525.Az

"Azərbaycanda əhalinin məşğulluğunun təminindəki islahatlar maraqla qarşılanır"


 

"Azərbaycanda əhalinin məşğulluğunun təminindəki islahatlar maraqla qarşılanır"<b style="color:red"></b>

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin icrası ilə bağlı aralıq konfrans keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanla yanaşı, layihənin icraçıları olan Litva, Avstriya və İsveçdən olan ekspert qrupu iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əhalinin səmərəli məşğulluğuna yönələn tədbirlərin gücləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu və bu sahədə dövlət məşğulluq orqanları qarşısında mühüm vəzifələr dayandığını vurğulayıb. Nazir müavini bildirib ki, aparılan islahatların bir istiqaməti məşğulluq xidmətlərinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında təkmilləşməsinə yönəlib. İşsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasında məşğulluq orqanlarının daha effektiv alətlərdən istifadəyə əsaslanan səmərəli fəaliyyət mexanizminin, müasir iş modelinin qurulması üçün aparılan islahatlarda “Azərbaycanda məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək” Tvinninq layihəsi də yeni imkanlar yaradıb.

O qeyd edib ki, layihənin icrasında Litva, Avstriya və İsveçin aidiyyəti qurumlarının timsalında Avropa məşğulluq xidmətlərinin qabaqcıl təcrübələrinin öyrənilməsi xüsusi önəm kəsb edir. M.Kərimli deyib ki, məşğulluq xidmətlərinin göstərilməsində müasir yanaşmanın tətbiqi nazirlik qarşısında duran ən vacib məsələlərdəndir.

Litva sosial təminat və əmək nazirinin müavini Eqle Radisauskiene əhalinin məşğulluğunun təmin edilməsi, bu sahədə aparılan dövlət siyasətinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan islahatların maraqla qarşılandığını deyib.

Konfransda “DOST” Agentliyində məşğulluq xidmətlərinin yeni modelinə dair tövsiyələr”, “Avropa İttifaqının ən yaxşı təcrübələri və “DOST” nöqteyi nəzərindən Dövlət Məşğulluq Xidmətinin yeni modelinə dair təkliflər”, Peşə məsləhətinin keçirilməsində məşğulluq xidmətinin rolu və vəzifələri”, “Avropa İttifaqı ölkələrinin ən yaxşı təcrübələri və Azərbaycanda məşğulluq xidmətinin yeni modelinə dair tövsiyələr”, “Əlilliyi olan şəxslərin peşə reabilitasiyasının təşkili məsələsində İsveç təcrübəsi, “Yaşıl kənd”, “Kənd yerlərində özünüməşğulluğun təşkili üçün yeni konsepsiya” və s. mövzularda təqdimatlar olub.

 





29.09.2018    çap et  çap et