525.Az

"Azərspace 2" peykinin orbitə çıxarılması Azərbaycanın növbəti uğurudur


 

"Azərspace 2" peykinin orbitə çıxarılması Azərbaycanın növbəti uğurudur<b style="color:red"></b>

Azərbaycanın həyatında daha bir mühüm və əlamətdar hadisə baş verib. Belə ki, sentyabrın 26-da "Azərspace 2" peykimiz orbitə çıxarıldı.

Bununla bağlı dövlət başçısının Azərbaycan xalqına ünvanladığı təbrikdə "Azərspace 2" peykinin orbitə çıxarılması ölkəmizin növbəti qələbəsi, dövlətimizin növbəti uğuru kimi xarakterizə olunub. "Azərspace 2" peykinin orbitə çıxarılması Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyininin bərpasının 27-ci ildönümünə həsr edilib.

Məlumat üçün bildirək ki, bu, artıq son beş il ərzində Azərbaycanın orbitə çıxardığı üçüncü peykdir. Daha əvvəl 2013-cü ildə ilk peykimiz olan "Azərspace 1" telekommunikasiya peyki,  2014-cü ildə isə  "Azərsky" müşahidə peyki orbitə çıxarılıb. Və nahəyət üçüncü peykin orbitə çıxarılması ölkəmizdə kosmik sənayenin inkişafında növbəti addım oldu.

Azərbaycanda bu gün bütün sahələrdə surətli inkişaf müşahidə edilməkdədir. Ölkəmiz innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr məkanı kimi də nüfuz qazanmaqdadır. Bu gün Azərbaycan iqtisadiyyatında rabitə və informasiya texnologiyaları ən inkişaf etmiş sahələrdən birinə çevrilib. Telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması ölkəmizin regionda informasiyanın ötürülməsi sahəsində də lider dövlətə çevirib. Azərbaycanda aerokosmik sənaye yaradılıb. Bu sahənin inkişafı 2008-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamından sonra başlayıb. 2010-cu ildə isə dövlət başçısı "Azərkosmos" Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında sərəncam imzalayıb və Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verib. Beləliklə, "Azərkosmos" Azərbaycanda və Qafqazda ilk peyk operatoru kimi fəaliyyət göstərir.

Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" Səhmdar Cəmiyyəti bütün diqqəti ölkəmizdə ilk süni peyk - "Azərspase-1"in hazırlanmasına və orbitə buraxılmasına yönəltdi. Azərbaycan, Avropa və Amerika mütəxəssislərinin birgə səylərinin nəticəsi olan, amma Azərbaycan adıyla ərsəyə gələn, Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən "Azərspase-1" telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin daha bir nailiyyəti olaraq tarixə düşdü. Bu, Azərbaycanın elmi-texniki və iqtisadi qüdrətinin təntənəsi idi. İstismar müddəti 15 il olan "Azərspase-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Azərbaycanın ilk peyki 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rola malikdir.

Ölkə prezidenti "Azərspace-1"i  Azərbaycanda kosmos sənayesinin başlanğıcı adlandıraraq bildirmişdir ki, "Azərspace-1" o deməkdir ki, "Azərspace-2", “Azərspace-3" və digərləri olacaq: "Biz Azərbaycanda güclü kosmos sənayesinin qurulması üçün beynəlxalq tərəfdaşlarımızla işləyirik".

Bu gün qürurla demək olar ki, Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Kosmik sənayenin inkişafı üçün mövcud olan çox əlverişli imkanlar bu sahənin gələcəyi ilə bağlı nikbin düşünməyə, Azərbaycanın yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcəyini deməyə əsas verir.

Prezident İlham Əliyev yeni peykin orbitə buraxılması münasibətilə xalqa ünvanladığı təbrikində bu peyklərin çox böyük əhəmiyyəti olduğunu bildirib. Dövlət başçısı deyib ki, ilk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir.

Ümumilikdə, infrastruktur layihələrinin icrası və mövcud infrastrukturun qorunması üçün peyklərin böyük əhəmiyyəti var. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində "Azərsky" peykinin xüsusi rolu var. Bu peyk həmçinin, kənd təsərrüfatının inkişafı, ekoloji vəziyyətə nəzarət, torpaqlardan səmərəli şəkildə istifadə edilməsində vacib əhəmiyyət kəsb edir. Bu peykin fəaliyyəti nəticəsində Azərbaycan qeyd edilən sahədə xaricdən asılılığı tamamilə aradan qaldırıb və bir çox ölkələr üçün peyk xidməti göstərir.

Məlumat üçün bildirək ki, "Azerspace-2" peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb. Peyk Fransanın "Arianespace" şirkətinə məxsus "Ariane 5? daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb."Azerspace-2" peyki ABŞ-ın "Space Systems/Loral" (SSL) şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300" peyk platforması əsasında istehsal olunub. Peyk geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. "Azerspace-2" peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatdıqdan sonra peykin idarəçiliyi istehsalçı şirkət tərəfindən "Azərkosmos" ASC-yə təhvil veriləcək ki, bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq.

"Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Qeyd edək ki, "Azerspace-2" peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat" şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır. Ümumilikdə dəyəri 190 milyon ABŞ dolları olan "Azerspace-2" peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri, deputat Eldar İbrahimov deyib ki, "Azərspace 2" peykinin orbitə çıxarılması Azərbaycanın növbəti uğuru olmaqla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə böyük töhfədir. Onun sözlərinə görə, artıq Azərbaycan dünyaya təkcə iqtisadi, siyasi və digər sahələrdə deyil, kosmik sənayesində də güclü olduğunu göstərir: "Azərbaycan dünyanın ən güclü ölkələrindən biri kimi, son beş il ərzində orbitə 3 peyk çıxarmaqla dünyanın kosmik klubunun üzvünə çevrilib və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir".

Peyklərin orbitə çıxarılmasının infrastruktur layihələrinin icrası və mövcud infrastrukturun qorunması sahəsində böyük əhəmiyyətə malik olduğunu deyən komitə sədri vurğulayıb ki, "Azərspace 2" peykinin orbitə buraxılmasının ölkə iqtisadiyyatının daha da inkişaf etməsinə mühüm töhfələr verəcək: "Bildiyiniz kimi kosmos vasitəsilə torpaqların monitorinqi aparılır. Biz monitorinqlər vasitəsilə boş və ya əkin-biçinə uyğun olan torpaqlar haqqında məlumat alırıq. Peyklərdən kənd təsərrüfatı sahəsində istifadə olunur və bunun müsbət nəticələri göz qarşısındadır. Ümumiyyətlə, kosmik sənayedə əldə edilən uğurlar iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını stimullaşdırır".

E.İbrahimov qeyd edib ki, Azərbaycan prezidenti tərəfindən həyata keçirilən uğurlu siyasətin daxilində kosmik sənayesinin daha da inkişafı öz əksini tapır: "Bu sahədə görülən işlər davamlı olacaq və Azərbaycan peyklərinin kosmosdakı sayı daha da artacaq".

PƏRVANƏ

 





27.09.2018    çap et  çap et