525.Az

Azərbaycan kosmik sənaye sahəsində növbəti uğuruna imza atdı


 

ORBİTƏ BURAXILAN "AZERSPACE-2" PEYKİNİN ÖLKƏ İQTİSADİYYATINA 400 MİLYON ABŞ DOLLARI GƏLİR GƏTİRƏCƏYİ PROQNOZLAŞDIRILIR

Azərbaycan kosmik sənaye sahəsində növbəti uğuruna imza atdı<b style="color:red"></b>

Azərbaycan kosmik sənaye sahəsində növbəti uğuruna imza atıb. "Azersky", "Azerspace-1"in ardınca, dünən Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından ölkəmizin 3-cü peyki orbitə çıxarılıb.

ABŞ-ın "Space Systems/Loral" (SSL) şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300" peyk platforması əsasında istehsal olunan "Azerspace-2" geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. "Azerspace-2" peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatdıqdan sonra peykin idarəçiliyi istehsalçı şirkət tərəfindən "Azərkosmos" ASC-yə təhvil veriləcək ki, bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq.

"Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki - "Azerspace-1" peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində "Azərkosmos"a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Bir sözlə, "Azerspace-2" şirkətimizin təbiətinə görə kifayət qədər mühafizəkar və yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirəcək.

Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan xalqına ünvanladığı təbrik mesajında qeyd edib ki, Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Dövlət başçısının qeyd etdiyi kimi, son 5 ildə 3 peykin orbitə çıxarılması dövlətimizin gücünü və bizim siyasətimizi göstərir.

Prezident bu peyklərin çox böyük əhəmiyyətinin olduğunu bildirib: "Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir".

Prezidentin sözlərinə görə, kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir: "Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik".

Peyklərin, eyni zamanda, kommersiya tərəfi olduğunu qeyd edən ölkə rəhbəri deyib ki, bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir: "Azərspace-2" telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək".

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Musa Quliyev qeyd edib ki, Azərbaycanın növbəti "Azərspace-2" peykinin orbitə çıxarılması tarixi hadisədir və dövlətimizin növbəti qələbəsi, uğurudur. O, "Trend"ə bildirib ki, növbəti peykimizin orbitə buraxılması dövlətimizin gücünün, qüdrətinin göstəricisidir: "Dünyada az sayda dövlətlər var ki, onlar peyklərə malikdir. Bu, təkcə bizə iqtisadi dividend gətirmir, eyni zamanda, həm siyasi, həm də mənəvi mənada böyük uğur deməkdir. Son 5 il ərzində 3 peykə sahib olan Azərbaycan dünyanın kosmik klubunun üzvünə çevrilib və dünya kosmik sənayesində öz mövqelərini möhkəmləndirir".

Deputat qeyd edib ki, bu peykin orbitə çıxarılmasının çox böyük iqtisadi gəlirləri olacaq və qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq: "Ölkəmiz bu peyklər vasitəsilə böyük gəlirlər əldə edəcək. İnformasiya təhlükəsizliyi baxımından da bu peyklərin çox böyük əhəmiyyəti var".

M.Quliyev əlavə edib ki, "Azərspace-2" peykinin orbitə çıxarılması Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə də böyük töhfədir.

Qeyd edək ki, "Azerspace-2" peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat" şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.

Ümumilikdə dəyəri 190 milyon ABŞ dolları olan "Azerspace-2" peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

Ceyhun ABASOV

 





27.09.2018    çap et  çap et