525.Az

Xəzər bölgəsində yeni mühit


 

Xəzər bölgəsində yeni mühit<b style="color:red"></b>

Xəzərin hüquqi statusunu müəyyən etmiş Astana Konvensiyası bölgədə yeni geosiyasi situasiyanın təməlini qoyur.

Uzun müddət idi ki, məsələnin asılı vəziyyətdə qalması böyük risklərdən danışmağa əsaslar verirdi. Kənar qüvvələrin də problemli vəziyyətə diqqətini artırırdı ki, bu da təbii görünürdü. Çünki münaqişəli vəziyyətin olması özünə arxayın tərəflərə müdaxilə etməyə imkanlar yaradır. Lakin Xəzər hövzəsinin beşliyi özündə qətiyyət taparaq konsensusun gerçəklşməsinə yol açdı.

Sammitə ev sahibliyi edən Qazaxıstanın problemin müsbət həllindəki rolu da diqqət çəkdi. Zirvə görüşünə qədər rəsmi Astana bütün tərəflərlə intensiv şəkildə məsləhətləşmələ apardı və nəzərə alınsa ki, Qazaxıstan Azərbaycanala, Rusiya ilə strateji tərəfdaşlıq formatındadır və onun həm də İran və Türkmənistanla münasibətləri taraz məcrada davam edir, ümumilikdə son dərəcə sağlam və işgüzar mühit formalaşmışdı. 

Ümumi zəfər əldə edildikdən dərhal sonra beş lider imzalanmış sənədi "Xəzərin Konstitusiyası" kimi dəyərləndirdilər. Bu yanaşmanın arxasında böyük mətləb durur və onun mahiyyəti ondan ibarətdir ki, bundan sonra beş ölkə Konvensiyada təsbit edilmiş bütüm müddəalara əməl etməyi qərara alıblar. Əlbəttə, gələcəkdə yeni çətinliklər, anlaşılmaz məqamlar ola bilər. Lakin ümumi qayə ondan ibarətdir ki, məsləhətli yanaşma həllini gözləyən məsələlər ətrafında hökm sürsün.

Bu da anlaşılandır, çünki dənizin unikal olması ilə, Xəzərdən dünya okeanına çıxışın olmaması ilə məsələ bitmir. Beş ölkənin nümayəndələrindən ibarət vahid işçi qrupun qarşısında bir neçə vacib məsələnin həlli durur və bu kontekstdə su hövzəsini 5 bərabər hissəyə bölünməsinin son nöqtəsi vurulmalıdır. Bu gün isə əsas nəticə ondan ibarətdir ki, bölgədə yeni təcrübə və hüquqi baza formalaşır və problemli vəziyyət tədricən durulub anlaşma şəraitini təsdiqləyir. 

Əslində, ilk ümidverici anlar Tehran Konvensiyasının imzalanmasından sonra baş verdi. Məhz İran paytaxtındakı görüşdən sonra beşlərin dovlət başçıları, xarici siyasət idarələrinin rəhbərləri, Birgə işçi qrupuna təlimatlar verdilər ki, onlar prosesi sürətləndirsinlər. Azərbaycan, Qazaxıstan, İran, Rsuiya və Türkmənistan rəhbərlərinin birgə qərarı ilə yaranmış yeni situasiya bütün tərəflərin gözləntilərinə cavab verməyə başladı.

Astana sammitində Qazaxıstan rəhbəri Nursultan Nazarbayev bəyan etdi ki, "Konvensiyanın imzalanması artıq problemli vəziyyəti aradan qaldırmağa yol açır və qonşu xalqlar bundan əməli şəkildə yararlanacaqlar". Gündəlikdə olan məsələ  tərəflərin hüquq və öhdəliklərinin tənzimlənməsi idi. Ən vacib olan təhlükəsizlik rejiminin möhkəmlənməsi, bölgədə iqtisadi əməkdaşlığın sürətlənməsi və inteqrasiyanın yeni keyfiyyət mərhələsinə qalxması xüsusi əhəmiyyət kəsb edirdi buna görə də beşlər imkanlarını səfərbər etdilər.  

Qazaxıstan da Xəzər bölgəsində fəal iqtisadi siyasət, inteqrasiya strategiyası həyata keçirdiyindən israrla səylər göstərdi ki, status məsələsi həll yoluna çıxsın.  Bu yanaşma həm də qonşuluq siyasətinin güclənməsinə təkan verməli idi. Bu fonda Astana və Bakı eyni ruhda olduqlarından, demək olar aparıcı rol oynadılar. 

N.Nazarbayev zirvə görüşünün plenar iclasında xüsusi vurğuladı ki, Xəzər bölgəsinin geosiyasi aləmdəki rolu durmadan artır. Çoxşaxəli kommunikasiya imkanlarına malik regionun zəngin keçmişi, yerli xalqların tükənməz mənəvi irsi,  müxtəlif təbii ehtiyatların burada yerləşməsi Xəzər bölgəsini dünyanın ən vacib məkanlarından birinə çevirir. Birgə demoqrafik göstəricisi 240 milyona bərabər olan çoxmillətli bölgə artıq status probleminin kölgəsində qala bilməzdi. 

Astanada imzalanmış sənəd bir çox dolaşıq məsələlərin açılmasını təmin etdi və bu gün Konvensiya yeganə və hərtərəfli sənəddir ki, hövzədə hüquqi baxımdan digər həllini gözləyən problemlərin ölü nöqtədən çıxarılmasına uyğun şərait yaradır. Suyun səthi, gəmiçilik rejimi, təbii resursların istismarı, hava məkanından istifadə və s. məqamlara dair müəyyən qərarlar verilib. 

