525.Az

BMT 73-cü sessiyada: artan münaqişələr, yığılıb qalan qətnamələr


 

"BMT GÜCLÜ OLSAYDI, ONDA ERMƏNİSTAN RƏHBƏRLƏRİ NYU-YORKA YAXIN BURAXILMAZ, İŞĞALÇILIQ MAHİYYƏTİNİ DƏYİŞMƏYƏN HAKİMİYYƏTLƏR MÜHAKİMƏ EDİLƏRDİ"

BMT 73-cü sessiyada: <b style="color:red">artan münaqişələr, yığılıb qalan qətnamələr</b>

Bu gün dünyanın müxtəlif nöqtələrində, o cümlədən, Cənubi Qafqaz regionunda davam edən münaqişələr müstəqil dövlətləri öz ətrafında birləşdirən, ən mötəbər siyasi təşkilat hesab olunan BMT qarşısında bir sıra öhdəliklər qoyur: dünyada sülh və sabitliyi təmin etmək; siyasi və hərbi böhranların, humanitar fəlakətlərin qarşısını almaq; dövlətlər arasında əməkdaşlıq mühiti yaratmaq...

Lakin bir vaxtlar özünü dünyada təhlükəsizlik, sülh və sabitliyin qarantı hesab edən bu qurum indi demək olar ki, real işləmə funksiyalarını itirib və ya demokratika adı altında aparılan sövdələşmələrin girovuna çevrilib. Halbuki İkinci Dünya müharibəsinin ağır və dəhşətli nəticələrindən sonra yaradılan BMT-nin əsas missiyası bəşəriyyəti bir daha bu cür sınaqlarla üz-üzə qoymamaq olsa da, hazırkı dövrümüzdə müharibə ocaqlarının sayının daha da artması, münaqişələrə verilən qiymətlərin yalnız kağız parçası üzərində qalması, işğala məruz qalan ölkə və cəmiyyətlərin uzun illər qarşı-qarşıya dayandıqları problemlərin həllini gözləməsi və sonda Ermənistan kimi təcavüzkar dövlətlərin başında duranların "ali" kürsüdən dünyaya "ağıl" öyrətməsinə şərait yaradılması vəziyyətin nə qədər acınacaqlı hal aldığını, sözügedən təşkilatın sadalanan vəzifələrinin öhdəsindən gələ bilmədəyini, effektivliyini itirdiyini deməyə əsas verir.

Təsadüfi deyil ki, Azərbaycan parlamentinin 100 illiyi münasibətilə Milli Məclisdə keçirilən mərasimdə çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən beynəlxalq təşkilatların, o cümlədən, BMT-nin Təhlükəsizlik Şurasının işğal faktına görə qəbul etdiklərini qətnamələr barədə fikirlərini bildirib. Prezident siyasi müstəvidə işğalçı Ermənistana qarşı aparılan fəaliyyətin Azərbaycanın xeyrinə verdiyi nəticələri qeyd etməklə yanaşı, bir sıra hallarda ölkəmizə qarşı tətbiq olunan ikili standartlar siyasətindən narazılığını da gizlətməyib. Böyük güclərin maraqlarına cavab verdiyi halda BMT müstəvisində qəbul olunan qətnamələrin qısa vaxtda icra mexanizmlərinin tətbiq olunduğu dəfələrlə çıxışlarından səsləndirən dövlət başçısı parlamentdəki çıxışında da məsələyə geniş yer verərək, adıçəkilən qurumda bugünədək Ermənistanla bağlı ölçü götürülməməsindən narahatlığını bildirib: "Bütün beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərar və qətnamələr qəbul ediblər. Onların arasında əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd etmək istərdim. Bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələrə əməl etmir, onlara məhəl qoymur və beləliklə, öz işğalçılıq siyasətini davam etdirir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar da Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir. Hesab edirəm, bunun vaxtı gəlib çatıb ki, işğalçıya qarşı çox ciddi tədbirlər görülsün və bu, ədalətli olardı. Bu məsələ ilə bağlı biz beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərinə də fikir verməliyik. Əgər dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirsə, onda əlbəttə ki, bu orqanın nüfuzu o qədər də yüksək səviyyədə ola bilməz. Münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir".

