525.Az

Prezidentlərin Bakı görüşü: İki ölkə arasında siyasi-iqtisadi əlaqələr yüksələn xətdə


 

"AZƏRBAYCAN FƏAL XARİCİ SİYASƏTİ HESABINA MÜXTƏLİF PAYTAXTLAR VƏ QİTƏLƏR ÜÇÜN CAZİBƏDAR PARTNYOR HALINA GƏLİB"

Prezidentlərin Bakı görüşü: <b style="color:red">İki ölkə arasında siyasi-iqtisadi əlaqələr yüksələn xətdə</b>

Dünən Bakıya işgüzar səfərə gələn Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, iki ölkə liderləri birlikdə IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində iştirak ediblər, eləcə də cüdo üzrə dünya çempionatının yarışlarını izləyiblər.

Sentyabr ayında artıq ikinci dəfədir ki, bir araya gələn, daim sıx təmasda olan prezidentlər iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə yüksələn xətdə inkişafına müsbət dinamika gətiriblər. Ölkə başçılarının sıx təmasları, keçirdikləri görüşlər, apardıqları səmərəli fikir mübadilələri Azərbaycanla Rusiya arasında münasibətlərdə ziddiyyət yaradan, mübahisə doğuran heç bir məsələyə yer qoymayıb. Təkcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyası həyata keçirən ATƏT-in Minsk qrupunun həmsdər dövlətlərindən biri kimi, Rusiyanın prosesi təsir imkanlarının yüksək olduğunu nəzərə alsaq, Moskvanın bu problemin həllində verəcəyi dəstək rəsmi Bakı üçün xüsusi əhəmiyyət daşıyır. Bu mənada, iki ökə prezidentləri İlham Əliyevlə Vladimir Putinin növbəti Bakı görüşündə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin əsas yer tutduğu, tərəflər arasında bu istiqamətdə geniş fikir mübadiləsinin aparıldığı şübhə doğurmur.

Eyni zamanda, əvvəldə qeyd edildiyi kimi, iqtisadi sahədə Azərbaycan-Rusiya münasibətlərində hər zaman hökm sürən yüksək dinamika budəfəki görüşdə də sözügedən istiqamətdə danışıqların əhəmiyyətini artırır. IX Azərbaycan-Rusiya Regionlararası Forumunun səfərin proqramına daxil edilməsi də məhz bu reallıqdan irəli gəlir.

Rusiya prezidentinin ölkəmizə səfəri ilə bağlı fikirlərini bildirən Milli məclisin deputatı Zahid Oruc qeyd edib ki, idmanda hamının qəbul etdiyi məşhur bir prinsip var: "Deyirlər ki, rəqib sən yol verdiyin qədər oynayır. Gerçəkdən də belədir. Tatamidə, rinqdə, yaxud yaşıl meydanlarda gedən amansız mübarizənin məntiqi əslində, bundan ibarətdir. Siyasətdə və xüsusilə, dövlət maraqlarının gerçəkləşdirilməsi üçün prezidentlərin, hökumətlərin ələ aldıqları strategiyaların da baş məqsədi savaş apardığı tərəfin müttəfiqlərini azaltmağa, onun xarici iqtisadi və hərbi əlaqələrini zəiflətməyə, bir sözlə silahlı savaşı bir ayrı vasitələrlə aparmağa yönəlir".

Deputatın sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Bakıya gerçəkləşən səfərini 90-cı illərdən bu yana böyük transformasiyaya uğramış Moskva-Bakı münasibətləri tarixində çox mühüm hadisə adlandırsaq, eləcə də Qafqazlarda yenidən formalaşan geopolitik arxitekturanın əsas oxunu müəyyənləşdirməkdən və Azərbaycanı vazkeçilməz siyasi aktor kimi tanımaqdan ibarət olduğunu söyləsək, yanılmarıq: "Daha böyük müstəvidən baxanda, Qərblə böyük savaşın içərisində olan, Suriyada aktiv hərbi əməliyyatlar aparan və Ukraynadan fasiləsiz qaynar raportlar qəbul edən bir dövlətin lideri xarici siyasət qrafikində bir Qafqaz ölkəsinə təsadüfi yer ayıra bilməz. Artıq iki dövlət başçısının bu ay içərisində görüşlərinin ikinci dəfə keçirilməsinin şahidiyik və Soçidə Putin-Əliyev arasındakı yüksək səviyyəli danışıqlar bölgəsəl informasiya məkanında bir gün də olsun gündəlikdən düşmədi və hələ də təkcə ekspertlər, politoloqlar tərəfindən deyil, eləcə də dövlət rəsmiləri səviyyəsində onun ətrafında təhlillər səngimir. Bəli, Azərbaycan fəal xarici siyasəti hesabına müxtəlif paytaxtlar və qitələr üçün cazibədar partnyor halına gəlib. Diqqətlə baxdıqda nə İran, nə Türkiyə və Rusiya haqda eyni fikirləri söyləmək mümkündür. Qlobal çarpışma və sanksiyalar müharibəsinin hədəfləri indi sözügedən 3 dövlətdir. Burada kiçik qonşularımızın adını çəkməyinə belə ehtiyac qalmır. Gürcüstan NATO ilə izdivacını başa çatıracağını elan etməklə Tehran və Moskvadan özünə son hökmləri qazanıb".

