525.Az

Vilayət Quliyevin Əlimərdan bəy Topçubaşovla bağlı kitabı çıxdı - Fotolar


 

Vilayət Quliyevin Əlimərdan bəy Topçubaşovla bağlı kitabı çıxdı - <b style="color:red">Fotolar</b>

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ölkəmizin Macarıstandakı səfiri, professor Vilayət Quliyevin tərcümə və tərtib etdiyi "Əlimərdan bəy Topçubaşov. ... Xalqımızın müstəqil yaşayacağına inanırdıq" kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə Akademiyanın rəhbərliyi, professor-müəllim, tələbə kollektivi, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimini giriş sözü ilə açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamının əhəmiyyətini vurğulayıb, qeyd edib ki, bu əlamətdar hadisə ilə bağlı tədbirlər çərçivəsində o dövrə işıq salan kitabların əhəmiyyəti olduqca böyükdür.

Rektor xalqımızın Ümumilli lideri Heydər Əliyevin hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olmasını vurğuladığını diqqətə çatdırıb. Eyni zamanda, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiram göstəricisi olduğunu bildirib.

AXC-nin tariximizdəki müstəsna rolunu qeyd edən rektor, Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, Əlimərdan bəy Topçubaşovun Cümhuriyyətin qurulmasındakı xidmətlərindən danışıb, onun müstəqilliyimizin tanınması, dünya dövlətləri tərəfindən qəbul edilməsi yolunda əzmlə çalışdığını qeyd edib.

Akademik U.Ələkbərov kitab haqqında fikirlərini bildirib, nəşrin dövlət idarəçiliyi sahəsində DİA-da təhsil alanlar da başda olmaqla, xüsusən gənc nəsil üçün dəyərli vəsait olduğunu diqqətə çatdırıb.

Professor Vilayət Quliyev də çıxışında diqqəti "Cümhuriyyət İli"nə çəkib. O deyib ki, bu il Cümhuriyyətin 100 ili ümumxalq bayramına çevrildi. İstər tarixçilər, siyasi xadimlər, ədəbiyyatçılar, hətta gənclər belə hərə öz sahəsinə uyğun olaraq, bu ilə töhfələrini verməyə çalışdılar. O, belə bir əlamətdar ildə xalqın bir amal, məqsəd uğrunda sıx birləşməsini təqdirəlayiq hal hesab edib. Deyib ki, xalqımız bir daha öz dövlətinin, millətinin yanında olduğunu, milli vətənpərvərlik ruhunun yüksəkliyini göstərdi.

Müəllif "Əlimərdan bəy Topçubaşov. ...Xalqımızın müstəqil yaşayacağına inanırdıq" kitabının ərsəyə gəlməsi prosesi barədə ətraflı məlumat verib, Əlimərdan bəy Topçubaşovun siyasi-publisistik irsinin Azərbaycan oxucusuna təqdim edilməsinin əhəmiyyətindən bəhs edib. Kitabdakı Əlimərdan bəyin məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, tarixi araşdırmaları, bədii publisistikası və zəngin epistolyar irsi haqqında ətraflı şərh verən müəllif DİA-nın professor-müəllim və tələbə heyətinə, kitabı nəşr edən Tərcümə Mərkəzinə və nəşrin redaktoru Afaq Məsuda təşəkkürlərini bildirib.

Professor çıxışında həmin dövrün dil probleminə də diqqət çəkərək deyib ki, Əlimərdan bəyin yazıları rus dilində olduğundan burada tərcümə ilə toplanıb.

Kitabla bağlı fikirlərini bölüşən deputat, DİA-nın Siyası Araşdırmalar institutunun direktoru, professor Elman Nəsirov, DİA-nın "Siyasi İdarətetmə" fakültəsinin dekanı, professor Elçin Əhmədov, AMEA-nın professoru Solmaz Rüstəmova-Tohidi, DİA-nın Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova və başqaları çıxış edərək aktual mövzulara aid  əsərləri xüsusi önəm daşıyan professor Vilayət Quliyevin fəaliyyətini yüksək qiymətləndiriblər, bu cür kitabların tarixçilər, diplomatlar, politoloqlar üçün dəyərli mənbə olacağını qeyd ediblər. Çıxışlarda V.Quliyevin AXC dövrü ilə bağlı mütəmadi araşdırmalar apardığını, onun tədqiqatlarında elmi faktların üstünlük təşkil etdiyini və xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini, ədəbiyyatını layiqincə təbliğ və təmsil etdiyini vurğulayıblar.

Şahanə MÜŞFİQ

 





27.09.2018    çap et  çap et