Prezidentin qeyd etdiyi kimi, beynəlxalq təşkilatların Ermənistanın davranışlarına, işğal siyasətini davam etdirməsinə, təmas xəttində mütəmadi gərginlik yaratmaq cəhdlərinə göz yumması, səsini çıxartmaması və ya quru sözlə, ümumi ifadələrlə kifayətlənməsi təcavüzkarın daha da azğınlaşmasına gətirib çıxarır. Daha dəqiq desək, bununla həmin qurumlar şərait yaradan tərəf kimi çıxış edir və nəticədə dünya üzərində qara buludların daha da çoxalmasına, iri silah tacirlərinin öz ciblərini daha da doldurmasına imkan verirlər.

Məsələylə bağlı fikirlərini bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc qeyd edib ki, BMT ilə bağlı xəbərlərin statistik mahiyyət daşıdığı hər kəsə bəllidir və artıq on illərdir ki, heç bir xüsusi maraq doğurmur: "Sovetlər birliyinin çöküşündən sonra yaranan münaqişələrin qarşısını almaqda aciz qalan bir qurumun illik sessiya və baş məclisləri dünya dövlətlərinin başçılarının əzələ nümayişinə çevrildiyindən bir-birini əvəzləyən baş katiblərin adları da çoxlarına bəlli deyil".

Deputatın sözlərinə görə, məhz bu səbəbdən dünyada nüfuzlu liderlər sırasında müxtəlif dövlət başçılarının isimləri dominantlıq edir və yer kürəsində sülhə, təhlükəsizliyə cavabdehlik daşıyan bir təşkilatın rəhbərləri isə həmin reytinq şkalalarından kənarda qalır, bəzən sonuncu yerə belə layiq görülmürlər: "Təkcə bu fakt Afrikadan Asiyaya, Avropadan Amerika qitəsinə qədər uzanan böyük bir məkanda baş verən qanlı toqquşmaların, dini və irqi savaşların, humanitar fəlakətlərin qarşısını nədən almağın mümkün olmadığını hər kəsə əyan edir".

Z.Oruc qeyd edib ki, belə bir şəraitdə, BMT-nin 73-cü sessiyası ərəfəsində gözləmək olardı ki, nəhəng informasiya kanallarının obyektivinin Nyu-Yorka yönəlməsini nəzərə alan baş katib Antonio Quttereş rəhbərlik etdiyi qurumun məsuliyyətini dərindən dərk edərək, həll olunmamış konfliktlərə diqqət çəkəcək, keçmişdə qəbul olunan qərar və qətnamələri təkrar müzakirələrə çıxarmaq üçün cəsarətli təşəbbüslərdə bulunacaq: "Amma təəssüf ki, heç olmasa katolik dünyasının lideri Fransisk qədər sülhün və ədalətin elçisi olmağı ağlına, kürəyinə sığışdırmayan bir adam oturub virtual şəbəkələrdə Ermənistandakı son inqilabı tərənnüm etməyə girişib. Görün, özünün "Facebook" səhifəsində baş katib nə yazır: "Bu yaxınlarda biz Ermənistanda hakimiyyətin dinc ötürülməsinin şahidi olduq. Bu fantastik nümunə sübut edir ki, gənc nəsil bizdən daha yaxşı qərar qəbul etmək imkanlarına malikdir". Bəli, qənaətlərinizdə haqlısınız, regional hadisələri izləyən qərbli politoloqların Rusiya əleyhinə istənilən çevrilişə verdikləri qiymətdən o qədər də fərqlənməyən bir mövqeyin şahidiyik. Sən demə, yaşlı adamlar mühafizəkardılar, hakimiyyəti ayaqlar altına atmaqda çox ehtiyatlıdılar, o üzdən gənclərin hərəsinə bir Molotov kokteyli verib meydanlara səsləmək BMT rəhbərinin əsas dünyəvi missiyasıdır. Əslində, heç bir əlahiddə səlahiyyətə malik olmayan və ABŞ prezidentinin mətbuat xidmətinin təmsilçiləri kimi davranan bir şəxsdən başqa nəyi gözləmək olar ki? Xanım Hillari Klintonun Vikiliks qovluqlarından boylanan zəhmli və qəddar şifrəli əmrlərini burada xatırlamaq indi yerinə düşər. Pan Gi Munun bütün hərəkətlərinə nəzarət elə bir səviyyədə çatdırılmışdı ki, Corc Oruelin məşhur əsərindəki "böyük televizor" bunun yanında yumşaq diktatura hadisəsidir. Halbuki Paşinyanı o kürsüdə əməlli-başlı linç etmək olardı. Onun sələfi Serj Sarkisyanı bircə dəfə sorğuya çəkməyən bir təşkilatın sədarətində və salonunda ədalətin təntənəsini gözləmək gerçəkdən də sadəlövlükdür. Quttereşin Paşinyana heyranlığı təkcə küçə üsyanlarına dəstək deyil, eləcə də Azərbaycanla bağlı qəbul edilmiş 4 qətnamənin makulaturaya çevrildiyinin göstəricisidir".

