525.Az

İcbari sığorta sahəsində əməkdaşlıq haqda memorandum


 

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ, MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI, İCBARİ SIĞORTA BÜROSU VƏ BİR SIRA SIĞORTA ŞİRKƏTLƏRİ ARASINDA BU İSTİQAMƏTDƏ ƏMƏKDAŞLIQ APARILACAQ

İcbari sığorta sahəsində əməkdaşlıq haqda memorandum <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Qala Həyat Sığorta” açıq səhmdar cəmiyyətləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi milli inkişaf strategiyasının başlıca məqsədi vətəndaş firavanlığına, sosial rifah halının yaxşılaşmasına nail olmaqdır.

Nazir qeyd edib ki, prezident tərəfindən əmək və sosial müdafiə sahəsi ilə bağlı mühüm Fərman və Sərəncamlar imzalanmaqla, sosial müdafiə tədbirlərinin gücləndirilməsində yeni addımların atılmasına, digər tərəfdən əmək və sosial müdafiə sahələrində idarəetmənin təkmilləşdirilməsində ciddi irəliləyişlərə imkan yaradılıb. Aparılan sistemli islahatların mühüm bir istiqamətlərindən biri də əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin elektron texnologiyalar üzərində, tam şəffaf və operativ şəkildə qurulması, həmin sahələrdə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınmasıdır.

S.Babayev imzalanan memorandumun xüsusi əhəmiyyət daşıdığını, sənəddə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və digər halların əks olunduğunu deyib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov isə bildirib ki, icbari sığorta sinfi üzrə sığorta haqlarının toplanılmasında davamlı artım dinamikası müşahidə olunur. Qeyd olunan icbari sığorta sinfi üzrə 2017-ci ildə 33.2 mln manat sığorta haqqı toplanıb və 4.3 mln manat sığorta ödənişi həyata keçirilib. 2018-ci ilin birinci yarımilliyi üzrə isə 21.3 mln manat sığorta haqqı toplanıb və 1.7 mln manat sığorta ödənişi edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Ziyad Səmədzadə sığorta sektorunun Azərbaycan iqtisadiyyatının sürətli inkişaf edən seqmentlərindən biri olduğunu qeyd edib.

Memorandumda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi əksini tapıb. Həmçinin, informasiya ehtiyatları üzrə məlumat bazalarının inteqrasiyası, müəyyən olunmuş qaydada sığorta hadisələrinin araşdırılması, istehsalatda bədbəxt hadisə baş verdiyi hallarda araşdırma materialları üzrə məlumatların əldə edilməsi, sığorta hadisələrinin baş verməsinin qarşısının alınması ilə bağlı tövsiyələrin verilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətləri üzrə də əməkdaşlıq sahələri müəyyən edilib.

C.ABASOV

 





29.09.2018    çap et  çap et