525.Az

Mingəçevirdə dövlət-din modeli ilə bağlı müzakirə


 

Mingəçevirdə dövlət-din modeli ilə bağlı müzakirə <b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər" mövzusunda konfrans keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Mingəçevir şəhər təşkilatının aktivləri, dini icma sədrləri, din xadimləri iştirak edib.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən I müavin İlham İsmayılov mövzunun aktuallığından danışaraq bildirib ki, ölkədə dövlət quruculuğu prosesləri, dövlət-din münasibətlərinin tənzimlənməsi, cəmiyyətdə ictimai-siyasi sabitliyin bərqərar olunması, iqtisadiyyatın inkişafının dönməz xarakter alması Ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin diqqət yetirdiyi sahələrdən biri də xalqımızın milli-mənəvi dəyərlərə qayıdışının sürətlənməsi, dini abidələrə qayğı, dini bayramların dövlət səviyyəsində qeyd olunması istiqamətində görülən mühüm işlər idi. Bu siyasi kurs bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, müstəqilliyimizin bərpasından sonra dövlət-din münasibətləri, xalqımızın milli-mənəvi dəyərlərinin öyrənilməsi və təbliği yeni keyfiyyət mərhələsinə qaldırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Nümunəvi siyasətin bu gün yeni formada özünü göstərdiyini deyən Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin dinə qayğısından danışaraq vurğulayıb ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bu diqqət və qayğının parlaq nümunəsidir.

Bu istiqamətdə Azərbaycannın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti olduqca təqdirəlayiqdir. Uğurla həyata keçirilən "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Bütün bunlar ölkədə dinə dövlət qayğısının bariz nümunəsi, ümumiyyətlə, dövlət-din münasibətlərinin ən yüksək məcrada davam etməsinin təzahürüdür.

Ölkədə din sahəsində fəaliyyətin əsasən maarifləndirmə istiqamətində olduğunu qeyd edən M.Qurbanlı, din adı altında müxtəlif zərərli qrupların fəaliyyətinin qarşısının alınmasında ideoloji müstəvidə görülən işlərin mühüm rol oynadığını vurğulayıb. DQİDK sədri dinin əsas fundamental dəyərlərindən kənara çıxaraq, zərərli təşviqatlar aparmaqla, xurafat yaymaqla insanları din adı altında başqa məqsədlərə yönəldən, onları silahlı münaqişələrə cəlb edən, digər mədəniyyətlərə və dinlərə qarşı qoyan radikal qruplaşmaların qarşısının alınmasının vacibliyinə diqqət çəkib. Bildirib ki, belə məqamlarda milli-mənəvi və islami dəyərlərimizin qorunub-saxlanılmasına və təşviqinə böyük ehtiyac var.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Şirvan bölgəsi üzrə qazısı Əli Məmmədov çıxışında dinə dövlət qayğısından, dini ibadətgahların inşa və təmir edilərək yenidən xalqın ixtiyarına verildiyindən bəhs edib.

Tədbirdə dini radikalizmə qarşı mübarizə, cəmiyyətin, xüsusən gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasının qarşısının alınmasında dini maarifləndirmənin rolu və önəmi kimi məsələlərə toxunulub, müzakirələr aparılıb.

S.QARAYEVA

 





27.09.2018    çap et  çap et