525.Az

Həmsədrlər hansı güzəştlərdən danışırlar?


 

“ERMƏNİSTANIN ÖZ ORDUSUNU TORPAQLARIMIZDAN ÇƏKMƏSİ, PAŞİNYANIN OĞLU QARIŞIQ BÜTÜN HƏRBİÇİLƏRİNİN RƏDD OLUB GETMƏLƏRİNİN ADI GÜZƏŞT YOX, BEYNƏLXALQ NORMALARA ƏMƏL ETMƏKDİR”

<b style="color:red">Həmsədrlər hansı güzəştlərdən danışırlar? </b>

Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zohrab Mnatsakanyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə keçirdiyi görüşdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar.

Rusiya, ABŞ və Fransadan olan həmsədrlər İqor Popov, Endrü Şefer və Sefan Viskonti Dağlıq Qarabağ münaqişəsi tərəflərini danışıqları fəallaşdırmağa çağırıb.

Hərçənd ki, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda və birgə görüşlər keçirən Minsk qrupunun həmsədrləri işğalçı ölkənin yeni hakimiyyəti dövründə münaqişənin gərginləşdirilməsinə hesablanmış təxribat xarakterli addımlara konkret münasibət bildirməməsi danışıqların konstruktiv məcrada davam etməsinə mane olan əsas amillərdəndir.

Həmsədrlər yalnız davam edən və adamların hədər yerə həlak olması ilə bağlı dərin təəssüf hissi bildiriblər. Onlar eskalasiyanın təhlükələri barədə nazirlərə xəbərdarlıq ediblər, tərəfləri müsbət ab-havanın formalaşmasında konstruktiv iştirak etməyə və vəziyyəti gərginləşdirə biləcək ritorikadan qaçmağa çağırıblar. Həmsədrlər vurğulayıblar ki, hərtərəfli həll bütün tərəflərdən güzəştlər tələb edəcək.

Bu kontekstdə nazirlər danışıqlar prosesinin fəallaşması üçün tədbirlərin görülməsinin və gərginliyi azaltmaq üçün əlavə tədbirlərin görülməsinin vacibliyini təsdiqləyiblər. Nazirlər ilin sonunadək bir daha görüşmək barədə razılığa gəliblər.

Lakin həmişəki kimi ümumi ifadələrlə kifayətlənən həmsədrlər ilin sonunadək növbəti görüş keçirməyi və yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırsalar da, onların bu fəaliyyətlərindən real nəticələr gözlənilmir.

Məsələ ilə bağlı fikirlərini bildirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünə dair bəyanatında deyilir ki, həmsədrlər tərəflərdən narahatçılıq doğuran bəyanatlar və insidentlərlə bağlı izahat istəyiblər və guya onlar buna görə tərəfləri xəbərdar ediblər: “Vasitəçilər onu da qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün tərəflərdən güzəştlər tələb edəcək. Həmsədrlər ritorikanı sərtləşdirməyəmi qərar veriblər? Belə isə görəsən, Ermənistan xarici işlər nazirinə deyiblərmi ki, hərbi təyyarələrinizin Azərbaycan sərhəddini pozması, işğal altındakı bölgələrə köç təşkil edilməsi, beynəlxalq hüquqa zidd olaraq başqa ölkələrin bələdiyyələri ilə sazişlərin imzalanması, iki azərbaycanlının girov saxlanılması və nəhayət, baş nazir Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir” açıqlaması təxribat xarakter daşıyır və bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. İnanmıram ki, həmsədrlər bunları desinlər. Deməyiblərsə, bəyanatları yenə boş söz yığnağıdır”.

Milli Məclisin deputatı Sahib Alıyev isə Minsk qrupu həmsədrlərinin bəyanatlarındakı “qarşılıqlı güzəşt” məsələsinə toxunub: “Təkcə ermənilər yox, bir çoxları “qarşılıqlı güzəşt”in üzərində dayanırlar. Mən isə bu fikirdəyəm ki, Dağlıq Qarabağ məsələsində qarşılıqlı yox, ancaq bir tərəfin güzəştindən söhbət gedir. Azərbaycan güzəşt edərək indi Ermənistan adlanan yerdə bir azərbaycanlı belə qalmadığı halda, ermənilərə Dağlıq Qarabağda yaşamağa icazə verə bilər.

Ermənistanın öz ordusunu torpaqlarımızdan çəkməsi, Nikol Paşinyanın oğlu qarışıq bütün hərbiçilərinin rədd olub getmələrinin adı isə güzəşt yox, beynəlxalq normalara əməl etməkdir”.

Ceyhun ABASOV

 





29.09.2018    çap et  çap et