525.Az

Nyu-Yorkda Qarabağ danışıqları


 

Nyu-Yorkda Qarabağ danışıqları<b style="color:red"></b>

Ermənistanda bu ilin may ayında baş vermiş hakimiyyət dəyişikliyi və ondan əvvəlki proseslər, etiraz aksiyaları fonunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində də uzun fasilənin yaranmasına gətirib çıxardı.
 
Düzdür, buna qədər də aparılmış danışıqlarda hər hansı inkişaf əldə edilməmişdir. Amma istənilən halda tərəflərə danışıqların strukturu, müzakirə edilən əsas tezislər, prinsiplər məlum idi. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra isə belə məlum oldu ki, o, indiyə kimi həyata keçirilən proses, masa üzərindəki əsas prinsiplər barədə ətraflı öyrənmək üçün vaxt istəyib. Ötən müddət həm də Paşinyanın Dağlıq Qarabağa dair ziddiyyətli, populist və danışıqların ruhuna zərər gətirəcək bəyanatları ilə yadda qalıb. Bir tərəfdən vaxt istəyən Paşinyan, digər tərəfdən iki gündən bir Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər edir,   separatçı qurumun birbaşa danışıqlarda tərəf kimi iştirak etməsini söyləyir, digər tərəfdən Qarabağın Ermənistana birləşdirilməli olduğu barədə sərsəm bəyanatlar verir. Onun bu açıqlamaları həm də beynəlxalq hüquqa, onun prinsiplərinə ziddir. Ona görə də beynəlxalq səviyyədə bu cür yanaşmaya münasibət bildirilməsi əlbəttə ki, vacibdir.

Məlumat üçün bildirək ki, bu il münaqişə ilə bağlı ilk danışıqlar yanvarın 18-də Polşanın Krakov şəhərində xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan (keçmiş) arasında keçirilib. Görüşdən sonra Azərbaycan mətbuatına açıqlama verən E.Məmmədyarov bildirdi ki, həmsədrlər Krakovda münaqişənin nizamlanması ilə bağlı bir sıra kreativ fikirlər irəli sürüblər.

Ardınca fevral ayında ATƏT-in Minsk qrupunun həmsədrləri əvvəlcə Azərbaycana, daha sonra Ermənistana səfər etdilər. Mayın 15-də isə E.Məmmədyarovun Parisdə həmsədrlərlə görüşü olub.

Nəhayət, iyulun 11-də Brüsseldə xarici işlər naziri Elmar Məmmədyarovun və Ermənistanın yeni  xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin-İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Shofer (ABŞ) vasitəçiliyi ilk görüşü keçirilib. 4 saata yaxın davam edən görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. Bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş keçirilib. Azərbaycan XİN-in yaydığı məlumata görə, tərəflər münaqişənin həlli üzrə danışıqlar prosesini ətraflı müzakirə edib, mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub. Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb.

Minsk qrupunun həmsədrlərinin Məmmədyarov-Mnatsakanyan görüşünə dair yaydıqları bəyanatda deyilirdi ki, Brüssel görüşü Azərbaycan və Ermənistanda keçirilmiş seçkilərdən sonra ilk yüksək səviyyəli görüşdür. Bəyanatda vurğulanıb ki, nazirlər vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və əsas müzakirələrə yenidən başlanması üçün növbəti addımları və parametrləri müzakirə ediblər. Tərəflər gələcək görüşlər üçün bəzi məsələləri razılaşdırıblar. Nazirlər yaxın zamanlarda yenidən ATƏT həmsədrlərinin vasitəçiliyi ilə görüşmək barədə razılığa gəliblər.

Həmsədrlər gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq tərəflərə Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq münaqişənin sülh yolu ilə həlli üçün dəstək ifadə etmişdilər.

Nəhayət, sentyabrın 26-da tərəflər arasında növbəti görüş keçirildi. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda bir araya gəldilər. Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Endrü Sxofer - ABŞ) vasitəçiliyi ilə baş tutub.

Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər və danışıqların oktyabr ayında davam etdirilməsi qərara alınıb. Gələn ay həm də həmsədrlər regiona səfər edəcəklər.

