525.Az

"Gömrük islahatları və modernləşdirilmə" mövzusunda təlim


 

"Gömrük islahatları və modernləşdirilmə" mövzusunda təlim<b style="color:red"></b>

Qusarda Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə jurnalistlər üçün "Gömrük islahatları və modernləşdirilmə" mövzusunda təlimlər başlayıb.

Təlimdə Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev, millət vəkili Hikmət Babaoğlu, KİVDF sədri Vüqar Səfərli, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, politoloq Arzu Nağıyev, Mətbuat şurasının sədr müavini Müşfiq Ələsgərli və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev Komitənin beynəlxalq standartlara uyğun apardığı islahatları diqqətə çatdırıb: "İslahatlar əsasən 3 istiqamətdə aparılır - gömrük-biznes, gömrük-hökumət və gömrük-gömrük. İctimaiyyət komitənin həyata keçirdiyi islahatları bilməlidir və bu islahatlardan xəbərdar olmalıdır. Bu gün Komitənin qarşısında duran əsas məqsədlərdən biri təhlükəsizlik, digəri isə fiksal siyasətdir. Bunları bilmək üçün gömrük komitəsi media ilə sıx işləməlidir. Düşünürəm ki, gələcək də islahatların bir istiqaməti də gömrük-media ola bilər. Bunun üçün də medianın əsas işi məlumatları ictimaiyyətə düzgün çatdırmaqdır".

O qeyd edib ki, 2016-cı ildə Azərbaycanda elektron ticarətin həcmi 19 min manat idisə, 2017-ci ildə bu rəqəm 16 min manat olub: "2018-ci ildə ölkədə elektron ticarətin həcmi 400 min manata qalxıb. Yəni bu il elektron ticarətin həcmi 20 dəfə artıb. Buna səbəb isə odur ki, mobil telefonların gətirilməsinin qarşısını almışıq. Əgər bir ucqar kənddə 90 yaşlı nənənin adına "iPhone" telefonu gəlirsə və nənənin bu telefondan xəbəri yoxdursa, təbii ki, belə halların qarşısı alınacaq".

İ.Babayev vurğulayıb ki, bəzən gömrük xidmətindən yazan jurnalistlər gömrük yığımları ilə rüsumların fərqini bilmirlər: "Təəssüf ki, bu cür hallar heç də arzuolunan deyil. Məhz bu cür halların qarşısını almaq məqsədilə sədr Səfər Mehdiyevin təşəbbüsü ilə jurnalistlər üçün maarifləndirici təlimlərin keçirilməsinə qərar verdik. Bu təlimlərin vasitəsilə jurnalistlərə bu anlayışlar, terminlər ətraflı şəkildə izah ediləcək".

İ.Babayev deyib ki, ölkə başçısının gömrük əməkdaşlarının əmək haqlarının artırılması ilə bağlı fərmanına əsasən, bu gün Azərbaycanda ən çox əməkhaqqı alan dövlət işçiləri gömrük əməkdaşlarıdır.  O bildirib ki, Azərbaycanda gömrük orqanlarının qarşısında duran birinci vəzifə dövlətin təhlükəsizliyidir, ikinci yerdə isə fiskal siyasət dayanır:

"Bu gün Dövlət Gömrük Komitəsinin əsas məqsədlərindən biri korrupsiya və rüşvətin qarşısını almaqdır. Təəssüf ki, bütün tədbirlərimizə rəğmən kiminə görə "hörmət", kimisinə görə də "şirinlik" formasında rüşvət hələ də qalıb. Lakin biz yenə də bunun qarşısını almaq məqsədilə sahibkarlarla tez-tez görüşlər keçiririk".

İ.Babayev onu da əlavə edib ki, Gömrük Komitəsinin beynəlxalq prinsiplər əsasında apardığı islahatlar iş fəaliyyətinin daha da güclənməsinə xidmət edir: "İslahatları həyata keçirərkən təbii olaraq bir sıra riskli vəziyyətlər ortaya çıxır. Buna səbəb isə Gömrük orqanlarında dinamik fəaliyyət və inkişafdır. Demək olar ki, hər gün bizdə və ya digər sərhəd ölkələrin gömrük sistemində qaydalar dəyişir. Təbii olaraq buna uyğun olaraq tənzimləmələr həyata keçirilir. Hazırda biznes aləmində gömrük islahatları ilə əlaqədar müəyyən narahatlıqlar müşahidə edilir ki, bunlar da başa düşüləndir. Biz ilk növbədə mobil telefonların ölkəyə gətirilməsinin qarşısını aldıq. Bununla əlaqədar distributorlar bizə təşəkkür məktubları ünvanlayır ki, yay mövsümündə satış səviyyəsi kifayət qədər yüksəlib. Biz də çox məmnunuq ki, gördüyümüz işlər öz səmərəsini verir. Həyata keçirdiyimiz islahatlar kəmiyyət dəyişikliyinə səbəb olsa da, hələ ki, keyfiyyət dəyişikliyi müşahidə edilmir. Keyfiyyət dəyişikliyi üçün isə əlbəttə ki, bizim ictimaiyyətin, medianın dəstəyinə ehtiyacımız var".

Qeyd edək ki, jurnalistlər üçün təşkil edilən təlim 29 sentyabradək davam edəcək.

S.QARAYEVA

 





26.09.2018    çap et  çap et