Z.Oruc bildirib ki, Ermənistan isə indi inqilabı BMT tribunalarına daşımaqla onu əsl siyasi və maliyyə kapitalına döndərməyə çalışır: "Özü də təkcə bumu? Xeyr, üstəlik, Paşinyan öz personasını gah Saakaşviliyə, gah da son çıxışında kəşf etdiyi Nelson Mandelaya bənzətməklə əsrlər boyu Rusiya dövlətçiliyi üçün çətin anlarda onları atıb gedən və yeni himayədarlar tapan xələflərinin rollarını təkrarlamağa çalışır. Halbuki dövlət siyasəti və xəyalpərəstlik antoqonist terminlərdir. Belə olan şəraitdə Prezident Əliyev çox peşəkarlıqla uzun on illər hədəfinə doğru irəliləməkdə davam edir. Putinin Bakıya gəldiyi 27 sentyabr günlərində Bakıda böyük "ADEX-2018 Müdafiə sərgisi" keçirilir və dünyanın müxtəlif şirkətləri, hətta yerləşdiyimiz regiona tabu qoyan Fransa kompaniyaları da ən müasir texnologiyaları götürüb qədim bir Şərq ölkəsinə can atır. 90-cı illərdə bunu ağıla gətirmək belə mümkünsüz idi. Söhbət heç puldan getmir. TASS agentliyi tərəfindən yayılan məlumatı təhlil edənlər yaxşı görür ki, sərgiyə qatılan dövlətlərin təmsilçiləri, - hansı ki, onların bir çoxu beynəlxalq məkanda hərbi və yaxud siyasi baxımından düşməndilər, - burada çox rahatlıqla, necə deyərlər, dinc bir şəkildə məhsullarını təqdim edirlər. Şübhə yoxdur ki, həmin texnika və silahlar sabah döyüş meydanlarında üz-üzə gələcək. Lakin indi heç kəs Azərbaycanın hərbi embarqodan necə xilas olduğunu inkar edə bilmir, üstəlik, Rusiya özü burada fəal şəkildə balansın kəskin dəyişilməsində aktiv iştirak edir".

Deputatın sözlərinə görə, diqqətlə baxanda görünür ki, Kremlin starteqləri 2005-ci ilə qədər tətbiq etdikləri anti-Bakı sanksiyalarından vaz keçərək əvvəlcə ağır texnikanın satışına qərar veriblər: "Burada 100-dən çox T-72B tankı və 70-dən artıq BTR-80A, müxtəlif kalibrli haubutsalar və tank əleyhinə komplekslər, məsələn, "Kornet-E" sistemləri yer tutubsa, 2010-cu ildən başlayaraq ən qorxulu S-300 "Zenit" raket qurğuları, o cümlədən, 18 ədəd qorxusaçan "Smerç" raketləri, dağıdıcılıq gücünə görə ondan daha irəli gedən TOS-1A "Solntsepek"dən 24 ədəd, eləcə də onlarla qırıcı təyyarlər və Mİ-17 hərbi vertolyotları alınıb. Xüsusilə də son 8 ildə müasir "İqla" raketləri, "Xrizantema-S" tankəlehinə raket sistemləri ilə parallel şəkildə son hərbi nailiyyətlərin nəticəsi olan T-90S tankından 100 ədəd, BMP-3 dən 118 ədəd və onlarla digər çeşiddə texnikalar Azərbaycana daxil olub. Bütün bunlar sübut edir ki, indi Paşinyan hökumətinin sözçüsü bir, Putinin köməkçisi Uşakovunsa ayrı söz dediyi reallıqda Kreml regionda kəskin dəyişiklik etməyə hazır görünür. İrəvanda Rusiya prezidentini gözlədiklərini dilə gətirirlər, hətta konkret tarix söylənilirdi, amma çekistlər çox yaxşı bilir ki, küçədə formalaşan inqilabi hökumət özünü beynəlxalq bazarda satışa çıxarıb".

