunmasına, mütaliənin inkişafına, kitablara marağın artmasına səbəb olub.

Aksiyaya bu günədək 24 ziyalı və kitabsevər qatılıb və onlar kitabxanaya 534 kitab hədiyyə edib. Hədiyyə olunan kitabların əksəriyyəti oxucuların marağına səbəb olan, kitabxanada olmayan yeni nəşirlər, habelə onilliklər öncə işıq üzü görən, lakin son illərdə yenidən nəşr olunmamış kitab, dərslik, lüğət, məlumat kitabları və s. ədəbiyyatdır.

Aksiyada iştirak edənlər haqqında məlumat MKS-in veb-saytında yerləşdirilib.

Aksiya oktyabrda yekunlaşacaq. Fəal iştirakçılara "İnformasiya hamı üçün" UNESCO Proqramının Azərbaycan komitəsi tərəfindən təşəkkür məktubları təqdim ediləcək.

Xatırladaq ki, aksiyanın ideya müəllifi və rəhbəri Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır. Layihənin əlaqələndiriciləri şöbə müdirləri Yeganə Qafarova, Sevil Namazova, Kifayət Hüseynova və Samirə Şirinovadır.

ŞAHANƏ

 





26.09.2018    çap et  çap et