Bu görüşdən onsuz da hər hansı gözlənti yox idi. Hazırkı şəraitdə, yəni danışıqlardakı fasilə, Ermənistanın yeni hakimiyyətinin aqressiv və ziddiyyətli mövqeyi nəzərə alınarsa, dialoqun davam etdirilməsi barədə qərar müəyyən bir addım sayıla bilər. Son günlər həyata keçirilən qarşılıqlı yüksək səviyyəli görüşlər də müəyyən ümid yaradıb. Söhbət Almaniya kansleri Angela Merkelin regiona səfəri, Putinin Bakıya səfəri, eləcə də Azərbaycan prezidentinin son vacib səfərlərindən gedir. Azərbaycan regionda Avropanın ən mühüm tərəfdaşıdır, beynəlxalq əhəmiyyətli layihələrin ideya müəllifi, onları gerçəkləşdirən tərəfdir. Avropada onu da çox yaxşı anlayırlar ki, regiondakı qaynar və hər an partlaya biləcək münaqişə ocağının olması bu layihələr üçün də potensial təhlükə mənbəyi ola bilər. Buna görə də Azərbaycanın ədalətli mövqeyi daha çox müdafiə olunmalı, təcavüzkara təzyiq artırılmalı, işğala son qoyulması üçün konkret addımlar atılmalıdır.

Bütün dünyaya məlumdur ki, Ermənistan tərəfi təcavüzkar, Azərbaycan isə təcavüzə məruz qalan ölkədir. Xüsusilə də bölgədə gedən dəyişiklikləri hökmən nəzərə almaq lazımdır. Beynəlxalq hüququ və onu müdafiə edən dövlətlər birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu da danışıqlarda rəsmi Bakının mövqeyini gücləndirən əsas amillərdən biridir.

Politoloq İlqar Vəlizadə hesab edir ki, sözügedən görüşün münaqişənin həllinə müsbət töhfə verəcəyi gözlənilmirdi. Görüşün formal xarakter daşıdığını deyən politoloq söyləyib ki, bunun əsas səbəbkarı Ermənistandır: "Çünki Ermənistan münaqişənin həlli maraqlanmır və bu məsələyə ciddi yanaşmır. Azərbaycan tərəfinin problemin həlli istiqamətində atdığı addımlara baxmayaraq, düşmən ölkə bütün bunlara məhəl qoymur. Hətta Rusiya və digər həmsədr ölkələr bu ərazidə münaqişənin alovlanmasına ehtiyat edir".

Politoloq söyləyib ki, Paşinyanın başı daxili işlərə qarışıb: "Bildiyiniz kimi, Ermənistanda vəziyyət çox çətindir. Belə şəraitdə Nikol Paşinyanın əsas məqsədi daxildə öz mövqelərini möhkəmləndirməkdən ibarətdir. Belə bir vəziyyətdə Ermənistandan münaqişənin həlli ilə bağlı nəsə gözləməyə dəyməz. Düşmən ölkənin nəinki təklifi yoxdur, onlar indiyədək olan təklifləri belə yaxına buraxmaq istəmir. Ermənistan hər zaman prosesin uzadılmasının tərəfdarı olsa da, məsələyə maraq göstərirdi. Lakin hazırda Ermənistan məsələyə tamamilə maraq göstərmir".

İ.Vəlizadə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda hər hansı bir dinamikanın olmadığı məlumdur, ciddi müzakirələr bir müddət idi ki, aparılmırdı. Onun sözlərinə görə, Ermənistanda rəhbərliyin dəyişməsi və bir-birinə zidd olan ifadələrin işlədilməsi vəziyyətin radikallaşmasına yönəlib: "Ermənistan rəhbərliyinin bəyanatları populist xarakter daşıyır. Bu fonda isə həll prosesinə dair məsələlərin müzakirəsi görünmür, sadəcə olaraq bunun üçün yer qalmır Uzun müddət vəziyyəti ölü nöqtədən tərpətmək üçün edilən cəhdlər onunla bitdi ki, Ermənistanda rəhbərlik dəyişdi. Bu gün münaqişənin həlli ilə məşğul olan beynəlxalq ictimaiyyətin yanaşması sanki bir düşüncə şəklindədir. Buna görə də, Azərbaycan prezidentinin çıxışları erməni auditoriyasına, onların liderinə deyil, beynəlxalq ictimaiyyətə yönəldilib".

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proqnozunu açıqlayan sabiq nazir bildirib ki, situasiyaya fərqli müstəvidən baxardı: "Müzakirələr münaqişələrin həlli vasitəsi olaraq tamamilə etibarsız olub. Bu vəziyyətdə, problem ondadır ki, Ermənistanda danışıqlar aparmağa kimsə yoxdur. Orada populist ifadələri ilə auditoriyanın xoşuna gəlməyə çalışan insanların rəqabəti gedir.

Başqa bir kontekst, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla, Rusiya ilə yaxınlaşması getdikcə daha vacibdir. Münaqişənin həllində baş verən hadisələrin necə inkişaf edəcəyi gec və tez müəyyən olunacaq".

PƏRVANƏ

 





28.09.2018    çap et  çap et