Bölgədə təhlükəsizlik, hərbi-texniki əməliyyatlar, fövqəladə halların qarşısının alınması və bu qəbildən olan digər problemlərlə bağlı qeyri-müəyyənlik vəziyyəti daha yoxdur. Birgə fəaliyyət və ümumiyaşam məsələləri baxımından Konvensiya əsas prinsipləri müəyyən etdi. Konsensus əsasında beş ölkə dəniz hövzəsini sülh, sağlam qonşuluq, əməli əməkdaşlıq məkanına çevirməyə qadirdi. Bu məsələlər  subyektlərin suverenliyinin və ərazi bütövlüyün qorunması bazasında  gerçəkləşəcək.

Kənar qüvvələrin hərbi birləşmələrinin hövzədə peyda olmasına icazə verilməyəcək.  Gəmiçilik, balıqçılıq, eləcə də hərbi faliyyətlə bağlı razılaşdırılmış prinsiplər bəzi məhdudiyyətləri nəzərdə tutur. Burda əsas odur ki, Konvensiya mahiyyət etibarı ilə təkcə dənizi bölmək anlamına gəlmir. Beş subyektin milli sektorunun sərhədlərinin müəyyənləşdirilməsi həllini sonra tapacaq. Buna baxmayaraq, suyun səthi ilə dənizin dibinə aid vahid qərara gəlmək mümkün oldu. Nəticədə seçim elə bir yanaşma tərzinə istinad etdi ki, bütün tərəflər razı qaldı. 

N.Nazarbayev bildirdi ki, 15 millik milli zonaların ayrılması dənizin ortasında xarici sərhədlərin mövcudluğuna şərait yaratdı ki, beşlər bunu qəbul etdilər. Milli sulara 10 millik təsərrüfat (balıqçılıq) zolağının əlavə edilməsi azad gəmiçilik üçün də şərait yaratdı. Beşlərə digər dənizlərə, dünya okeanına çıxış əldə etmək üçün də münasib imkanlar vəd olunur. Hər beş ölkə suveren hüquqları çərçivəsində müəyyən edilmiş imtiyazlardan yararlanacaq. Subyektlər dənizin dibiylə magistral boru və kabel xətlərini çəkmək imkanları qazandılar. Lakin bu kimi layihələr  ekoloji tələblərə riayət etmədən həllini tapa bilməz.

Sammitdə Qazaxıstan rəhbəri bildirdi ki, razılaşdırılmış prinsiplərin rolu bölgənin infrastruktur quruculuğuna təkan verməklə sahilyanı dövlətlərin imkanlarını artıq yaxın perspektivdə artırıb ümumi tranzit potensialını daha yüksək səviyyəyə qaldıracaq. Bu o deməkdir ki, gələcəkdə Xəzər bölgəsinin kommunikativ indeksi artacaq. 

Astana Konvensiyasının 5-ci bəndi mühüm məsələni aktuallaşdırır. Dənizin bioloji rəngarəngliyinin qorunması taleyüklü problemdir və ona olan diqqəti daim gündəmdə saxlamaq vacibdir. Brakonyerlik hövzənin ümumi bəlasıdır və əgər bu yaxınlara qədər Xəzərdə olan nərə balıqlarının populyasiyası dünya ehtiyyatlarının 80%-ini təşkil edirdisə, indi bu göstərici qanunsuz ovlama, dənizin şiddətli tərzdə çirklənməsi ucbatından xeyli aşağı düşüb.

Təbii populyasiya böyük təhlükə altındadır və buna görə imzalanmış sənəd  hövzədə və su mühitində flora və faunanın qorunmasına xüsusi diqqət ayırır. Promlemlərin həllini ciddi ekoloji siyasət prizmasından qiymətləndirmək və həll yollarını həyata keçirmək qaçılmaz olacaq. Ekoloji amilin mahiyyəti Xəzərdəki emal sənayəsi və nəqliyyat sahəsindəki intensivliyə öz təsirini göstərəcək və bu kontekstdə söhbət yalnız məhdudlaşdırmaqdan gedə bilər. Balıqçılıq sahəsi mütləq şəkildə tənzimlənməlidir və Konvensiya bu məsələni diqqət mərkəzində saxlayır. 

Terrorizmlə mübarizəyə gəldikdə də Astana sənədi özündə mühüm yanaşma ehtiva edir. Beynəlxalq terrorla əsas mübarizə ocaqları - Suriyə və Əfqanıstan Xəzər bölgəsindən bir o qədər də uzaqda yerləşməyib. Regionda olan enerjidaşıyan kəmərlər, dənizdə yerləşmiş istehsal və emal infrastrukturları daim şər qüvvələrin diqqət mərkəzindədir. Onları birgə səylərlə mühafizə etmək, qoruyucu  tədbirlərin vaxtında həyata keçirilməsi son dərəcə aktualdır.

Astanada imzalanmış 7 sənəd bütün mühüm sahələri əhatələməklə Xəzərin hüquqi statusunu müəyyən edib ki, bu da ticari-iqtisadi əməkdaşlığın, nəqliyyat-kommunikasiya xətlərinin inkişafını, ehtimal olunan insidentlərə yol verilməməsini, sərhəd qoşunlarının əməkdaşılığını nəzərdə tutur. Başlıca qazanc ondan ibarətdir ki, uzunmüddətli səmərəli əməkdaşlıq üçün vahid hüquqi baza yaradıldı. Deməli, beşlər formatında həlli asan görünməyən məsələlərin, o cümlədən, siyasi, iqtisadi, ekoloji və s. problemlərin açarları mütləq tapılacaq ki, bu da ümumi gərginliyin azalması üçün son dərəcə vacibdir. 

Sevinc QARAYEVA

 





27.09.2018    çap et  çap et