525.Az

İsveç gəncəli uşaqlara Astrid Lindqrenin kitablarını hədiyyə edəcək


 

BU ÖLKƏNİN XANIM SƏFİRİ AZƏRBAYCANIN İKİNCİ ŞƏHƏRİ İLƏ TANIŞLIQ GÖRÜŞÜNƏ GƏLİB

İsveç gəncəli uşaqlara Astrid Lindqrenin kitablarını hədiyyə edəcək<b style="color:red"></b>

İsveç Krallığının Azərbaycandakı səfiri xanım İnqrid Tersman Gəncədə olub. Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı ilə görüşü zamanı o qeyd edib ki, səfərinin məqsədi Azərbaycanın bölgələrini daha yaxından tanımaqdır.

Gəncədən əvvəl Naxçıvan və Şəkidə olduğunu deyən səfir, Gəncənin zəngin mədəni irsindən xəbərdar olduğunu qeyd edib.

"Bura ilk dəfə gəlsəm də,  Gəncənin Azərbaycanın tarixində və mədəniyyətində tutduğu mövqeyin çox yüksək olduğunu bilirəm. Odur ki, şəhərinizlə daha yaxından tanışlığı vacib sayıram" - deyə o vurğulayıb.

Görüşdə qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verilib, onun təmsil etdiyi ölkə ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, 4 min illik tarixə malik Gəncə zəngin mədəni irsə, həmçinin, müasir iqtisadi potensiala sahibdir.

"Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi mütəfəkkirlər yetişdirmiş şəhər, sadəcə Azərbaycan yox, dünya mədəniyyətinə də əvəzsiz töhfələr verib. 2016-cı ildə Avropa Gənclər Paytaxtı, 2017-ci ildə MDB Ölkələrinin Mədəniyyət Paytaxtı titullarını daşıyan Gəncə, 2019-cu il üçün Avropanın İdman Şəhəri də seçilib. Gəncədə 3 universitet və 3 kollec fəaliyyət göstərir. Şəhər əhalisinin üçdə bir hissəsini gənclər təşkil edir. Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir. Hazırda burada Gəncə Avtomovil Zavodu, "Det-AL" Alüminium MMC kimi iri sənaye müəssisələri fəaliyyət göstərir. Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın və İdman Sarayının tikintisi aparılır ki, hər ikisinin də təməli ölkə başçısı Prezident İlham Əliyev tərəfindən qoyulub" - deyə, o, qonağa şəhərin dünəni, bugünü və perspektivi haqda məlumatları çatdırıb.

Xanım Tersman səmimi qəbula görə təşəkkürünü bidirib. Ona Gəncə suveniri hədiyyə edilib.

İsveç səfirinin Gəncə səfəri zəngin proqramı ilə seçilib. İki iri sənaye müəssisəsi ilə yanaşı, İ. Tersman Nizami Gəncəvi Məqbərəsi, Heydər Əliyev Park-Kompleksi və Məhsəti Gəncəvi Mərkəzində, şəhərin Cavad xan küçəsində olub,  Cavad xanın məqbərəsi və Şah Abbas Cümə məscidini ziyarət edib. Gəncə Dövlət Filarmoniyası ilə tanışlıq isə qonaqda xüsusi ilə xoş təəssürat yaradıb. Qonaq Miniatür Kitab Muzeyinin Gəncə filialı və Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin Uşaq Kitabxanası ilə də tanış olub. Xanım Tersman burada qeyd edib ki, tezliklə İsveçdən bu kitabxanaya dünyanın bütün uşaqlarının sevimli yazıçısı Astrid Lindqrenin doqquz adda kitabı hədiyyə ediləcək.

Zakir MURADOV
Gəncə

 





27.09.2018    çap et  çap et