525.Az

Rusiya prezidenti Bakıya gəlir


 

"İLHAM ƏLİYEVLƏ VLADİMİR PUTİNİN TEZ-TEZ KEÇİRİLƏN GÖRÜŞLƏRİ RUSİYA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN ÇOX UĞURLU VƏ DİNAMİK İNKİŞAF ETDİYİNİ TƏSDİQLƏYİR"

Rusiya prezidenti Bakıya gəlir<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin bu gün səhər tezdən Bakıya yola düşəcək.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

"Azərtac"ın məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi jurnalistlərə bildirib ki, prezident Vladimir Putin sentyabrın 27-də Rusiya və Azərbaycan regionlarının IX forumunda, sonra isə sentyabrın 27-28-də Düşənbədə MDB ölkələrinin Dövlət başçıları Şurasının iclasında iştirak edəcək.

D.Peskov deyib: "Axşam Prezident artıq Düşənbədə olacaq, orada qeyri-rəsmi naharda iştirak edəcək. Sentyabrın 28-də Düşənbədə MDB ölkələrinin Dövlət başçıları Şurası çərçivəsində tədbirlər keçiriləcək. Bundan əvvəl, səhər tezdən prezident Bakıya uçacaq. Orada Rusiya və Azərbaycan regionlarının forumu keçiriləcək. Dövlət başçıları Vladimir Putin və İlham Əliyev regionların rəhbərləri ilə söhbət edəcək, onların qarşısında çıxış edəcəklər. Bu görüşdən əvvəl Prezident hazırda Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi yarışlarına tamaşa edəcək".

İqtisadiyyat Nazirliyinin və Rusiya İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək IX Azərbaycan-Rusiya Regionlararası Forumu 2 gün davam edəcək. Tədbirdə hər iki ölkənin dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələrinin, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, forum çərçivəsində rəsmi şəxslərin və işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclası, sənaye və energetika, turizm, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, nəqliyyat və tranzit, qadın sahibkarlığı və humanitar sahələrdə əməkdaşlığa dair dəyirmi masalar, plenar iclas keçiriləcək.

Rusiya nümayəndə heyəti, həmçinin, Azərbaycanda fəaliyyət göstərən bir sıra istehsal və emal müəssisələri ilə tanış olacaq.

Rusiyalı ekspert Andrey İvanov V.Putinin Bakı səfəri ərəfəsində iki ölkə arasında münasibətlər barədə fikirlərini qeyd edib. O, "Trend"ə bildirib ki, bu gün Rusiya-Azərbaycan münasibətləri çox uğurlu və dinamik inkişaf edir və Rusiya ilə Azərbaycan liderlərinin tez-tez keçirilən görüşləri bunu təsdiq edir.

Ekspertin sözlərinə görə, bunun əsas səbəbi ondadır ki, münasibətlər qarşılıqlı səmərəli əsasda, bütün məsələlərlə bağlı bir-birinin suveren seçiminə tam hörmət şəraitində qurulur: "Moskva ilə Bakı arasında bu gün ziddiyyət yoxdur və bu, böyük nailiyyətdir. Bundan əlavə, son zamanlarda iki ölkənin iri geosiyasi layihələrdə iştirakı ilə bağlı vacib irəliləyişlər qeydə alınıb. Buraya Xəzərin statusu barədə Konvensiyanı, Moskva-Bakı-Ankara və Moskva-Bakı-Tehran siyasi xətlərini aid etmək olar. Bu, Dağlıq Qarabağ kimi mürəkkəb problemlərin həlli üçün də imkanlar yaradır".

A.İvanov qeyd edib ki, Rusiya və Azərbaycan bu problemin beynəlxalq hüquq əsasında həlli prinsiplərinə sadiqdir: "Əlbəttə, bu, tez həll edilməsi mümkün olmayan çox mürəkkəb prosesdir. Amma vurğulamaq lazımdır ki, regionda qarşılıqlı münasibətlərin dinamikası bu mürəkkəb məsələnin həllində irəliləmənin mümkün ola biləcəyini göstərir".

Ekspert əlavə edib ki, hər iki tərəf "Şimal-Cənub" nəqliyyat dəhlizi kimi irimiqyaslı layihənin reallaşdırılmasında maraqlıdır: "Bu yol asiyalı istehsalçıları avropalı müştərilərlə əlaqələndirəcək və Süveyş kanalından keçən marşrutdan iki dəfə qısa olacaq. Fikrimcə, bu layihə tərəflərin bir-birinə olan etimadı nümayiş etdirir. Çünki infrastrukturun tikintisi üçün çoxlu vəsait tələb olunur, Azərbaycan isə öz ərazisində bütün zəruri infrastrukturu başa çatdırıb. Bu onu göstərir ki, Azərbaycan öz tərəfdaşlarına etibar edir".

A.İvanov əlavə edib ki, layihə bütün marşrutun təhlükəsizliyi üçün yeni tələblər irəli sürür, bu isə o deməkdir ki, Dağlıq Qarabağ məsələsinin həlli daha intensiv rejimdə həyata keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikov Putinin Bakıya sentyabrın 25-də gələcəyini açıqlamışdı.

C.ABASOV

 





27.09.2018    çap et  çap et