525.Az

ADPU rektoru yüksək bal toplayan tələbələrlə görüşdü


 

ADPU rektoru yüksək bal toplayan tələbələrlə görüşdü<b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov 2018-2019-cu tədris ilində 500-dən yüksək bal toplayaraq İbtidai təhsil fakültəsinin "İbtidai sinif müəllimliyi" ixtisası üzrə Azərbaycan və rus bölmələrinə qəbul olunmuş tələbələrlə görüş keçirib.

Rektor Cəfər Cəfərov bildirib ki, bu gün cəmiyyətdə müəllim peşəsinə verilən dəyərdən, onun nüfuzundan, həmçinin, bu peşə üzrə seçim edənlərlə bağlı faiz göstəricilərinin əvvəlki illərlə müqayisədə xeyli artmasından və keyfiyyət göstəricilərinin son iki ildə yüksəlməsindən bəhs edib.

Qeyd edib ki, 5 il öncə qəbul olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın hədəflərinə gedən yolda atılmış addımlar öz ilkin nəticələrini verməkdədir: "Strategiyada qoyulan hədəflər çoxdur, təhsilin qarşısında duran işlər hələ tam şəkildə öz həllini tapmayıb. Qalan işlərin bir hissəsini də siz gənc nəsil həyata keçirəcəksiniz. Bu istiqamətdə keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olan addımlar atılıb. Elə bunun nəticəsidir ki, 500-dən yüksək bal toplamış 2090 nəfər abituriyent öz həyatını müəllim peşəsi ilə bağlayıb. Bu müəllimə, məktəbə qayıdışın yeni addımıdır. Bir neçə il öncə bu göstəricini görmək mümkün deyildi. Abituriyentlər artıq öz ürəklərinin səsi, daxili istəkləri ilə seçimlərini edirlər. Valideynləri onları başqa ixtisasa istiqamətləndirdikləri halda belə, müəllimlik peşəsini həmin ixtisaslardan üstün tuturlar.

Yüksək nəticə göstərənlər başqa ixtisasları seçə bilərdilər, lakin onlar müəllimlik peşəsini seçiblər. Məsələn, bir tələbəmiz 670 bal toplayaraq ADPU-nun Quba Filialına qəbul olunub. Valideynləri ilə görüşümüz olub.  Onlar bildirdilər ki, biz nə qədər çalışdıqsa da, övladımız başqa seçim etmədi, müəllimlik peşəsini seçdi. Bu, insanı çox sevindirir. Lakin vacib məsələ həm də belə tələbələrin təhsil ehtiyaclarını ödəməkdir. Belə ki, universitetin tədris və maddi-texniki bazası yaxşılaşdırılmalıdır. Bu istiqamətdə addımlar atılır, uğurlu nəticələr əldə edilməkdədir".

Rektor universitetin maddi-texniki bazası yaxşılaşdırıldıqdan sonra təhsillə bağlı müzakirəyə çıxarılacaq və həyata keçiriləcək məsələlərə də toxunub: "Məsələn: "Yeni dövrün məktəbi necə olmalıdır?", "Yeni dövrün müəllimi necə olmalıdır?", "Yeni dövrün məktəblisi necə olmalıdır?", "Nəyi əsas öyrətmək lazımdır?". Təhsillə bağlı xarici təcrübə öyrənilməlidir, bunun üçün dil biliklərinin olması zəruridir. Yəni müasir gəncin xarici dilləri bilməsi zəruridir. Dünya resurslarına çıxış əsas etibarilə məhz ingilis dili vasitəsilə mümkündür. Belə kadrlar artıq yetişir, hətta bəziləri bizimlə birgə işləyirlər".

Sonda yüksək nəticə göstərən tələbələrin şəkillərindən hazırlanmış videoçarx nümayiş etdirilib.

S.QARAYEVA

 





27.09.2018    çap et  çap et