525.Az

Kosmik sənayenin inkişafı Azərbaycana nə vəd edir?


 

“AZƏRBAYCANIN MÜDAFİƏ VƏ HƏRBİ POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ İŞİNDƏ “AZERSKY” PEYKİNİN XÜSUSİ ROLU VAR”

Kosmik sənayenin inkişafı Azərbaycana nə vəd edir?<b style="color:red"></b>

“Prezident İlham Əliyevin orbitə 3-cü peykin çıxarılmasıyla bağlı Azərbaycan xalqına ünvanladığı təbrik mesajının sətirləri arasında bir millətin təhlükəsiz gələcəyini təmin etmək məramı ayrıca qırmızı xətlə keçir”.
 
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.
O bildirib ki, xalqımızın savadlı adamları, sahəvi alimləri kosmik fəzada yer tutmağa çalışan dövlətimizin gerçək niyyətləri haqda daim maarifləndirmə işi aparmalıdırlar: “Azərbaycanın ordusunun ali baş komandanı dərin təhlükəsizlik sirlərinə bələd olan lider kimi yaxşı bilir ki, dünyada süni peyk qurğuları ilə təkcə hamını ekranla-efirlə və rabitə ilə təmin etmirlər. Elə olsaydı, ABŞ və Sovetlər Birliyi, o dağılandan sonra da Rusiya son 50 ildə göyə buraxdıqları raketlərə milyardlar xərcləməzdilər”.

“Prezident İlham Əliyevin məktubunda deyilir: “Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azersky” peykinin xüsusi rolu var: “Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq”. Hər zaman strateji planlaşdırmanı peşəkarlıqla aparmağa qadir olan İlham Əliyevin məqsədləri gerçək vətənpərvərlərə bəllidir və nəhayət, son dərəcə ağır bir bölgədə, əsl kəşfiyyat cəbhəsində gözəgürünməz savaş aparan Rusiya, İran və Qərb arasında neft-qaz resurslarını qorumaq, həmçinin, suverenliyini təmin etmək və torpaqları üzərində qurduğu gerçək coğrafi, eləcə də virtual istehkamları möhkəmləndirmək bir nömrəli vəzifədir”, - deyə Z.Oruc qeyd edib.

Deputat xatırladıb ki, 2016-cı ilin aprel döyüşləri zamanı Qafqazı yenidən barıt qoxusuna bürüyəndə Rusiyanın baş naziri Dmitri Medvedev İrəvana, sonra Bakıya gəlib: “Onun söylədiyi bəyanatlar və öyüdlərlə indi işimiz yox, lakin Kremldə 4 il “birinci şəxs” statusu ilə əyləşən adam dedi ki, ermənilər və azərbaycanlılar səngərdən çıxanda biz onları yaxşı görürük. Diqqət etdinizmi, yəni Moskvanın Baş Hərbi Qərərgahında Ağdərə, yaxud Füzuli cəbhəsində bir-birini qırmağa hazır dayanan əsgər-zabitlərin “məxfi əməliyyat” planlarına cizgi filmi kimi baxıb rəhbər üçün raportlar hazırlayıblar. Məhz ona görə də Ermənistanda 4 generalın başı getdi və Sarkisyan onları qurban verərək, guya Amerikadan, əslində isə Moskvadan gərəkən peyk ötürücü məlumatları onlayn rejimində almağa başladı”.

Z.Orucun sözlərinə görə, dünyada heç kəsə sirr deyil ki, kosmik fəaliyyətlə məşğul olan dövlətlər onu təkcə mülki ehtiyaclar üçün deyil, eləcə də hərbi təhlükəsizlik məqsədlərilə istifadə edirlər: “Yer üzərindəki bu “zondlama əməliyyatı” vasitəsilə sən istənilən kəşfiyyat planlarını həyata keçirə bilərsən. O üzdən, bir qədər zarafatla deyirdilər ki, Reyqan Qorbaçovu Maltada suyun altına aparıb geri qaytarandan sonra sovetlər dağıldı, çünki DTK heç nəyi tuta bilmədi”.

Deputat əlavə edib ki, istər optik izləmə, istərsə də radioelektron dağlaların tutulması və dərhal yerə ötürülməsi imkan verir ki, kosmik sistemlər real silahlı toqquşmaların ayrılmaz bir komponentinə çevrilsin: “Rusiyanın Suriya səmasında vurulan təyyarəsi ilə bağlı son dəlillər də məhz kosmik müşahidə qurğularından toplanmış materiallardır. Ona görə də bütün elekton sistemlər hansı peyk rabitəsi üzərindən yayımlanırsa, ana platası da orada yerləmiş olur. Bu zaman bir ölkənin bütün məxfi informasiya resursları ötürücü ölkənin asılılığında qalır və belə şəraitlərdə gizlilik məfhumu yox olub gedir. İndi Rusiya Kosmodromu onun nəhəng nüvə və ballistik raketlərini idarə edən ən böyük hərbi resursudur.

Ona görə də Azərbaycan ordusu üçün müstəqil informasiya təminatı onun arsenalındakı ən qabaqcıl silahları hərəkətə gətirən bir nömrəli qüvvədir”.

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb.

Peyk Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb.

“Azerspace-2” peyki ABŞ-ın “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Peyk geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

Xatırladaq ki, yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatdıqdan sonra peykin idarəçiliyi istehsalçı şirkət tərəfindən “Azərkosmos” ASC-yə təhvil veriləcək ki, bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki - “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində “Azərkosmos”a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Bir sözlə, “Azerspace-2” şirkətimizin təbiətinə görə kifayət qədər mühafizəkar və yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirəcək.

“Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.

Ümumilikdə dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

Ceyhun ABASOV

 





29.09.2018    çap et  çap et