Deputat hesab edir ki, bu səbəbdən, Nyu-Yorkun baş binasını "yerinə yetirilməyən qərarların qəbiristanlığı" adlandıranlar tam haqlıdırlar: "Təsəvvür edirsinizmi, dünyada Liviya xalqının və Suriyadakı müharibənin qurbanları hələ də BMT-dən, yaxud 2-ci dünya savaşından sonra formalaşan 5 dövlətin monopol siyasi hökmranlığından imdad gözləyir, hər növbəti kütləvi qırğından sonra "United Nations" abreviaturası ilə gələn maşınların payladığı UN və digər humanitar yardımları qəbul edərək, sabahkı döyüşlərə bir qədər güc toplayırlar. Bəli, Quttereşin erməni baş nazirinə heyranlığı ona Qarabağdakı səngəri, demokrat Paşinyanın öz övladını siyasi kapital yığımı naminə cəbhə xəttinə göndərməsini görməyə imkan vermir. Əgər BMT Amerikadan və yerdə qalan 4 dövlətdən güclü olsaydı, onda Ermənistan rəhbərləri Nyu-Yorka yaxın buraxılmaz, liberal və bolşevik olmasından asılı olmayaraq, işğalçılıq mahiyyətini dəyişməyən hakimiyyətlər mühakimə edilərdi".

"İndi təsəvvür edin ki, sabah Qafqazlarda müharibə təzədən alovlanır və BMT-nin yanğınsöndürənləri gəlib iki xalqı sakitləşdirməyə çalışır, onda Quttereş indiki heyranlıq hissini hansı qərarla əvəzləyəcək? Yəqin deyəcəksiz ki, yeni qətnamələr qəbul olunacaq və Antonionun "nümunəvi inqilabçı" adlandırdığı erməni baş nazirin Qarabağ dağlarındakı hərbi cinayətlərini demokratiyanın ayağına yazmaqdan başqa əlacları qalmayacaq. Halbuki Saakaşvilinin ayaqqabısını geyib onun heç ayaq tozu da ola bilməyən birisini qarşıdakı günlərdə Amerikadan haqq bağırdığını görəndə, düşünün ki, onu həmin tribunaya itələyənlərə sülhdən daha çox müharibə lazımdır. Fərq etməz, Rusiyanın, Türkiyənin, İranın, yaxud Azərbaycanın əleyhinə...", - deyə Z.Oruc sözlərini tamalayıb.

Ceyhun ABASOV

 





27.09.2018    çap et  çap et