525.Az

Dünyanı tanımaq sənəti - tərcüməçilik


 

Dünyanı tanımaq sənəti - <b style="color:red">tərcüməçilik </b>

Böyük coğrafi məkanda, ölkələr və xalqlar, keçmişlə bu gün arasında körpü olan tərcümə işini nəsillərə ötürən məhz onlardır – tərcüməçilər.

Puşkinin təbirincə desək, tərcüməçilər maarifin poçt atlarıdır. Və təsadüfi deyil ki, onlara tərcümə etdikləri əsərin ikinci müəllifi kimi baxırlar. Tarixdə 30 sentyabr çox məsuliyyətli bir peşənin sahibi olan tərcüməçilərin peşə bayramıdır.

1991-ci ildən bəri hər il sentyabr ayının 30-u Beynəlxalq Tərcüməçilər Günü kimi qeyd edilir. Bu tarix xristian dininin müqəddəs kitabı sayılan “İncil”i ilk dəfə latın dilinə tərcümə edən İeronim Stridonskinin vəfat etdiyi günlə bağlıdır. İyirmi yeddi ildir ki, tərcüməçilər günü müxtəlif devizlər altında qeyd olunur. Bu İllər ərzində "Tərcümə çoxdilliliyin və mədəni müxtəlifliyin əsasıdır", "Tərcüməçinin öz peşəsi və cəmiyyət qarşısında məsuliyyəti", "Dillər çoxdur, peşə bir", "Birlikdə işləyirik" və digər bu kimi sloqanlarla diqqət tərcümə işinə yönəldilib. Son illər Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, müsabiqələr peşəkar tərcüməçilərin hazırlanması məsələsini də aktuallaşdırıb ki, bu da kadr hazırlığı ilə məşğul olan müəssisələrin məsuliyyətini artırır.

Bu gün Azərbaycan Dillər Universitetinin Tərcümə və Mədəniyyətşünaslıq fakültəsində ingilis, alman, fransız, ispan, italyan, koreya dilləri üzrə tərcüməçilər hazırlanır. Tələbələrimiz yerli və beynəlxalq tədbirlərdə universitetimizi layiqincə təmsil edirlər. Mübaliğəsiz demək olar ki, bu gün ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərdə, səfirliklərdə, nazirliklərdə və digər müəssisələrdə, eləcə də müxtəlif səviyyəli tədbirlərdə dil sədlərini aradan qaldıran mütəxəssislərin əksəriyyəti Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin məzunlarıdır. Nə qədər ki, dünyada müxtəlif dillər var bir o qədər də tərcüməçilik, tərcüməyə dair kitablar, yeni tərcümələr olacaq. Tərcümə dünyanı tanımaq sənətidir, təcümə dünyaya açılan pəncərədir, tərcümə qəhrəmanının dilini onun özü kimi bilmək sevgisidir.

 





01.10.2018    çap et  çap et