525.Az

Azərbaycan Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumunda


 

Azərbaycan Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumunda <b style="color:red"></b>

Almaniyanın Görlitz şəhərində işə başlayan Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumunda ölkəmizi Mədəniyyət Nazirliyinin sektor müdiri Günel Aslanova təmsil edir.

Nazirlikdən bildirilib ki, tədbirin açılışında Görlitz şəhərinin meri Slegfried Deinege çıxış edərək mədəni marşrutların inkişafı nəticəsində mədəniyyət mübadiləsi, xalqlar arasında dialoqun genişləndirilməsi prosesinin daha da sürətləndiyini qeyd edib. Bildirib ki, Görlitz şəhərinin yalnız Avropa Şurası çərçivəsində deyil, digər beynəlxalq təşkilatların layihələri əsasında fəaliyyət göstərən mədəni marşrutlarda təmsil olunması həm şəhərin tanıdılması, həm də əcnəbi qonaqların mütəmadi səfərlərinin təşkili baxımından olduqca əhəmiyyətlidir.

Tədbirdə Günel Aslanova çıxış edərək adıçəkilən forumda ölkəmizin ilk dəfə təmsil olunduğunu nəzərə alaraq, iştirakçılara son illər beynəlxalq mədəni marşrutlar çərçivəsində Azərbaycan tərəfinin gördüyü işlər barədə ətraflı məlumat verib. Çıxış zamanı, Mədəniyyət Nazirliyi olaraq, ənənəvi marşrutlarla yanaşı, Avropa Şurasının "Zeytun Yolları" kimi yeni inkişaf edən layihələrdə də iştirakın vacibliyini vurğulayıb.

Forumun ikinci günündə nümayəndəmiz tərəfindən Azərbaycanın Avropa Şurası çərçivəsində növbəti mədəni marşruta daxil edilməsi və layihənin işlənib hazırlanması ilə bağlı müzakirələr aparılacaq.

Forum işini sentyabrın 28-də yekunlaşdıracaq.

Qeyd edək ki, 2018-ci ilin Beynəlxalq Məşvərət Forumunda əsas müzakirələr "Avropa Şurasının mədəni dəyərləri, mədəni irs sahələri və vətəndaşları birləşdirən mədəni marşrutlar üzrə strategiya və birgə fəaliyyət" adı altında aparılır.

 





28.09.2018    çap et  çap et