525.Az

"Qarabağ problemini ölü nöqtədən çıxarmaq üçün real şans yarana bilər"


 

"Qarabağ problemini ölü nöqtədən çıxarmaq üçün real şans yarana bilər"<b style="color:red"></b>

Dağlıq Qarabağ münaqişəsnin nizamlanması prosesini surətləndirmək  üçün yeni imkanlar yarana bilər. Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin nizamlanmasına dair verdiyi ziddiyyətli bəyanatlara baxmayaraq, ekspertlər real danışıqlara başlamaq şansını müsbət qiymətləndirirlər.

Xüsusilə, Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının növbəti sammitində Prezident İlham Əliyevlə Paşinyanın ünsiyyəti bunu deməyə əsas verir.

Yuxarıda qeyd edildiyi kimi, Nikol Paşinyan dəfələrlə çıxışlarında və bəyanatlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatının dəyişdirilməsinin zəruriliyini vurğulayıb. O, gah Dağlıq Qarabağdakı separatçı rejimin tərəf kimi danışıqlar prosesində iştirakı etməli olduğunu vurğulayıb, gah da Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğunu deyib. Rəsmi Bakı təbii ki, bu bəyanatları kəskin pisləyib, bunu danışıqlar prosesinin pozulmasına yönəlmiş cəhd adlandırıb. Qarabağ tənzimlənməsi üzrə hazırkı format beynəlxalq səviyyədə qəbul edilib və məhz bu format dünya birliyi tərəfindən dəstəklənir.

Azərbaycan prezidenti İlham Əliyevlə Nikol Paşinyan arasında Düşənbə şəhərində keçirilən qısa təmasda erməni tərəfinin qeyri-konstruktiv ritorikası dəyişdi. Məlumata görə, görüşdə tərəflər danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər, belə olan halda Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların formatını dəyişdirməyə yönəlmiş cəhdlərə də son qoyulduğunu demək mümkündür. Nizamlanma üzrə danışıqlar əvvəllər olduğu kimi bundan sonra da Azərbaycan və Ermənistan arasında aparılacaq.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin açıqlamasında isə söhbət zamanı tərəflərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan və Azərbaycan sərhədində və təmas xəttində baş verən hadisələrin qarşısının alınması üçün atəşkəsi gücləndirməklə bağlı danışıqlar aparmağı qərara aldıqları vurğulanıb.

Mövzunu şərh edən politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycanın danışıqlar prosesində mövqeyi dəyişməz olaraq qalır: "Rəsmi Bakı heç vaxt danışıqlardan imtina etməyib və həmişə öz mövqeyini aydın şəkildə ifadə edib. Hansı ki, həmin mövqedə dayanıb və israrlıdır. Yəni Azərbaycanın Qarabağ məsələsində mövqeyi dəyişməyəcək". Onun sözlərinə görə, Bakının mövqeyi qanunvericilik bazasına, beynəlxalq hüququn normalarına tam uyğun gəlir və həmçinin, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnaməyə əsaslanır.

T.Abbasov qeyd edib ki, sərhədlərin toxunulmazlığı prinsipi bütün beynəlxalq sənədlərdə, o cümlədən, BMT-nin və digər beynəlxalq təşkilatların Nizamnaməsində dominant sayılır. Buna görə, bu məsələdə "top Ermənistan tərəfində idi". Onun fikrincə, nəzərə alsaq ki,  erməni siyasi ənənəsi bir tərəfdən digər tərəfə atılan, ziqzaqa bənzərdir, o halda Ermənistanın siyasi elitası daxili problemlərə diqqət yetirməyə məcburdur. Faktiki olaraq həmin elita beynəlxalq səviyyədə də təşəbbüs göstərərək, Azərbaycanla olan münaqişənin həlli kontekstində həssaslıq göstərir: "Etiraf etmək lazımdır ki, Nikol Paşinyanın hakimiyyətə  gəlməsi ilə çox az şey dəyişib. Əslində, Paşinyanın və tərəfdarlarının çox yüksək dəyər verdiyi böyük küçə dəstəyi əhəmiyyət daşıyır. Söhbət Paşinyanın özünün sosial bazanın etibarını qazanmasından gedir. Ancaq unutmamalıyıq ki, erməni gerçəyində kobud qüvvə faktoru da nəzərə alınmalıdır. Buna görə də  vəzifəyə gəldikdən sonra yaranan  yeni şərtlər də baş naziri hər zaman ehtiyatla hərəkət etməyə məcbur edir". Politoloq deyib ki, bir vaxtlar Ermənistanda "Qarabağ klanı"na güclü təzyiq var idi və bu da Qarabağ məsələsində İrəvanın rəsmi mövqeyinin dəyişməməsində əsas rol oynayıb: "Yerevan həmişə status-kvonun saxlanmasına nail olmağa çalışıb.  Ancaq indi Paşinyan çox gözəl başa düşür ki, status-kvonun saxlanılması məsələsi Ermənistan və onun hakimiyyəti üçün fəlakət ola bilər. Çünki dünyada, xüsusilə, bölgədə vəziyyət mütamadi olaraq dəyişir. Əslində, rəsmi İrəvanın seçdiyi yol yalnız Ermənistanın özü üçün deyil, həm də region ölkələrinin maraqlarına qarşı yönəlib. Söhbət Türkiyə, Rusiya, İran, Gürcüstan kimi ölkələrdə gedir".

T.Abbasovun sözlərinə görə, Ermənistan özünü oyundan kənarda qoyur, eyni zamanda da digərlərinə uzunmüddətli planlaşdırma üçün normal şəkildə imkanlara baxmaq şansı vermir. Politoloq hesab edir ki, baş nazir Paşinyana digər erməni siyasətçiləri kimi məlumdur ki, Dağlıq Qarabağ problemini həll etmədən Ermənistan düşdüyü staqnasiya vəziyyətindən çıxa bilməyəcək: "İndi, prinsipcə, Ermənistan cəbhədəki təxribatlara yönəlmiş siyasətindən əl çəksə, praqmatik bir siyasət aparsa, yeni regional mühit yarana bilər. Hesab edirəm ki, hazırda Dağlıq Qarabağ problemini nəhayət ölü nöqtədən tərpətmək üçün danışıqların bərpası istiqamətində yeni real şanslar yarana bilər".

PƏRVANƏ

 





02.10.2018    çap et  çap et