"Paşinyana pul lazımdır. Xalqı Sarkisyan-Koçaryan iqtidarına qarşı nifrət ideolojisi ilə maksimum 6 ay saxlaya bilərsən. Bir azdan hər kəs dünən meydanlarda vəd olunan cənnəti səndən tələb edəcək. Büdcədə isə vəsait kəskin arta bilməz. İqtisadiyyatda köklü inkişaf inqilabın sürəti ilə tərs mütənasibdir və iri burjuyların hamısı türməyə salıb onları yağmaladıqca kütlənin sevinci ilə yanaşı əsl vətəndaş toqquşması ilə üz-üzə qalacaqsan", deyə Z.Oruc qeyd edib.

Deputat əlavə edib ki, Rusiya Azərbaycandan özünə təhlükə gözləmir: "O üzdən 15 sentyabrda Türk ordu birləmələrinin, İsrail silahlarının müşayiəti ilə keçirilən və bir əsr əvvəlki bolşevik-daşnak birləmələrindən Bakının azad olunması şüarı altında mahiyyətcə Qarabağın işğaldan təmzilənməsini hədəf seçən hərbi paraddan hər hansı əndişə duymur: "Bir yandan Ankara-Moskva müttəfiqliyi son 600 ildə heç vaxt indiki səviyyəyə çatmayıb. Belə bir düzəndə cənab Əliyev Putini öz ölkəsində salamlayır və regionun gələcəyi ilə bağlı iki güclü liderin qərarları bağı qapılar arxasında müzakirə edilir. Açıq deyilməlidir ki, cəmiyyətlərin böyük gözləntilərini adi gözlə də görmək mümkündür. Rus ordusunun imicini Qafqazda ədalət üzərində təzələmək həyati bir zərurətə çevrilib və Azərbaycan əsgərinin Putinin maraqları naminə şəhid olacağı iddialarını dillərinə götürən siyasətxorlar erməni mətbəxinin zəhərli xörəkləri ilə qidalanırlar".

Z.Oruc hesab edir ki, Ermənistanı regional orbitə qaytarmaq üçün Azərbaycan ordusunun dəyənək obrazına hər iki paytaxtın - Moskva və Bakının ehtiyacı yoxdur: "Ona görə ki, Gümrü hərbi bazası və erməni sərhədlərini qoruyan rus hərbi birləşmələri istənilən vaxt Paşinyanı göylərdən yerə endirə bilər. 1999-cu ildə Vazgen Sarkisyanı və Karen Dəmirçiyanı parlamentdə məhv edərkən Kreml bir əsrlik tarixdə ona xəyanəti necə cəzalandırdığını dindaşlarına yaxşı nümayiş etdirib. Paşinyan Qərblə siyasi və maliyyə ittifaqı qurub, gəlib ruslarla hərbi ittifaq bağlayıb özünü Nelson Mandela kimi aparması siyasi Don Kixotluqdan başqa bir şey deyil. Tarix dövlət siyasətini qurmaq üçün hər zaman vasitə ola bilməz. 2 əsrlik keçmişin bütün acı təcrübəsinə rəğmən rus və azərbaycanlı əsgərlər Hitlerizmə qarşı səngərdə 5 il çiyin-çiyinə söykənərək vahid taleyi bölüşüblər. İndi Qarabağda lövbər salan qüvvələr Paşinyanın əl atdığı ucuz gedişlə Rusiyanın yardımına bel bağlaya bilməz. Çünki qəlbi Amerikanın, ətəyi Avropanın yanında olan bir dövlətin arxasını Qarabağda rus əsgəri qoruyası deyil. Ermənistan Rusiyanın forpostluğundan çıxan kimi Azərbaycan əsgəri döyüş əmrini alacaq! Güclü liderlər və sərkərdələr müharibəni əvvəlcə siyasi-diplomatik cəbhədə qazanır, sonra silahlı meydana atılır. Bu mənada, Azərbaycan ordusunun qələbəsi tarixdə ilk dəfədir, nə Moskvanın, nə Tehranın, nə də Qərbin məğlubiyyəti olacaq".

Ceyhun ABASOV

 





28.09.2018    çap et  çap et